​"Biz də yaxşı yaşamaq istəyirik... bizə də ev versinlər" – SÖKÜLƏN BİNANIN SAKİNLƏRİ ETİRAZ EDİR

Köhnə çərçivəli pəncərənin üzərinə prezidentin və həyat yoldaşının portreti və altında "Prezident İlham Əliyev, biz sizə güvənirik!" çap edilmiş ağ kağız yapışdırılıb.
Burada, Keykab Səfərəliyeva, 25 ünvanında dördüncü aydır ki, sakinlər evin sökülməsini gözləyir.
Bina köhnə yataqxana olduğuna görə mənzillərə çevrilmiş sahələr çox kiçikdir - 11 kvadratmetrdən tutmuş ən böyüyü 44 kvadratmetrədək olmaqla.
“Azəravtoyol” ASC tərəfindən söküləcək bu mənzillərə hesablanmış kompensasiya sakinləri qane etmir. Sakinlər bundan narazıdır və binadan çıxmayacaqlarını deyirlər.
Dəmir yolu vağzalından piyada on beş dəqiqəlik məsafədə olan bu beşmərtəbəli bina, hündür yeni tikili binalar arasında itib-batır.
İlk üç mərtəbəsində müxtəlif şirkətlər icarəyə yer alıb, dördüncü və beşinci mərtəbələr isə yaşayış sahələridir. Burada səksən altı ailə yaşayır.
Çoxu keçmiş tramvay və trolleybus parkının işçiləridir. Evi son illərdə alanlar və məcburi köçkün ailələri də var.
"Əvvəl dedilər ki, yol tikiləcək, sonra deyirlər, abadlıq işləri aparılacaq, - evin sakinləri danışır, - Amma burada heç yol tikmək üçün yer də yoxdur: bir tərəfdən Müasir İnnovasiya litseyi yerləşir, qarşıda altı yeni tikili bina var - yol tikilirsə, deməli, onlar da sökülməlidir".
"Yanımızda Layihə İnstitutu yerləşir, o, dövlət qurumudur, təbii ki, onları köçürürlər. Qapı-pəncərələri sökəcəklər, işıq-qaz xətlərini də kəsəcəklər. Bəs bizim taleyimiz necə olacaq? Qorxuruq ki, qışın günündə biz də işıqsız-qassız qalarıq - binanın sakini Çinarə Quliyeva deyir - İndi ikinci təklif gözləyirik. Bildirişdən başqa da heç bir sənəd verməyiblər".
Quliyevlərin səliqəli xudmani iki otaqlı mənzili hələ ipotekadadır. "Bunun iyirmi minini hələ ödəməliyik, - Çinarə Quliyeva deyir, - hələ iki dəfə əsaslı təmir eləmişik, bahalı materiallar almışıq. Indi də bizə bu mənzil üçün 46 min manat təklif edirlər. Buna xərclədiyimiz məbləğ qat-qat artıqdır. Elə ailə var ki, cəmi 18 min manat təklif ediblər onlara. Bu insan harada getsın mənzil alsın?".

"Cavabsız" məktublar... "Prezidentin xəbəri yoxdur"

