Bizdə şəkər xəstələrinin sayı niyə arıb? – Həkimdən xəbərdarlıq

Baxış sayı:
14287

Xəbər verdiyimiz kimi, Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı artıb. 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrin sayı 255 470 olub. 

Bu say 2017-ci ildə 243 226, 2015-ci ildə 209 377, 2010-cu ildə 121 095, 2005-ci ildə 55 713 nəfər olub. 2018-ci ildə ölkədə 24 774 nəfərə ilk dәfә şəkərli diabet diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 9 825 olub. 2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 117,2-nə ilk dəfə şəkərli diabet diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu say artraraq 252,3 olub. Ölkədəki şəkərli diabet xəstələrinin 224 607-i insulindən asılı olmayan, 30 863-i insulindən asılı xəstələrdir.

Bəs görəsən, bu artımın səbəbləri nələrdir? Mövzu ilə bağlı tanınmış həkim Vasif İsmayıl “Yeni Sabah”a danışıb. O, şəkərli diabet xəstələrinin sayı artmasını bu sözlərlə izah edib:

“Bu artım qidalanma ilə bağlıdır. Bəli, Azərbaycanda qidalanma, kalori artdı. Ona görə də çoxalıb. Əvvəllər başqa cür qidalanırdıq və ölkədə şəkər xəstələrinin sayı az idi. Məsələn, əvvəllər çoxlu kola içmirdik, enerji içkiləri qəbul etmirdik. Amma indi bu içkilərdən çoxlu qəbul edirik və bunlar da şəkər xəstəliyinə gətirib çıxarır”. 

Tanınmış həkim insanların necə qidalanması ilə bağlı da məsləhətlərini dilə gətirib:

“Mən həmişə belə söyləyirəm, 150-200 il əvvəl nə yemişiksə, onu davam etməliyik. İndiki qidaların bir çoxu zərərlidir, şəkər xəstəliyi yaradır. Burada “Fastfood”ları da qeyd edərdim. Hazırda insanların çoxu, xüsusilə də gənc nəsil belə qidalara üstünlük verirlər, çox yeyirlər. Həmin insanlara deyərdim ki, belə qidalardan uzaq dursunlar”.