Birinci vitse-prezidentlə görüş və HEÇ VAXT UNUDULMAYACAQ ANLAR

Baxış sayı:
6901

14 fevral - yağışsız, küləksiz, sakit bir qış günü idi. Universitetdə mühazirəm ikinci növbə olduğundan vaxtı öldürmək və təmiz hava udmaq üçün Azərbaycan xalqının qəhrəman oğlu Cavad xanın adını daşıyan şəhər parkında bir az gəzməyi qərara aldım. Parka yaxınlaşdıqda gözlərimə inanmadım. Mən parkda istirahət günlərində olurdum, ancaq belə bir izdihamla qarşılaşmamışdım. Həm də iş günündə. Böyük insan yığınına yaxınlaşanda onların əhatə etdiyi dairənin mərkəzində vüqarla dayanmış ölkəmizin Birinci xanımı, dövlətimizin vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti, hamımızın sevimlisi Mehriban Əliyevanı gördükdə təəccübləndim. Təəccübləndim, ona görə ki, ətrafda bir dənə də olsun mühafizəci yox idi. Birdən gözüm Mehriban xanımı əhatəyə almış insanlar arasında Heydər Əliyev fondunun vitse-prezidenti, xoş xasiyyət və gülərüz Leyla Əliyevanı gördüm. Mehriban xanım Əliyeva insanlarla söhbətləşir, onların qayğıları və onları narahat edən məsələlərlə maraqlanır. Leyla xanım isə gənclərlə deyib-gülür, şəkil çəkdirirdi. Biz vitse-prezidentlə görüşdükdə təxminən saat 1300 radələri idi. Sonra televiziya kanallarının verdiyi məlumatlardan öyrəndim ki, sən demə Mehriban xanım və Leyla xanımla bizim görüşümüz, ilkin deyilmiş. Parkdakı görüşdən əvvəl hörmətli xanımlar bir neçə müxtəlif məkanlarda olmuş, Gəncəlilərin maraqlanlandığı suallara cavab vermiş, onları narahat edən problemlərin yerindəcə həlli yollarını göstərmiş, bəzilərini isə nəzarətə götürmüşdür. O da məlum oldu ki, vitse-prezidentlər lap erkən ulu öndər Heydər Əliyevin Azadlıq meydanında qoyulmuş möhtəşəm heykəli önünə gül-çiçək dəstələri qoymuş, yeni təmirdən çıxmış “İmamzadə” kompleksini ziyarət etmiş, məktəb və uşaq bağcalarında olmuş, görkəmli pedaqoq, yazıçı, alim Mircəlal Paşayevin ev muzeyini seyr etmiş, bu məkanlarda görüşdüyü sakinlərlə səmimi dialoqlar qurmuşdur. Bizimlə görüşü isə Gəncə səfərində sonuncu imiş. Mehriban xanım müxtəlif peşə sahibləri, alim və sənətkarlarla, təqaüddə olan şəxslərlə işgüzar söhbətlər etməklə onların arzu və istəklərini, onları narahat edən çatışmazlıqları Cənab Prezident İlham Əliyevə çatdıracağına söz vermişdir. Mən isə insanların arasında dayanaraq bu mənzərəni seyr edirdim. Necə oldusa mən yaxınlığında dayandığım, gülərüz, eynən anası kimi mehriban Leyla xanımın baxış obyektinə tuş gəldim. Sanki o, mənim ürəyimdən keçənləri hiss etmiş kimi dərhal mənə yaxınlaşdı və gülə-gülə əlini mənə uzatdı. Mən də onun əlini özünəməxsus incəliklə tutdum və xoş gəlmisiniz dedim. Leyla xanım dedi: “Nə gözəl parkınız var, Gəncənin nə saf havası varmış”. Mən isə cavabında dedim: Bəli Leyla xanım parkımız gözəldir, sizin də burada olmağınız parkımızın və şəhərimizin gözəlliyinə xüsusi rəng qatdı. Sonra da Leyla xanım əlavə etdi ki, əgər zaman imkan versəydi, heç olmasa bir həftə burada qalıb Gəncənin gözəlliyini büst-bütün seyr edər, onun təravətli havasını doyunca udardım. Elə söhbətin bu yerində çox hörmətli Mehriban xanım Əliyeva da mənə yaxınlaşaraq ədəb-ərkan və səmimiyyətlə həmişə xalqa əl uzatdığı kimi mənim də əlimi sıxmaq istədi. Nə qədər qəribə görünsə də mən sağ əlimi Leyla xanımın əlindən çəkib onu qəlbimə daha yaxın olan sol əlimlə əvəz edib, sağ əlimlə adı kimi özü də mehriban olan vitse-prezidentin şəfaqətli əlindən tutdum. Özümü təqdim etdikdən və ona xoş gəlmişsinizdən sonra təmsil etdiyim Gəncə Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivinin salamını çatdırdım. Vitse-prezident Universitetdə tədrisin, aparılan elmi-tədqiqat işlərinin vəziyyəti ilə maraqlandı və onun da salamını Universitetimizin kollektivinə çatdırmağı xahiş etdi. Mən isə yaxın vaxtlarda mənə “Əməkdar Müəllim” fəxri adı vermiş, hamımızın sevimlisi, millətimizin fəxri Cənab Prezidentimiz İlham Əliyevə mənim sonsuz təşəkkürümü çatdırmağı xahiş etdim. Doğrudan da bu unudulmaz görüş mənim qəlbimdə dərin izlər buraxmışdır və onu ömrüm boyu xatırlayacam. Əliqulu Quliyev, Gəncə Dövlət Universiterinin fəxri professoru