"Biz Azərbaycandan güzəşt mesajı istəyirik" - ERMƏNİ NAZİR

Baxış sayı:
2971

Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan BBC News-un "Hard Talk" (Çətin söhbət) proqramında Stephen Sackur-un qonağı olub.
O, Ermənistanda hakimiyyət dəyişikliyi, islahatlar, daxili və xarici siyasət, Dağlıq Qarabağ və bir sıra digər məsələlər ətrafında suallara cavab verib.
Muxalifet.az "BBC News Azərbaycanca"ya istinadən Zohrab Mnatsakanyanla müsahibənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsinin mətnini təqdim edir:

- Dağlıq Qarabağ münaqişəsiylə bağlı hökumətinizin yeni ideya təklif etdiyinin şahidi olmamışam.
- İnqilabdan sonra belə bir sual ortaya çıxdı ki, xarici siyasətlə bağlı prioritetlərimiz nə olacaq? Bizim xarici siyasətlə bağlı prioritetlərimiz dəyişməz qalır. Bu, Ermənistan daxilində milli təhlükəsizlik arxitekturasının qorunub saxlanmasından ibarətdir.
Dağlıq Qarabağ Ermənistan üçün, xalqımız üçün ciddi təhlükəsizlik məsələsidir. Bizim üçün bu, ilk növbədə 150 000 soydaşımızın təhlükəsizliyi məsələsidir.
Hökumətimiz heç tərəddüd etmədən prosesə cəlb olunub. Biz bu işlə konstruktiv şəkildə məşğuluq. Biz sülh istəyirik, sülhə nail olmaq istəyirik. Lakin biz istəyirik ki, ağılabatan bərabərlik təmin olunsun.
Biz məntiqli davranırıq, biz əsas prioritetimiz olan Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və statusu məsələsi ilə məşğuluq.
- Siz mənə deyirsiniz ki, sülh istəyirik. Onda mənə izah edin, niyə avqust ayında, cəmi bir neçə ay öncə, Baş nazir özünün önəmli çıxışı zamanı qətiyyətli ifadələrlə bəyan etdi ki, Qarabağ Ermənistandır, nöqtə. Deyirsiniz, o, sülh istəyir?
- O, sülh istəyir, çünki Baş nazir bildirib ki, bizim əldə etməli olduğumuz həll yolu Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.
İndi biz Azərbaycandan bizim maraqlarımızla üst-üstə düşən və Dağlıq Qarabağ xalqının təhülkəsizliyini nəzərə alan mesaj gözləyirik. Onlar bunu etməkdən imtina edirlər.
- Səmimi deyim ki, Baş nazir "Qarabağ Ermənistandır, nöqtə" deyəndə yaxşı bilir ki, bu, beynəlxalq qanunlara, BMT-nin mövqeyinə və bütün beynəlxalq müstəqil agentliklərin mövqeyinə ziddir. Mən bunun sülhə yönəlmiş jest olduğunu görməkdə çətinlik çəkirəm, xüsusilə də ona görə ki, onun kütlə qarşısındakı həmin çıxışı birləşmək barədə millətçi şüarlarla müşaiyət olunmuşdu - bu cür çıxışlar 80-90-cı illərdə Azərbaycanla müharibə vaxtı eşidilirdi. Sizsə mənə deyirsiniz ki, (gülür) Baş nazir sülhə nail olmaqda israrlıdır?
- Mən sizə bunu deyirəm, Panerməni gündəliyi Dağlıq Qarabağı əhatə edir. Ermənistan konsolidasiya siyasətini davam etdirir və bu, Dağlıq Qarabağ xalqını kənarda qoymur. Ermənistan inkişaf gündəliyinə, konsolidasiya gündəliyinə sadiqdir və bu, Dağlıq Qarabağ xalqını kənarda qoymur. Bu, panerməni gündəliyidir və o, təkcə Ermənistan Respublikası daxilində yox, dünyanın hər bir yerində yaşayan ermənilərə aiddir.
- Lakin siz beynəlxalq hüquqları tanımalısınız, elə deyilmi?
- Dağlıq Qarabağ bizim soydaşlarımızın yaşadığı ərazidir. Biz qanunsuz iddia etməmişik...
- Şübhəsiz, həmin ərazidə erməni xalqı yaşayır, ancaq həmin ərazi Ermənistanın deyil.
- Yox, yox, dediyim odur ki, Dağlıq Qarabağda bizim soydaşlarımızın yaşadığı, onların təhlükəsizliyinin qeydinə qaldığımız ərazidir. Biz onların təhlükəsizliyinin təminatçısıyıq. Lakin biz sülh prosesinə sadiqik. Lakin Dağlıq Qarabağın təhlükəsizliyi və statusu bizim əsas prioritetimizdir. Biz sülh prosesindən heç bir halda yayınmırıq.
- Bir dəqiqə, nazir, imkan verin sualımı soruşum. Sizin ən yaxın hərbi müttəfiqiniz ruslardır. Onların sizin ərazinizdə hərbi bazaları var, siz onlarla uzun illərdir əməkdaşlıq edirsiniz.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sizin Baş nazirin cəmi bir neçə ay əvvəl verdiyi həmin o qeyri-adi bəyanatdan sonra dedi: "Tərəflər bəyanatlar verirlər, ciddi bəyanatlar. Belə bəyanatlar eşidilir ki, Qarabağ Ermənistandır". O davam edir və deyir ki, "bu ona bənzəyir ki, Albaniyanın Baş naziri Tiranada çıxış edərək bəyan edir ki, Kosova Albaniyadır". Hətta ruslar da deyir ki, sizin mövqeyiniz qəbuledilməzdir.

