“Birliyimizi poza biləcək narazılıqları bir tərəfə qoymalıyıq” - UFUK KAMAL

Baxış sayı:
859

“Bu gün, XXI yüzilin pəncərəsindən baxdığımız zaman dünyanın nə qədər kiçildiyini, bir yerdən başqa yerə fiziki baxımdan yetişməyin nə qədər asan olduğunu çoxlarımız bilir. İnsanlarımız  fərqli səbəblər üzündən ya keçici, ya da daimi olaraq ölkəmizi tərk edib, başqa ölkələrin gerçəkliklərilə qarşılaşıblar”.
Bu fikirləri Almaniyada fəaliyyət göstərən Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri, Turan Uyğarlığı Təşkilatının qurucusu Ufuk Kamal Ufuk soydaşlarımıza müraciətində deyib. Ufuk Kamal Ufuk əlavə edib ki, bu tanışlıqlar birinci növbədə həmin ölkələrin sərhəd, gömrük qurumları ilə olur: “İndi sual verim və sualımın ünvanı olan soydaşlarımız ən azından əllərini ürəklərinin üstünə qoyaraq, öncə özlərinə cavab versinlər: ilk görüş xəyallarınızdakılarla nə qədər üst-üstə düşüb? Əminəm, mənim kimi bir çox qardaş-bacım hələ uçaqdan ilk endiklərində, gəldikləri ölkənin məmurları ilə ilk görüşdə xəyallarla gerçəklik arasında nə qədər ziddiyyətlərin olduğunu hiss ediblər və görüblər: bizlər heç o qədər də arzuolunan, duz-çörəklə gözlənilən qonaqlardan deyilik. Bu həm turist səfəri edənlərə, həm də fərqli səbəblərdən daimi yaşayış məqsədilə gələnlərə aiddir. Turist kimi gələn soydaşlarımızın işi asandır, onlar qısa müddət sonra doğma yurdlarına, el-obalarına geri dönəcəklər və qarşılaşdıqları kobudluqlar, qaba davranış az sonra unudulacaq. Amma fərqli səbəblər üzündən vətənimizi  daimi yaşamaq üçün tərk edərək, yad ölkəyə gələnlər nələri gözə alaraq həyatı qazanmaq uğrunda çarpışırlar? Onlar bu mücadilələrində nələrlə qarşılaşırlar? Onların qazandıqları hətta kiçik uğurları belə hansı əziyyətlər hesabına başa gəlir?
Dəyərli oxuculara nədən bu mövzuya müraciət etməyim, bütün emosiyalarımı niyə kağıza tökmək istədiyim, niyə məhz bu mənzərəni təsvir etməkdən başladığım maraqlı ola bilər. Çox gözlətmədən bu marağınızı təmin edim: bu günlərdə dövlətimiz diaspora fəaliyyətilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsi ilə bir qrup soydaşımızı mükafatlandırdı, olduğumuz yerlərdə Vətənimizə, Siz dəyərli soydaşlarımıza göstərməyə çalışdığımız kiçik xidmətimizi çox yüksək dəyərləndirib, bu xidmətlərimizi qeyd etdi”.
Onun sözlərinə görə, bu mükafatın tariximizin ən böyük sevincini yaşadığımız, otuz ildir ayaqlar altında qalmış şərəfimizi, qeyrətimizi haqq etdiyi göylərə ucalda bildiyimiz, möhtəşəm xalqımızın, onun müzəffər ordusunun Ali Baş komandanı   İlham  Əıiyevin  “vur” əmri ilə dövlətimizin suverenliyini bərqərar edə bildiyimiz, Şuşanı və işğal altındakı başqa bölgələrimizi azad etdiyimiz bir dönəmdə təqdim olunması onu daha da qiymətli etdi: “Bu tarixi bir dönəmdə gözəl xalqımız sadəcə Azərbaycan Respublikasının sərhədləri çərçivəsində deyil, özünü Azərbaycana bir sevgi bağıyla bağlı hesab edən və ölkə hüdudlarından kənarda yaşayan hər bir Vətən oğlu və qızı bütün dünya çapında dünyaya örnək olacaq şəkildə fantasik birlik, əzmkarlıq, mərdlik nümayiş etdirdi. Arxayınlıqla demək olar, bu qələbədə yaşadığı yerdən asılı olmayaraq, hər bir soydaşımızın, o cümlədən diasporada təmsil olunanlarımızın da payı var.
