"Biz öz tarixi torpaqlarımızı istəyirik..." - QAFAR ÇAXMAQLI

Baxış sayı:
688

TRT\Azerbaycan saytı İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökuməti ilə bağlı sözügedən hökumətin Millət Şurasının sədri, Kayseri Erciyez Universitetinin professoru, ermənişünas alim  Qafar Çaxmaqlıdan müsahibə alıb. Muxalifet.az müsahibəni oxucularına təqdim edir.
- Niyə İrəvan Türk Cümhuriyyəti (İTC) adlı mühacir hökuməti yaradıldı? İdeyası və məqsədi nədir? Qərargahı haradadır?
- Əslində bu məsələ daim cəmiyyətdə diqqət mərkəzində idi. Bu ideya başqa adlarla var idi, xüsuilə də Qərbi Azərbaycan İrəvan Hökuməti olaraq. Həmişə bu ideyanı reallaşdırmaq üçün cəhdlər olub ki, Qərbi Azərbaycan hökuməti yaradılsın. Amma bir çox səbəbdən bunu reallaşdırmaq mümkün olmamışdı. Son illər bir qrup ziyalı Azərbaycan və Türkiyədə bunun müzakirələrini aparırdıq və nəhayət, 2020-ci ilin 9 may tarixində onu qədim sərhədləri əsasında İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökuməti adı ilə yenidən quraraq Türkiyədə elan etdik. Mərkəzi qəragah 2-dir, biri Ankarada, biri Bakıda. Bu da o deməkdir qərarlar əsasən bu iki paytaxtda veriləcək. Ağırlıq Azərbaycandadır. Çünki Qərbi Azərbaycan (İrəvan) əhalinin kompakt yaşadığı hissələr daha çox Azərbaycandadır. Hələ ki, əsas mərkəzi qərargah Ankaradadır. Dağlıq Qarabağla bağlı iddiaların nə şəkildə olduğu məlumdur. Hələ də bu torpaqların 4 rayonu işğal altındadır. Çirkin nəfsləri Qarabağda ikən ermənilər Naxçıvana da iddialar qaldırıblar. “Gəncəbasar bizimdir” deyir və bu sahədə çox geniş fəaliyyət göstərirlər. 1921-ci ildə bağlanan Qars müqaviləsinin ləğvi ilə bağlı indidən bir petisiya keçirməyə başlayıblar. Dünyanın hər yerinə yayıblar ki, bu müqavilə ləğv edilməli və sonra Naxçıvan Ermənistana keçməlidir. Guya o müqavilədən əvvəl Naxçıvan Ermənistanın ərazisi olub. Hələ əvvəlki illəri yox, 1988-ci ildəki proseslərə baxsaq, bu dövrdə indiki Ermənistanda qalan İrəvan (Yerevan) və ətraf rayonlarımızdan 300 minə yaxın əhali yerindən-yurdundan olub, Azərbaycan respublikasına, Türkiyəyə və başqa yerlərə səpələnib. Bunların bir haqqı, hüququ, gələcəkdə hansı vəziyyətdə olacağı ilə bağlı cəmiyyətdə çox ciddi narahatlıq var. Bizim İrəvan Türk Cümhuriyyətini elan etməyimizin əsas səbəbi erməni təcavüzkarlığı, işğalı və Azərbaycan torpaqlarına iddialarına cavabdır. Biz də düşündük ki, əgər bunlar Azərbaycan torpaqlarının içərisində qondarma rejim qururlarsa, niyə biz öz haqlarımızı tələb etməyək? Bu ərazilərdə ermənilərin heç bir zaman dövləti olmayıb. Amma bizim Qərbi Azərbaycan, indiki Ermənistan içərisində tarixən dövlətimiz olub ki, bu İrəvan xanlığıdır. 1828-ci ildə İrəvan Rusiya tərəfindən işğal olunduqdan sonra şüurlu və mərhələli şəkildə bu Azərbaycan torpağına ermənilərin köçürülməsi başlanılıb. Yəni 1918, 1920, 1947-ci il qanunlarının ləğvi, təkcə 1988-ci ildə 300 min azərbaycanlının öz tarixi dədə-baba ərazilərimizə qayıtmaq fikrini həmişə cəmiyyətin içərisində ayaqda tutmaq, hər zaman diqqət mərkəzində saxlamaq, orada yaşamaq və istənilən vaxt o yerlərə dönmə haqqımızı əlimizdə saxlamaq üçün İrəvan Türk Cümhuriyyətini mühacirət hökumətini qurduq. Hökuməti qurdunsa, onu hüquqi cəhətdən əsaslandırmaq lazımdır. Biz də bunu etdik və edirik. Digər tərəfdən ermənilərin Azərbaycan torpaqlarına və Türkiyənin Şərqi Anadolu ərazilərinə iddialarına qarşı daha sərt, hüquqi və anlamlı ideya meydana qoyuruq ki, əgər sən bu ərazilərə iddia edirsənsə, biz də öz tarixi torpaqlarımızı istəyirik. Bu ideyanın gerçəkləşdirmək istəyinin başqa aspektləri də var. Bölgədəki geosiyasi vəziyyət, dünyada gedən proseslər, insan haqları ilə bağlı məsələlərin hamısı bizim elan etdiyimiz respublikanı beynəlxalq müstəviyə çıxaracaq.
