“BİZ DÜNYA POLİSİ DEYİLİK!” – “Putin amerikalıların Almaniyanı tərk etməsindən çox məmnundur”

Baxış sayı:
1581

ABŞ Prezidenti Donald Tramp hələ dörd il bundan öncəki seçki kampaniyasının gedişində dəfələrlə söyləmişdi ki, Amerikanın mənasız münaqişələrdəki iştirakına son qoyacaq. Trampın “İlk öncə Amerika” şüarının məğzi ABŞ hərbi qüdrətinin gücləndirilməsiylə yanaşı, proteksionist siyasət yürütməklə ölkə sənayesini və iqtisadiyyatını dirçəltməkdən ibarətdir.

Yəni, bildirilirdi ki, bundan sonra ABŞ başqalarını deyil, özünü fikirləşəcək. Əslində, Tramp verdiyi vədləri yerinə yetirməyə çalışır. ABŞ Prezidenti müdafiə xərclərinin səmərəli istifadəsini və hərbi texnikanın modernləşdirilməsi proqramının vacibliyini önə çəkir. Unutmaq lazım deyil ki, uzun illər ərzində ABŞ NATO-nun əsas xərclərini öz üzərinə götürmüşdü.

Hazırda ABŞ iqtisadiyyatı heç də yaxşı günlərini keçirmir və onun üçün ölkə sərhədlərindən uzaqlarda qoşun birləşmələri saxlmaq əvvəlki kimi asan başa gəlmir. Bəlkə də Trampın apardığı siyasətin əsası buradan qaynaqlanır. Məlum olduğu kimi, ABŞ prezidenti Almaniyadakı əsgər sayının azaldılacağını elan edib. Bu isə o deməkdir ki, Avropa ölkələri yaxın zamanda ehtimal etmədikləri yeni reallıqla üzləşəcəklər.

Donald Tramp bu yaxınlarda “West Point” hərbi akademiyasının məzunları önündə çıxışı zamanı bildirib ki, artıq Amerika özgə münaqişələrdə iştirak etməyəcək. O, deyib: “Biz bu hərbi formanı geyən və xalqımıza cəsarətlə xidmət göstərən hər bir vətəndaşa minnətdarıq. Qanlı müharibədə mübarizə apararaq qalib gələn insanları məhz bu məktəb yetişdirib. Məhz “West-Point” akademiyasının məzunları olan Makartur, Patton, Eyzenhauer və Bredli kimi görkəmli şəxsiyyətlər sayəsində 75 il bundan öncə Amerika qəddar nasistlər və imperialist faşistlər üzərində zəfər çalıb. Sizlərdən hər biri ordudakı öz karyerasını Amerika tarixinin həlledici anında başlayır. Biz əsas prinsipləri bərpa edirik. Burada amerikan əsgərinin qarşısındakı tapşırıq başqa dövlətin dirçəldilməsi yox, bizim milləti xarici düşmənlərdən müdafiə etməkdir, həm də qətiyyətlə müdafiə etməkdir. Biz sonu olmayan müharibələr erasını qurtarırıq. Bunun yerinə Amerikanın həyati vacib maraqlarına yeni və aydın baxış gəlir. Amerika ordusunun öhdəliyində hətta çox adamın adını eşitmədiyi uzaq ölkələrdəki qədim münaqişələrin həlli məsələsi dayanmır. Biz dünya polisi deyilik. Uzun illər ərzində aparılan müharibələr nəticəsində büdcənin tükənməsi və hərbçilərin azaldılması baş verib. Amma biz sözsüz ki, Yer kürəsinin ən möhtəşəm döyüş gücünə 2 trilyon dollar sərmayə yatırmışıq. Biz yeni gəmilər tikirik, bombardmançı təyyarələr, reaktiv qırıcılar, yüzlərcə vertolyotlar, yeni tanklar, hərbi peyklər və raketlər hazırlayırıq. Hətta indi bizim dünyadakı ən iti sürətli raketdən 17 dəfə artıq sürətlə uça bilən hipersəs raketlərimiz var”.