Amma diqqətinizə çatdırmaq istədiyim məqama geri dönərək davam etmək istəyirəm: öz ölkəmizdə, öz yurdumuzda birliyi təmin edərək ordumuza, dövlətimizə arxa durmaq daha asandırmı, yoxsa sənə yuxarıdan aşağı baxmağa çalışan, hər addımda ikili standartlar tətəbiq edən yadların arasında? Bəli, əziz qardaş və bacılarım, yad yurdda, hər imkanlarıyla millətimizin böyüklüyünü, ordumzun heç nəyə baxmadan qaydalar çərçivəsində haqq mübarizəsi apardığını, hər anlamda haqlı olduğumuzu, ölkəmizin Prezidentinin dəfələrlə biz mülki şəxslərlə deyil, tarixi, dini abidələrlə deyil, düşmən ordusuyla savaşırıq şəklində az qala hayqırtısını görməyənlər arasında edilən hər nəsnə Azərbaycanımızda edilənlərdən çox çətindir. Buna görə söhbət mükafat şəklində sağ ol deməkdən gedirsə, məncə, diasporumuzun hər təmsilçisi mükafata layiqdir. Amma hər biriniz məndən daha da yaxşı anlayırsınız ki, fiziki baxımdan hər kəsi əhatə etmək mümkün olmadığından, bütün diasporanı təmsilən sadəcə bir qismin adı çəkilməli oldu. Bu isə bəzi soydaşlarımız tərəfindən birmənalı qarşılanmadı, hətta narazılıqlar da oldu. Düşünürəm, mənimlə razılaşarsınız,  əslində bu mükafat Azərbaycan adını ruhunda yaşadan hər kəsin mükafatıdır. Baxmayaraq ki, mükafat alanlar sırasında tanıdığım, bildiyim az qala hər kəs bir ağızdan etdikərinin dövlətimizi əziyyətə salacaq qədər önəmli olmadığını, mükafat xətrinə deyil, dövlətimizin bayrağının daha da yüksəklərdə dalğalanması naminə etdiklərini vurğuladılar.
Əziz qardaş-bacılarım, buralarda, gözəl Azərbaycanımızdan kənarda çox da rahatlıqla adımızı yerli tərəfdaşlarımızın yaddaşına həkk etdirə bilmirik, onların çoxu üçün biz azərbaycanlıyıq, sadə azərbaycanlılardan biriyik. Yəni bu anlamda sizlərin, hər birinizin qeyri-rəsmi təmsilçisiyik. Hər gün çöryimizin dalınca evdən çıxdığımızda, hər gün xəyallarımızın gerçəkləşməsi üçün mübarizəmizi yenidən başladığımızda ürəyimizdə sadəcə üçrəngli bayrağımızı deyil, sizləri, Azərbaycanı təmsil etdiyimizin duyğusunu  daşıyaraq hərəkət edirik.
Buna görə də, gəlin, xırda umu-küsünü, bizim birliyimizi poza biləcək narazılıqları bir tərəfə qoyaq, torpağımız, dövlətimiz, millətimizin şərəfi üçün canından keçmiş, ölümsüzlük zirvəsinə yüksəlmiş övladlarımızın bizə miras buraxdığı Qüdərtli Azərbaycanın daha da çiçəklənməsi, hər bir insanımızın daha layiqli yaşaması, düşmənin xarabazara çevirdiyi şəhər-kəndlərimizin cənnətə çevrilməsi üçün savaş meydanlarında göstərdiyimiz birliyi, mərdliyi, böyüklüyü indi də quruculuq işlərində göstərərək düşmənlərimizi çatladaq və dünyanın bir daha Azərbaycan xalqına heyran buraxaq!”.
Elnur ELTÜRK