“Biri var, bilmirəm professordur, nədir, hər gün müsahibə verib deyir ki...” - YAP İLHAM RƏHİMOVU HƏDƏF ALDI

Baxış sayı:
5830

“Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxırlar. Hansı ki, barmağı barmaq üstünə qoymayıblar... O adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər”.

Belə bəyanatla Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.

Təxmin etmək çətin deyil ki, hakim partiyanın rəhbərlərindən biri bu sözləri özünü hüquq professoru kimi təqdim edən, Rusiyada çoxsaylı kommersiya daşınmaz əmlaka və iri biznesə sahib olan (ilin əvvəlində həmin aktivləri kürəkəninin adına keçirib)  İlham Rəhimovu nəzərdə tutur. Çünki İlham Rəhimov az qala hər həftə yerli qəzetlərdən birinə iri müsahibələr verərək gah Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki rolu barədə lovğalanır, gah Qarabağ məsələsinin həlli yolları barədə nəzəriyyələr irəli sürür.

“Biri var, heç tanımıram, professordur-nədir, bilmirəm, az qala hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub... O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır. O, özü heç bir işlə məşğul olmur. Azərbaycan Milli Məclisinin nümayəndələri zaman-zaman Rusiyada mühüm tədbirlər keçirəndə, sən harada idin? O iddia edir ki, deputatlar onun fəaliyyətindən xəbərsizdirlər. Parlament kimin nə iş gördüyünü yaxşı bilir və qiymətləndirir. Rusiya ilə ən yaxşı dostluq münasibətləri prezidentlər, xalqlar və parlamentlər arasındadır. Burada kimsə su bulandırmağa cəhd göstərməsin” – Siyavuş Novruzov çıxışında bildirib./Virtualaz.org