 
Evin digər sakini İsmayılova Mətanət dəfələrlə Prezident Administrasiyasına müraciət etdiklərini deyir: "Məktublarımıza cavab gəlməyib. İcra hakimiyyətinə də getmişik, dedilər, həll edərik məsələnizi. Mənim evim cəmi 18 kvadratdır, 32 min pul verirlər. 32 minə ev almaq olar? Nə qədər axtardım, tapa bilmədim. Heç olmasa, ya bizə bu sahədə ev versinlər, ya da ki 50 kvadratdan hesablasınlar pulumuzu".
Bəzi sakinlər düşünürlər ki, binanın sökülməsi heç də dövlət layihəsi deyil, bəlkə elə özəl şirkət yeni ev tikmək niyyətindədir.
Evlər kiçik olsa da, hərəsi özü üçün şərait yaratmağa, təmir etməyə çalışıb.
Ələkbərova Şüşəxanımın otuz il yaşadığı evin mətbəxi heç yoxdur, dəhlizdə özü üçün şərait yaradıb, soyuducu alıb: "Xörəyi də qıraqda, tokda bişirirəm".
Bu kiçik mənzilə cəmi 20 min manat təklif edirlər. Şüşəxanım son ümidinin prezidentə olduğunu deyir:
"Prezidentin bunlardan xəbəri yoxdur. Prezidentin adından istifadə eləyirlər. Prezident hər vaxt vətəndaşa kömək eləyib, xidmət eləyib. Baxır bizə prezident, yüz faiz razıyıq. Amma bu gələnlər deyir, hökmən köçməlisiniz".
Elman Qarayevin otağı binanın ən balaca məkanına oxşayır. Cəmi 11 kvadratmetrlik təmirsiz otaqda keçmiş tramvay-trolleybus parkının işçisi Elman müəllim özü, həyat yoldaşı və əsgərlikdən təzəlikcə qayıdan oğlu yaşayır.
Pəncərənin önündə Azərbaycanın bayrağı asılıb, amma nə normal mətbəxi, nə çarpayısı, nə paltar saxlamaq üçün dolabı olan evin sahibi yalnız iyirmi min manat pul alacağını söyləyir: "O vaxt dedilər, hələlik burada yaşayın, sonra ev verərik. Vermədilər..."
Enli dəhlizin sonunda azı 15 kvadratlıq otaq var. Bir küncündə üstünə boş karton qutular yığılmış dolablar, o birisində köhnə qaz sobasının üstündə tənha şorba ilə qazan qaynayır.
"Bu, bizim ümumi mətbəximizdir , - sakinlər deyir , - Amma nə buranı, nə dəhlizləri hesablamayıblar. Hesablasaydılar , hərəmizə azı əlli kvadrat düşür ".
Mənzilləri balaca olsa da, sakinlər bu rayondan getmək istəmirlər: "Şəhərin demək olar ki, mərkəzidir, - evin sakini deyir, - Həm uşağım yaxınlıqda Elitar qimnaziyada oxuyur, həm özüm Nəsimi rayonunda uşaq bağçasında işləyirəm. Bizə verdikləri pulla hara gedəcəyik? Kimin evində körpə uşağı, kimin xəstəsi var".

"Onların hamısı bizim vətəndaşlarımızdır"

Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, sakinlərin qaldırdığı məsələni həll etməyə çalışırlar.
"Bu gün də biz evin sakinlərini qəbul etmişik, çalışarıq bu məsələni həll edək. Onların hamısı bizim vətəndaşlarımızdır, biz onları aciz və köməksiz vəziyyətdə atmarıq".
Binada yaşayan qaçqın və məcburi köçkün ailələrinə Nazirlər Kabinetinin sərəncamına əsasən dövlət tərəfindən ev təqdim ediləcəyini deyən Anar Nəcəfliyə görə, həmin sahədə abadlıq işləri aparılacaq və ona görə də binanın sökülməsi vacibdir.
"Biz hətta iki dəfə qiymətləndirmə aparmışıq və həmin sahə üzrə bir kvadrat metrin qiyməti 1500 manat məbləğində müəyyən edilib".
Mətbuat şöbəsinin rəhbəri “Azəravtoyol” ASC-ni "bu məsələdə səlahiyyət daşımayan icraçı qurum" adlandırıb: "Pulları biz ödəmirik, biz yalnız söküntü ilə məşğuluq".
Quliyevlər ailəsi tərəfindən cəlb edilmiş mülkiyyət məsələləri üzrə ekspert, vəkil Emin İsayev isə bunları deyib: "Qanun üzrə, bina söküləndə, bütün sənədlər ev sakinlərinə təqdim olunmalıdır: sifarişçi kimdir, hansı layihə üzrə söküntü işləri aparılır, kim tərəfindən aparılır, ev sakinlərinə kompensasiyalar kim tərəfindən ödəniləcək, qiymətləndirmə aktı təqdim olunmalıdır".
Keykab Səfərəliyeva, 25 ünvanındakı binanın sakinlərinə isə “Azəravtoyol” ASC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış JEK-dən arayış formasını xatırladan yarım vərəqdəki bildirişdən başqa heç bir sənəd təqdim edilməyib.
Vəkilin dediklərinə görə, yalnız dövlət ehtiyacları üçün təhvil alınan torpaq sahələri razılıqsız alına bilər, bu məsələdə isə mütləq evi sökən qurum bütün sakinlərlə razılığa gəlməlidir.
Razılığa gəlinmədiyi halda isə sakinlər məhkəməyə müraciət edə bilərlər. "Bu sahədə kvadratmetri 1500 manatdan hesablamaq yolverilməzdir", - vəkil belə şərh verib.
Quliyevlər ailəsi qiymətləndirmənin düzgün aparılmamasının sübutu üçün, müstəqil ekspertə - "Əmlak Ekspert Servis " MMC-yə müraciət ediblər.
"Onların verdiyi rəyə əsasən mənzilimizin bazar qiyməti 75000 manatdır ", - Çinarə Quliyeva deyir(BBC).