"Biz əhalini hazırlamadan heç nə edə bilməyəcəyik" - ƏHMƏD QƏŞƏMOĞLU

Baxış sayı:
2148

Bildiyimiz kimi, ölkədə koronavirusa yoluxanların sayı kəskin artmaqdadır. Buna baxmayaraq, insanlarımızın əksəriyyəti yenə də bu xəstəliyin olduğuna inanımır. Bu səbəbdən də maska taxmır, sosial məsafə saxlamırlar və s. Bəs, insanlar  bu virusun olduğuna niyə inanmırlar, bunun səbəbləri nədir? “Hürriyyət”in bu və digər suallarına cavab almaq üçün tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu ilə söhbətləşdik.

– Mən bu səbəbləri 5 faktora ayırmışam. Səbəbin biri odur ki, koronavirus ortaya düşəndən  müxtəlif dillərdə sosial şəbəkələrdə bu koronavirusu şübhə altına qoyan, bunun siyasət naminə olduğunu deyən, yəni bunun bir oyun olduğunu camaata təbliğ edən çoxlu məlumatlar yayılır. İnsanlar bu məlumatları oxuyur, ondan sonra bu məlumatlara inanırlar.

İkincisi, ölkənin daxilində insanlarımız var ki, kafelərdə, restoranlarda, gözəlliik salonlarında işləyənlər, şou biznes nümayəndələri, mollalar ortada geniş təbliğat apardı. Mən özüm bunu sosioloq olaraq müşahidə edirdim. Onlar təbliğat apardılar ki, koronavirus boş şeydir. Çünki bunların bazarları qapanmasın.

Üçüncü faktor burada müəyyən xarici qüvvələrin həyata keçirdiyi texnologiyadır. Bu, müharibənin bir növüdür. Onlar istəyirlər ki, bizim ölkənin əhalisi inanmasın. Ona görə, xəstəlik çox yayılsın.

Dördüncü faktor ondan ibarətdir ki, ailə ortamında çoxlu qarşıdurmalar olur, bəzi insanlarımız dalaşırlar, evdə otura bilmirlər, tez özlərini küçəyə atırlar. Amma küçədə də davranmağın qaydasını bilmirlər. Bizim əhali bu barədə xeyli problemlər içərisindədir. Bu məsələlərə münasibət nadanlıq səviyyəsindədir. Mən özüm “Elmlər Akademiyası” metrosuna yaxın bir yerdə yaşayıram. Ələsgər Ələkbərov küçəsi ilə 20 nömrəli məktəbə qədər piyada gedirəm. Təsəvvür edin ki, biri sağa, bir sola tüpürə-tüpürə gedən, qucaqlaşan, nəfəs alıb, verənlər var.  Elə indi (dünən nəzərə tutulur – red.) həmin Ələsgər Ələkbərov küçəsindən keçib gəlmişdim. Bu da azmış kimi, Ələsgər Ələkbərov küçəsi 12-də böyük bir gölməçə əmələ gəlib. Evlərə gələn su orada partlayıb, deyirlər ki, “20 gündür bu, belədir.” Bu gölməçə bütün evlərə virus daşıyır. Mən soruşdum, dedilər şəhərin çox yeri belədir. Deməli, həm insanların özü davranmağı bacarmır, həm də uyğun strukturlar, xüsusilə su ilə işləyənlər bu sahədə hədsiz dərəcədə geri zəkalılıq edirlər və düşmənçilik səviyyəsində özlərini aparırlar. Ona görə, belə bir dövrdə çox diqqətli olmaq lazım idi. İndi bu istiqamətdə problemlərimiz çoxdur.

– Əhməd müəllim, insanların bu xəstəliyə inanması və özlərini və digər insanları da qorumaq üçün maska taxması, sosial məsafə saxlaması üçün nə etmək lazımdır?

