​“Bizi icra başçısı Mehdi Səlimzadənin zülmündən xilas edin” – SAHİBKARLAR PREZİDENTƏ ŞİKAYƏT ETDİ

Baxış sayı:
5450

“İcra başçısı Mehdi Səlimzadənin göstərişləri ilə dəfələrlə bizə qarşı hücumlar təşkil olunub”

“Fəaliyyət göstərdiyimiz “Göyçay-Avtonəqliyyat” ASC və “AVA-N” MMC-yə (kənd təsərrüfatı bazarı) qarşı artıq 7 aydan çoxdur ki, Göyçay RİH-nin Başçısı Mehdi Səlimzadə, Göyçay Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mahir Abdurrahmanov, Göyçay Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən  Səhliyar Mikayılov və digər yerli qurumlar bizim sərbəst sahibkarlıq fəaliyyəti ilə məşğul olmağımıza imkan vermirlər”.
Muxalifet.az xəbər verir ki, bu barədə 200-dən çox sahibkar adından ölkə başçısına edilən müraciətdə bildirilir. Müraciətdə daha sonra qeyd olunur:
“Cənab Prezident İlham Əliyev!
İcra başçısı Mehdi Səlimzadənin göstərişi ilə dəfələrlə bizə qarşı hücumlar təşkil olunub və qarşıdurma yaratmağa cəhd edilmişdir. Faktiki olaraq Mehdi Səlimzadə bizim və ailəmizin  taleyi ilə də oynamaqdan çəkinmir. O və ona tabeçilik göstərən yerli məmurlar Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, böhtan xarakterli tələblərlə çıxış edərək, bizim dolanışıq yerimiz olan bazarın fəaliyyətinə son qoymağı qərara alıblar. Artıq bu barədə şifahi xəbərdarlıqlar çatdırılır ki, “bizə qarşı gəlsəniz, hamınızı həbs edəcəyik”.
Deyilənlərə inanırıq! Çünki, indiyədək Göyçay rayonunda hər cür pisliyə imza atmış M. Səlimzadə nəinki bizi həbs etdirər, hətta güllələdər də! Amma onlar da bilsinlər ki, biz sahibkarlar da ailəmizin çörəyini hansısa harınlamış məmurlara güzəştə getmək niyyətində deyilik. Odur ki, bizə arxa-dayaq durmağı, qayğımıza qalmağı və ən əsası bizi Mehdi Səlimzadə zülmündən xilas etməyi Sizdən artıq dərəcədə xahiş edirik”.
Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.