Birinci qrup əlilin ailəsi 28 ildir ev növbəsindədir, 4 MİN MANAT "ŞAPKA" İSTƏYİRLƏR - Prezidentə müraciət

Baxış sayı:
10630

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsəi, İ.Ağayev küçəsi ev 2, mənzil 5-də yaşayan Şəki şəhəri, V.İbrahimov küçəsi, ev 2 “A”-da qeydiyyatda olan Kərimova Şahilə Əmircan qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və digər səlahiyyətli şəxslərə müraciət edən şikayətçi yazır: “Mən 1953-cü ildə Şəki şəhərində anadan olmuş, 2000-ci ilə qədər burada yaşamış və ailə həyatı qurmuşam. Həyat yoldaşım Kərimov İsmayıl Nağı oğlu işdə istehsalat xəsarəti alaraq 1-ci qrup əlil olmuşdur. O vaxt 1 otaqlı mənzildə iki azyaşlı oğlumla birlikdə yaşamaq çətin olduğu üçün həyat yoldaşım 1-ci qrup əlil kimi 28.06.1990-cı il tarixində Şəki şəhər Sosial Təminat şöbəsinə ərizə vermiş və mənzilin genişləndirilməsi növbəsinə götürülmüşdür. Aradan 2 il keçdikdən sonra biz yenidən rəsmi müraciət edərək mənzillə təmin olunmağımızı xahiş etmişdik. Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Şahid Həbibullayevin bizə yazdığı 17.08.1992-ci il tarixli cavab məktubunda bildirilir ki, “Siz növbə üzrə 15-ci şəxssiniz. 1980-ci ildən mənzil növbəsində duran vətəndaşların əksəriyyəti də əlillərdir. Ona görə də Sizin hələlik növbədənkənar mənzillə təmin olunmağınız mümkün deyildir. Siz qanunla müəyyən edilmiş qaydada növbəniz çatdıqda mənzillə təmin ediləcəksiniz”. Çox təəssüflər olsun ki, bu rəsmi cavabdan 2il 5 ay keçdikdən sonra həyat yoldaşım 1-ci qrup əlil kimi dünyasını 1994-cü ilin dekabrın 24-də dəyişdi. Yoldaşım vəfat etdikdən sonra rayonda ailəmizin mənzil və dolanışıq vəziyyəti ağır olduğundan 1998-ci ildə Bakıya köçmək qərarına gəldik. Ali və orta təhsilim olmasa da, aşpaz peşəsini yaxşı bildiyimə görə Bakıda müxtəlif kafelərdə günəmuzd işləməklə ailəmi birtəhər kirayədə qalmaqla dolandırırdım. Budur, 21 ildir aşpaz işləyirəm və ailəmin bir arzusu vardı ki, bizim də şəxsi evimiz olsun. Dəfələrlə Şəki rayon İcra Hakimiyyətinə və Şəki şəhər sosial təminat şöbəsinə mənzil məsələsilə bağlı müraciətlər etsək də, yenə də bizə “hələlik növbəniz çatmamışdır” - cavabı vermişlər. Aradan 28 il keçsə də, yenə bizim özlərinin qeyd etdikləri kimi “Qanunla müəyyən edilmiş qaydada növbəniz çatanda mənzillə təmin olunacaqsınız” cavabının nə vaxt reallaşacağı günü indiyədək çarəsizlikdən gözləməkdəyik. Böyük oğlumu evləndirsəm də kirayədə olan darısqallığa görə biçarə 7 ildir ki, Xətai rayonunda qaynatasının evində yaşamağa məcburdur. Kiçik oğlum da evlənib ailəsilə birlikdə hazırda Badamdar qəsəbəsində kirayədə 1 otaqda mənimlə yaşamaqdayıq. Mən 30 il fasiləsiz olaraq Şəki “İpək Kombinatında” fəhlə işlədiyimə görə təqaüdə çıxmışam. Həsrətlə gözləyirəm ki, 28 il növbəsində olduğumuz evimizi versəydilər, oğullarım və nəvələrimlə birlikdə gedib doğma rayonumuzda yaşayardıq. İndi ahıl yaşlı, xəstə adamam. Sabaha yaşamaq ümidim də get-gedə azalır. Amma hələ də gözlədiyimiz mənzilə sahib çıxa bilmirik. Sosial Təminat naziri olmuş Əli Nağıyev dövründə Şəkidə 2 ədəd 5 mərtəbəli çoxmənzilli sosial evlər tikib şəhid və əlil ailələrinə payladılar. Ondan sonra olmuş sabiq nazir Fizuli Ələkbərov dövründə də bir neçə 5 mərtəbəli binalar tikib yenə də əlil ailələrinə payladılar. Amma nədənsə 1992-ci il rəsmi göstəricisinə görə mənzil növbəsində dayanmış 15-ci ailə kimi mənzil orderi bizə verilmədi. Bizm məsələnin niyə düyünə düşdüyünü öyrənməyə çalışdıq. Yaxın adamlar qeyd etdilər ki, tələb olunan “şapka” 4000 manatı verməsəniz, lap 100 il də gözləsəniz, sizə heç kim mənzil verməyəcək. Digərləri də məlumat verdilər ki, indiki bazarın aşağı hissəsində tikilmiş 5 mərtəbəli binadan 7-8 nəfər şəhid ailəsinə mənzil verdikdən sonra qalanlarını əlil adı altında pul müqabilində heç növbədə olmayan vəzəfəli şəxslərin qohum-qardaşlarına satıblar. Eləcə də digər 5 mərtəbəli sosial mənzillərin hamısını yerli aidiyyatı təşkilat rəhbərliyi dədəsinin malı kimi satıb, pulunu mənimsəmişdir. 1990-cı ildən növbədə duran bizim ailəni isə hələ də yada salan yoxdur. Doğrusu, biz indi yaşadığımız mənzilin aylıq kirayə haqqını birtəhər ödəyirik. Hardan olsun tələb olunan 4000 manat “şapka” ki, biz onu verib halal mənzilimizə sahib çıxaq. Belə getsə, əminəm ki, bizim ailə Şəkidə tikilən və tikilməkdə olan sosial mənzillərdən heç vaxt mənzil ala bilməyəcəkdir. Və Vətən qarşısında xidmət keşmiş oğullarım da təbii ki, goruma xoş olmayan sözlər deyəcəklər. Çox hörmətli Prezident və Mehriban xanım Əliyeva! Mən 65 yaşlı kimsəsiz bir insan kimi, son ümid yeri olaraq Sizlərə müraciət edirəm. Mənim kimi çıxılmaz vəziyyətə düşən, birinci qrup əlil ailəsi olan kasıb ailəmizin haqqına girən, mənzil payımızı başqasına satan yerli məmur dəstəsinin qanunazidd əməllərinin araşdırlmasını və ailəmizin tezliklə mənzillə təmin olunmağı üçün aidiyyatı orqanlara lazımi göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən təşəkkür edirəm”. Muxalifet.az Redaksiyadan: Mövzunu araşdıracağıq.