- İrəvan Türk Cümhuriyyətinin (İTC) strukturu necədir?
- Mühacir hökumətimiz 40 nəfərdən ibarət təşəbbüs qrupu tərəfindən yaradılıb ki, hal-hazırda bu, Təşkilat Komitəsi adlanır. Komitə parlamenti əvəz edir. Strukturu 14 deputatdan ibarət olacaq Dövlət Şurasıdır. Qanunvericilik, hüquq, sosial, mədəniyyət və başqa sahələr üzrə ayrı-ayrılıqda qurumlar yaradılıb ki, bunlar gələcəkdə nazirlik adlanacaq. Hələlik 14 ölkədə - Rusiya, İngiltərə, Ukrayna, Qazaxıstan, Hollandiya, Belçika, İspaniya, İsveç və başqa yerlərdə İrəvan Türk Cümhuriyyətinin təmsilçilikləri var.

- Dövlətin atributları olur: bayraq, gerb, himn və s.
- 2020-ci ilin may ayında keçirilən onlayn konfrans zamanı elan edilən İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökumətinin iyul ayında dövlət bayrağı və gerbi qəbul olundu. 4 İyul – İrəvan Türk Cümhuriyyətinin Bayraq Günü kimi təsdiqləndi. Üç rəngli bayrağımızda qırmızı daha çoxdur. Bu qırmızı Qərbi Azərbaycan türklərinin faciələrinin miqyasını ifadə edir. Təbii ki, mavi rəng bu yerin insanlarının Azərbaycan türkü olmasının, yaşıl isə İslamın simvoludur. Aypara və səkkizguşəli ulduz isə Azərbaycan Respublikasının bir parçası olduğuna işarədir”. İrəvan Türk Cümhuriyyətinin gerbi isə girdə qalxan formasındadır. Gerb qartal qanadlarının üzərindədir. Qartal qanadlarının seçilməsi iki səbəbdəndir:
1. Ən qədim və böyük türk dövlətlərinin, o cümlədən Azərbaycan ərazisindəki imperiyaların bir çoxunun bayraqlarında qartal təsvir olunub;
2. Qartal canlılar içərisində ən yüksəkdə uçan və zirvələrdə yaşayandır. Bu da eyni zamanda gücün rəmzi hesab olunur.


İrəvan Türk Cümhuriyyətiningerbi qartal qanadları üzərində, yüksəklərdə, düşmənlər üçün əlçatmaz zirvələrdədir. Gerb dairəsi Azərbaycan Respublikasının bayrağına bənzər şəkildə tərtib olunub. Mərkəz və əsas hissəsi qırmızı rəngdədir, kənarları mavi və yaşılla əhatələnib. Mavi xətt sol tərəfdə aşağıdan yuxarıya doğru, yaşıl xətt isə sağ tərəfdə aşağdan yuxarıya doğru hərəkət edir. Hər üç rəngin yuxarı hissədə birləşmə yeri İrəvan xanlığına aid qədim bayraqlarda mövcud olub, hakimiyyət rəmzi olan romb fiquru ilə ümumi taca bənzər şəkildə birləşdirilib. Bu konfiqurasiya İrəvan xanlığının əsas, fərqli, özünəməxsus elementini ehtiva edir. Dairənin ortasında, qırmızı sahənin tam mərkəzində, aşağıdan yuxarıya doğru qədim türk-oğuz boylarının ümumi mental rəmzləri olmaqla yanaşı, müasir Azərbaycan Respublikasının və İrəvan Türk Cümhuriyyətinin bayrağında əks olunmuş aypara və səkkizguşəli ulduz təsvir olunub. Bu aypara və ulduz açıq qızılı rəngdədir. İrəvan Türk Cümhuriyyətinin himni isə yaxınlarda qəbul olunacaq. Bəstəkarı dəqiq Cavanşir Quliyevdir. Mətnin müəllifləri isə çox güman ki, iki şairə xanım olacaq. Bütün seçimlər səsvermə yolu ilə qəbul edilir.  
- İrəvan Türk Cümhuriyyətinin “Yol xəritəsi” necədir?