– Əhalini maarifləndirmək lazımdır. Amma maarifləndirməyi 40 il bundan qabakı metodlarla həyata keçirmək olmaz. Mən bununla bağlı layihə də hazırlamışam. Bizim ictimai liderlər qrupu var, ora təqdim etmişəm. Orada bir neçə deputat, QHT rəhbərləri var. İndiki vaxtda maariflənmə elmi əsaslarla olmalıdır. Yəni 20 il bundan qabaqkı kimi yox. Biz bu dəqiqə bütün qeyri-hökumət təşkilatlarını, üzvlərini cəlb edə bilərik, küçədə  insanlara yaxınlaşar. Mən özüm bunu edirəm, soruşuram ki, bala nəyə etiraz edirsən. Bu, bir siyasət, iqtisadi aksiya deyil. Sənə deyirlər ki, sən xəstələnməklə, yüzlərlə adamı xəstələndirəcəksən, ölkəyə də zərbə vuracaqsan. Sən nəyə etiraz edirsən ki, maska taxmırsan, sosial məsafə saxlamırsan? Adam sanki nəsə qeyri-adi şey eşidir, üzümə baxır. Məsələn, mən təklif etdim ki, elə adamlara bir səhifəlik müraciət təqdim olunsun, oxusun, dəhşətləri hiss etsin. Tək bu, deyil. Mənim təqdim etdiyim layihədə 14-ə qədər tədbir var. Xüsusilə televiziyalarımız bu sahədə güclü işləməlidir. İkinci dünya müharibəsində bütün televiziya, radio, qəzet hamısı müharibə ilə bağlı səfərbər olunmuşdu. İndi bu koronavirus müharibədən betər bir şeydir. Amma bizim televiziyaları açırsan səviyyəsiz, primitiv, formal verilişlərdir. Sosial şəbəkələrdə, saytlarda epizodik  söhbətlərdir. Yəni bu sahədə çox ciddi, elmi əsaslarla hazırlanmış fəaliyyət proqramı olmalıdır. Mən təklif etmişəm ki, Operativ Qərargahın nəzdində ictimai rəyə nəzarət qrupu olsun. Əhalini hazırlamadan biz heç nə edə bilməyəcəyik. Əhali buna müqavimət göstərir. Əhali müqavimət göstərə-göstərə biz heç nəyə nail ola bilmərik. Bu istiqamətdə də lazımi savadlı, elmi əsaslara söykənən iş getmir, ölkədə bu iş yoxdur.

– Ancaq hökumət iyunun 21-dən iyulun 5-nə kimi yenə sms icazə sisteminə keçidlə  bağlı qərar qəbul edib, virusun yayılmasının qarşısını almağa çalışır…

– Qəti mümkün deyil. Mən idarəetmə elmi sahəsində mütəxəssisəm, dünyada da bu elm sahəsində inkişafı izləyirəm. İdarəetmə elmi deyir ki, qloballaşmanın sürətlə getdiyi, cəmiyyətin belə mürəkkəbləşdiyi bir vaxtda 20 il bundan qabağın metodları işləmir. 30, 50 il bundan qabaq adamlara deyəndə ki, “bunu et”, “bunu etmə”, edirdilər, etmirdilər. İndi adama deyəndə adam onu eşitmir. Amma sosial sistemin daxili potensialını hərəkətə gətirəsən ki, o potensial kömək etsin. Bizdə bu sahədə məmurların anlayışı yoxdur. Deyəndə də gözlərini döyürlər, elə bilirlər sən onlara nəsə  göstərmək istəyirsən ki, sən ondan savadlısan. Elə şey yoxdur. Şəxsən mən Əhmədin ehtiyacı yoxdur ki, kimsə desin bu, savadlıdır. Mənim Allaha şükür elmi məqalələrim dünyanın hər yanında çıxır. Amma bunlara deyirəm, ay bala, elm deyir ki, indi cəmiyyətin mürəkkəbləşdiyi vaxtda yeganə yol cəmiyyətin potensialını hərəkətə gətirmək yollarıdır. “Bunu et”, “bunu etmə” deməklə, mümkün deyil.  Deyirsən “bunu etmə”, mən dəfələrlə görmüşəm, insanlar bir balaca qapalı yerə girəndə maskanı tez atırlar,  sevinə-sevinə sanki kiməsə qalib gəlirlər. Metroda polisi döymüşdülər, onu qələbə kimi qeyd edirdilər ki, xalq qalib gəldi. Xalq nəyə qalib gəldi? Mən başa düşmürəm. Yəni nadanlıq var. Bu nadanlığı da ortadan götürmək üçün elmi metoda ehtiyac var. Amma bu elmi metod barəsində heç kim maraqlanmır, deyəndə də xoşlarına gəlmir.