Trampın mövqeyi və bunun yarada biləcəyi fəsadlar Avropa dövlətlərini narahat etməyə başlayıb. Bu mövzuyla əlaqədar İsveçin “Dagens Nyheter” qəzetinin “Trampın Almaniyadan geri çəkilməsi Avropa və ABŞ-ın möqeyini zəiflədir” başlıqlı məqaləsində deyilir ki, Prezident Tramp NATO-ya rişxəndlə yanaşaraq, ona köhnəlmiş təşkilat kimi baxır. Amma o, amerikan əsgərlərinin Almaniyadan çıxaracağı planı ilə istehzadan sabotaja keçir. Analitiklərin fikrinə görə, Tramp bu hərəkətiylə Merkelin ABŞ-da keçiriləcək “G7” zirvə görüşünə getməkdən imtina etməsinin qısasını alır.

“Dagens Nyheter” daha sonra yazır: ”Ağ Ev Administrasiyasının Almaniyadakı hərbi kontingentin şəxsi heyətinin sayını 35 min nəfərdən 25 min nəfərədək azaltması niyyəti heç də təəccüblü deyil. Həm də bu qərarın Beriln, Pentaqon və ya republikaçı konqresmenlərlə məsləhtləşmə aparmadan verilməsində də təəcüblü bir şey yoxdur. Şübhəsiz ki, burada məntiq var. Tramp qoşunları Əfqanıstan və İraqdan çıxarmaq istəyir ki, bu da seçkiqabağı kampaniyanın gedişində ona xeyir gətirməlidir. Həmçinin, Tramp dəfələrlə Almaniya və NATO-nun digər üzvlərini müdafiəyə kifayət qədər vəsait ayırmamaqda günahlandırıb və indi o, amerikalıların Almaniyadan çıxmasını bununla izah edir. 2014-cü ilin NATO sammitində qarşıya məqsəd qoyulmuşdu ki, yaxın on il ərzində müdafiəyə çəkilən xərclər ölkələrin Ümumi Daxili Məhsulunun 2%-ni təşkil etməlidir. NATO ölkələrinin əksəriyyəti, o cümlədən də Almaniya hərbi xərcləri həmin səviyyəyə kimi artırmaqdan hələ xeyli uzaqdır.

Əgər həqiqətən də 10 min əsgər Avropanı tərk edərsə, onda bu, qorxulu siqnal olar. Belə olan təqdirdə, Avropanın təhlükəsizliyinin amerikalıları maraqlandırmaması şübhəsi yaranar. Digər tərəfdən isə Trampın nə deməyindən asılı olmayaraq, ABŞ güclərinin əsas işi Almaniyanın qorunması yox, ABŞ-ın maraqlarının təmin edilməsidir. Belə ki, Almaniyadakı Ramşteyn hərbi hava bazası Yaxın Şərq və digər qaynar nöqtlərin yolu üzərindəki logistik qovşaqdır. Döyüşlərdə yaralanmış amerikalılar məhz Landştuledəki hərbi hospitala gətirilir.

Əlbəttə, ABŞ bazalarını Polşaya da yerləşdirmək mümkündür. Onların milli-mühafizəkar hökuməti “Fort-Tramp” bazası formalaşdırmağa şad olar. Lakin bu, NATO-nun Rusiyaya verdiyi vədi pozar.

Vladimir Putin amerikalıların Almaniyanı tərk etməsi kimi bir hədiyyədən xeyli məmnundur. Deməli, baş verənlərdən belə nəticə də çıxarmaq mümükündür: Avropanın taleyi ABŞ-ı narahat etmir.

Tramp həmişə “İlk öncə Amerika” deyir, lakin o, İkinci Dünya Müharibəsindən sonra siyasi-hərbi alyansların ABŞ-ın iştirakı ilə hansı rol oynadığını anlamır. Buradakı mahiyyət təkcə açıq münaqişə zamanı yardım almaq yox, vahid cəbhədən çıxış edərək, müharibədən necə qaçmağın mümkünlüyünü göstərir. Amerikan kontingentinin 75 il ərzində Almaniyada məskunlaşması bu sistemin bel sütununu təşkil edib. Amerika olmasa NATO yaşaya bilməz”./azpolitika.info