-Təkrar etməliyəm, Ermənistan Baş naziri davamlı olaraq israr edir ki, biz Azərbaycandan güzəşt mesajı istəyirik.
- Amma siz də güzəşt mesajları vermirsiniz?
-Bir dəqiqə gözləyin. Biz güzəşt mesajlarını eşitməmişik.
Ermənistan Baş naziri həll yolunun bütün tərəflər üçün - Ermənistan, Azərbaycan və Qarabağ xalqı üçün qəbuledilən olmalı olduğunu təkid edəndə bizim hökumət bununla bağlı çoxlu tənqidlərə məruz qalır. Lakin biz bunda israrlıyıq. İsrarlıyıq ki, həll yolu güzəştdən keçir.
Həmin çıxışında o, ayrıca paraqrafda Dağlıq Qarabağın (münaqişəsinin-red.) həllindən danışır və biz bu yanaşmamızda israrlıyıq ki, həll yolu güzəştdən keçir.
- Bu mübahisəli konfliktlə bağlı bir neçə məsələ də var. Münaqişə 80-ci illərdə başlayıb və hələ də həll olunmayıb. Mənə elə gəlir ki, dalan vəziyyətindən çıxmaq üçün yaradıcılıq lazımdır.
Siz son 20 ildən çox müddətdə Ermənistan hərbi qüvvələrinin çox ciddi pozuntulara görə cavabdehlik daşıdığını qəbul etməyə hazırsınızmı? BMT bunu qeyd edib, Avropa İnsan Haqları məhkəməsi bunu bildirib, Amnesty İnternational kimi müstəqil qruplar sizin hərbi qüvvələrin zorakılıqları haqqında danışıb.
Əgər siz bu yeni hökumətlə dinamikanı dəyişmək istəyirsinizsə, "bəli, biz keçmişdə baş vermiş ciddi pozuntulara görə cavabdehlik daşıyırıq" deməyə hazırsınızmı?