– Azərbaycanda kifayət qədər alim var. Bu elmi metodları digər alimlər təklif etmir ki, dövlət bunları nəzərə alsın?

– O sahənin alimləri yox səviyyəsindədir, 1-2 nəfərdir. İndi adam akademik olanda o demək deyil ki, elmi metodu bilir. Hər hansı bir tarixçi alim adicə bir mərtəbəli evin sxemini cıza bilməz ki. Ona inşaatçı alim lazımdır. Bu sahədə Avropada 150 ildən artıqdır elm sahələri formalaşıb: sosialogiya, sosial idarəetmə, sosial psixologiya, sosial iş. Onlarca elm sahələri var ki, bu sahədə işləri aparmaq üçün bu elmlər formalaşıb. Amma bizdə bu sahədə  lazımi kadrlarımız yox dərəcəsindədir. Ən əsas odur ki, məmurlar başa düşmür ki, bunsuz mümkün deyil.

– Yeri gəlmişkən, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusun mövcudluğuna inanmayanların pandemiya xəstəxanalarında ictimai işə cəlb olunması barədə səslənən təklifə münasibət bildirərkən deyib ki, cəmiyyətdən təklif gəlsə və parlament qəbul etsə, hər şey mümkün ola bilər. Sizcə,  koronavirusun mövcudluğuna inanmayanların pandemiya xəstəxanalarında ictimai işə cəlb olunmasına ehtiyac varmı?

– Axı, belə mexanizmi qurmaq mümkün deyil. Çox adamın heç vecinə də deyil, “inanmıram da, getmirəm də” deyəcək. Sosiologiyada cəmiyyətdəki adamları 4 yerə bölürlər.  Birinci qrup hər hansı bir məsələyə 100% inananlar. İkinci qrup şübhə edənlər. Üçüncü qrup tamamilə buna etiraz edənlər. Dördüncü qrupda hər şeyə etinasız adamlardır. Bu, sosial bataqlıqdır. Hər şeyə etinasızdırlar. Bu sosial bataqlıqda olan insanlar o ictimai işə də həvəsli deyillər. Fərz edək ki, 50-si tapıldı, getdi, onunla iş aşmaz. Yenə deyirəm, həmin insanların sosial idarəetmə, sosial iş barədə anlayışları yoxdur, fəhmlə deyirlər, onu elmi əsasla demirlər ki. Yəni bu işləməz, vəziyyət çox kritikdir.

 – Əhməd müəllim, qeyd etdiniz ki, sosiologiyada insanları 4 qrupa bölürlər. Bizim cəmiyyətdə  pandemiyaya münasibətdə indi hansı qrup çoxluq təşkil edir? Sosial bataqlıqda deyilik ki?

Azərbaycanda 4 qrupun 4-ü də var. Tamamilə inananlar təəssüf ki, azdır. Şübhə, tərəddüd edənlər müəyyən qədərdir, az deyil. Amma eyni zamanda üçüncü qrup tamamilə nadancasına inanmır. Dördüncü, sosial bataqlıqda olanlar çox böyük qrupdur. Onların dünya veclərinə deyil.  Deyir, “əşi, məni Allah qoruyacaq”. Allah heç harada deməyib ki, “sən get özünü hara gəldi sox, mən səni qoruyacam”. Mən Quran-Kərimi  kifayət qədər dərindən öyrənmiş adamlardan biriyəm, orada elə şey yoxdur ki, “sən get, kefin nə istəyir et, mən səni qoruyacam”. İntəhası, Azərbaycanda sosial bataqlıq böyükdür. Amma hamısı orada deyil. O qrupdan da çıxmaq metodları var. O metodlar barədə bizim məmurların təsəvvürü yoxdur. Onlar elə bilir ki, “bunu etmə” deyəndə etməyəcəklər. Amma deyirəm, elm deyir ki, indiki dövr “et”, “etmə” metodu işləmir.  Yəni ağ, qara metodu işləmir. İndi ağla, qaranın arasında yüz dənə variant var.

Şamo EMİN,
Hurriyyet.org