- 2021-ci ili İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökumətinin quruculuq ili elan etmişik. Türkiyə və Azərbaycan prezidentləri ideyanı isti qarşılayıblar. Bizi qəbul edəcəklər, ətraflı fikir mübadiləsi aparılacaq. BMT və bir sıra beynəlxalq təşkilatlara, o cümlədənxarici dövlətlərə İrəvan Türk Cümhuriyyəti ilə bağlı müraciətlər ünvanlanıb.Bəzilərindən “Məktublarınız qeydə alındı, nəzərə alınacaq, sizinlə əlaqə saxlanılacaq” kimi cavablar göndərilib. Hazırda qərbi azərbaycanlıların siyahıyaalınma prosesi gedir. Sayt təsis olunub. Sənədləşmə işləri aparılıb. Saytımız üzərindən davam edən siyahıyaalınma başa çatandan sonra onlara vətəndaşlıq veriləcək. Təkcə Qərbi Azərbaycanlılardan ibarət olmayan, özünü qərbi azərbaycanlı hiss edən bütün azərbaycanlılar və türkiyəlilər bu cümhuriyyətin vətəndaşlarıdır. İrəvan Türk Cümhuriyyətinin Mərkəzi Seçki Komissiyası yaradılıb, ümumi siyahıyaalma və pasportların verilməsindən sonra parlament seçkiləri nəzərdə tutulub. Parlament seçkilərində vətəndaşların sayı çox önəmlidir. Üstəlik, hansı əraziləri tam əhatə edəcəyik, hansıları yox, bu da önəmli nüansdır. Ümumi şəkildə bilirik ki, həmin ərazilərdən dağılmış, çıxmış insanların törəmələri 7 milyona yaxındır. Bu insanlar əsasən Azərbaycan Respublikasında, Türkiyədə, Güney Azərbaycanda, Rusiyada, Gürcüstanda yaşayırlar. Bu gün konkret olaraq İrəvan Türk Cümhuriyyətinin vətəndaşlığını qəbul edən, onun dövlət quruculuğunda bilavasitə vətəndaş kimi iştirak etmək istəyən, özünün, ata-anasının, babasının sənədlərini təqdim etməklə vətəndaşlıq alan insanlar nə qədər olacaq, bu da dəqiq deyil. Həmin insanların sayından asılı olaraq artıq parlamentdə deputatların sayı müəyyənləşəcək. Yəni 2021-ci il üçün əsas planlara bunlar daxildir. Təbii ki, təbliğat, təşkilatlanma, yerli strukturlarla bağlı Türkiyə, Azərbaycan, Rusiya, Avropa və Güney Azərbaycanda əslən Qərbi Azərbaycan ərazisindən olanlarla bağlı da müəyyən planlar var.
- İrəvan Türk Cümhuriyyətinin dövlət quruluşu hansı şəkildə olacaq?
- Hələ ki, parlament respublikası haqqında düşünülür. Hazırda bizdə əsas orqan Millət Şurasıdır. Amma bu, dəyişə bilər. Yəni, parlament, yoxsa prezident üsuli-idarəli respublika olması referendumla müəyyənləşəcək. Parlamentdə hökumət təyin olunacaq. Baş nazir seçiləcək, nazirlər təyin ediləcək. Demək olar ki, klassik struktur nəzərdə tutulub.
- Referendum və seçkilər hansı formalarda keçiriləcək?
- Qarışıq keçirilməsi nəzərdə tutulur. Biz Azərbaycandakı qərbi azərbaycanlıların sıx yaşadığı yerləri, sayını demək olar ki, dəqiq bilirik. Bu barədə çoxlu bədii, tarixi əsərlər də yazılıb. Həmin insanların çoxu da sağdır. Bizim əhalinin kompakt yaşadığı ərazilərdə əyani şəkildə, yəni həmin ərazidə keçirilməsi nəzərdə tutulub. Şərqi Anadolunun “azərilər” adlanan hissəsinin də böyük əksəriyyəti vaxtilə Qərbi Azərbaycandan köçənlərdir. İğdır, Qars, Ərdahan, Ərzurum kimi ərazilərdə sıx şəkildə yaşayırlar. Bu baxımdan yekunda məlum olur ki, Anadoludakı qərbi azərbaycanlıların sayı Azərbaycandakı qərbi azərbaycanlıların sayından heç də az deyil. Ortada kifayət qədər yüksək rəqəm var. Qərbi Azərbaycanla bağlı ideya burada fəaldır. Oranı daha da fəallaşdırmaq üçün Türkiyə cəmiyyəti mühüm rol oynayacaq. Ümumilikdə isə irəvanlıların çoxu bütün dünyaya dağılıb. Bu baxımdan həmin şəxslər üçün onlayn səsvermə təşkil olunacaq. İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökumətini geniş çevrədə tanıtmaq üçün bütün sosial internet şəbəkəsindən istifadə edirik. “Facebook”, “Youtube”, “WhatsApp” qruplarımız var.    
- İrəvan Türk Cümhuriyyətinin tanınması üçün Azərbaycan və Türkiyə hökumətlərinə müraciət ünvanlanıbmı?
- Bəli, məktub göndərmişik. Türkiyədən hörmətli prezident Rəcəb Tayyib Ərdoğanın katibliyindən bizə cavab gəlib. Qeyd olunub ki, “Bu məsələni Türkiyə tərəfi nəzərdə saxlayır, uyğun zamanda sizinlə əlaqəyə girib görüşmək fikrimiz var”. Türkiyənin ayrı-ayrı rəsmi strukturları da bu işdə maraqlı görünür. Azərbaycanda 2020-ci ilin yay aylarında parlamentdən məktub gəlib və qeyd olunub ki, prosesləri müşahidə və təqdir edirik, bəyənirik. Azərbaycan prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı müsbət düşüncədədir və görüşmək ümidindəyik.