- Siz hadisəni biraz qarışdırırsınız. Erməni dövləti təhlükəsizliyin yeganə təminatçısıdır. Siz məsələni bir az dəyişdirirsiniz ya da təhrif edirsiniz. Erməni dövləti təhlükəsizliyin yeganə təminatçısıdır.
- Xahiş edirəm sualıma cavab verin.
- Mən elə bunu edirəm. Biz Dağlıq Qarabağ xalqının təhlükəsizliyi üçün yeganə təminatçıyıq. Biz buna cavabdehlik daşıyırıq. Biz təhlükəsizliyin təminatçısı rolunu daşıyırıq. Biz danışıqlara elə şəkildə cəlb olunmuşuq ki, biz parametrlər hazırlamışıq, hansında ki, biz ...
- Siz mənim sualıma cavab vermirsiniz. Bir daha cəhd edəcəyəm.
Human Rights Watch təşkilatının münaqişə ilə bağlı 1995-ci ildə yaydığı ətraflı hesabatda deyilir ki, erməni qüvvələri Ermənistan Respublikasının köməyi ilə müharibə dövründəki bir çox zorakılıqlara görə cavabdehlik daşıyır.
Son dövrlərdə, 2017-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Ermənistanla bağlı 12 hökm çıxarıb. Onlardan 11-i ölkənin Avropa İnsan Haqları Konvensiyasını pozduğunu deyir. Sualım sadəcə budur ki, siz deməyə hazırsınızmı ki, keçmişdə səhvlər olub, zorakılıqlar baş verib və siz, eləcə də Azərbaycan buna görə peşmançlılq ifadə etməlisiniz və həll yolunu tapmağa çalışmalısınız.

- Bu, irəliyə getməyin bir hissəsidir, doğrudur. Lakin hazırda biz həmçinin ən böyük prioritetimiz olan xalqın təhlükəsizlik məsələsini həll etməyin yollarını müəyyən etməliyik.
- Siz indi hərbi qüvvələrinizin keçmişdə etdiyi bəzi şeylərə görə peşmansınızmı?
-  90-cı illərin əvvəlində elə bir vəziyyət var idi ki, Dağlıq Qarabağ əhalisinin 40 faizi yox edilmişdi, Dağlıq Qarabağ ərazisinin 40 faizinə nəzarət ələ keçirilmişdi. Orada ən çirkin şəkildə zorakılıqlar, pozuntular olmuşdu.
Azərbaycan hökuməti bir az da irəli gedərək erməninin qətlini tərifləyib. Yaxın keçmişdə, 2016-cı ilin aprel ayında Azərbaycan Dağlıq Qarabağa qarşı yenidən aqressiyaya cəhd edib. Bu bizim təhlükəsizlik hissimizi gücləndirir.
Sizin konkret sualınıza gəldikdə isə, bəli, mən qəbul edirəm ki, biz hamımız birlikdə irəliyə getməliyik. Hamımız. Lakin burada bütün tərəflər konstruktiv olmalıdır. Önə görə də Baş nazir deyib ki, həll yolu bütün tərəflər üçün qəbuledilən olmalıdır və biz Azərbaycandan irəliyə doğru hərəkət üçün zəmin olacaq mesaj gözləyirik.
- Bu məsələ ilə bağlı sonuncu sualım. 17 oktyabrda Azərbaycan hökuməti Ermənistan hərbi qüvvələrini cəbhə xəttində atəşkəsi 20 dəfə pozmaqda ittiham edib. Hərbi münaqişənin yenidən alovlanması mümkündürmü?
- Bu, bizim tam kökləndiyimiz məsələdir. Düşünürəm ki, biz hakimiyyətə gəldiyimiz müddətdən - erməni hökumətinin, yeni erməni hökumətinin məqsədlərinin ciddiliyinin daha bir çox yaxşı göstəricisidir - müəyyən dərəcədə güvən və etimadın qurulmasına nail olmuşuq.
Bu müddət ərzində atəşkəs pozulmalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Biz bunun davam etməsində maraqlıyıq. Bu bizim prioritetlərimizdən biridir.
Biz bu istiqamətdə Azərbaycan hökuməti və Dağlıq Qarabağ hakimiyyəti ilə işləməyə köklənmişik. Bu, danışıqlar prosesinin çox vacib hissəsidir.