BİR “UŞAĞ”IN ÜMİDİNƏ QALMIŞ YAXIN ŞƏRQ SÜLH PLANI – 29 yaşlı yəhudi, Tramp ailəsinin dostu, Kuşnerin dükana qəhvə almağa göndərdiyi köməkçisi...

Baxış sayı:
1094

Martin de Burmon

“Əl-Cəzirə”, 12.09.2019

ABŞ prezidenti Donald Trampın uzun müddətdir təxirə saldığı Yaxın Şərq sülh planının əsas memarlarından biri istefa verir və onun yerinə təyin oluna biləcək şəxs heç bir xarici siyasət təcrübəsi olmayan təxminən 30 yaşlı köməkçidir.

ABŞ rəsmiləri keçən həftə açıqlayıb ki, 17 sentyabr İsrail seçkilərindən sonra sülh planına aşkarlıq veriləcək. Bundan sonra ABŞ-ın Yaxın Şərqdəki xüsusi elçisi Ceyson Qrinblatt Tramp administrasiyasından ayrılacaq.

Onun bəzi vəzifələrini Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk və Cared Kuşnerin az tanınmış gənc köməkçisi Avi Berkovitz öz üzərinə götürməli olacaqlar.

Sonuncu şəxs vəzifə müddətində xarici məmurların qəbulundan tutmuş müdirinin telefon danışıqlarına qədər hər cür “çirkli iş”lə məşğul olub.

Qrinblattın Ağ Evdən ayrılma qərarı Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefaya göndərməsindən bir neçə gün qabaq elan edilib. Hər iki gediş Tramp administrasiyasının Yaxın Şərq sülh planını qeyri-müəyyənliyə bələyir.

İyun ayında planın iqtisadi hissəsi açıqlanıb. Fələstin rəsmiləri və analitikləri onu ciddi tənqidə məruz qoyub. Planın qalan hissəsinin əsaslı danışıqlara səbəb olub-olmayacağı məlum deyil.

Buna baxmayaraq, Berkovitz, ehtimal ki, planın siyasi bölümünün açıqlanmasından sonra əhəmiyyətli rol oynayacaq. O, minimal təcrübəyə malik olsa da, bəzi analitiklərin rəyincə, gənc köməkçinin təyin olunması Yaxın Şərq sülhü ətrafında aparılan danışıqların möhkəm qalmasına az qatqı verəcək.

Berkovitz -Kuşner əlaqəsi

Son vaxtlara qədər Berkovitz Tramp komandasında təmkinli üzvlərindən biri olub. Mətbuat hesabatları onu tez-tez Cared Kuşnerin nökər-qaravaşı kimi təsvir edir.

“Rəsmi olaraq prezidentin xüsusi köməkçisi və baş məsləhətçinin köməkçisi Berkovitz Kuşnerin Ağ Evdəki sağ əlidir”, – deyə 2017-ci ildə “Business Insider” yazmışdı.

Eyni məqalədə Houp Hiks, Ağ Evin strateji kommunikasiya direktoruna istinadla, Berkovitzin işinin “ilk növbədə, inzibati, Kuşnerə qəhvə almaq və ya görüşlərin koordinasiyası” olduğu deyilirdi.

Hələ 3 il əvvəl Harvard Hüquq Məktəbini bitirən Berkovitz təcrübəsiz, amma Tramp ailəsinə sadiq adamdır və onunla yaxın şəxsi əlaqələrə malikdir.

“Business Insider”-in verdiyi məlumata görə, Berkovitzin Tramp ailəsi ilə əlaqəsi “New York City Queens College”-də oxuduğu illərdə, Arizona ştatının Finiks şəhərinə, Pasxa bayramında iştirak etmək üçün getdiyi zaman başlayıb. Orada Donald Trampın kürəkəni Cared Kuşnerlə tanış olub və qanları bir-birinə qaynayıb.

Kuşnerlə Berkovitz arasında ortaqlıqlar çoxdur. Hər ikisi Nyu Yorkdan kənarda, yəhudi məhəllələrində (Nyu-Cersidə – Kuşner və Lonq Aylenddə – Berkovitz) böyüyüblər. Hər ikisinin İsraillə güclü əlaqələri var.

Atası daşınmaz əmlakçı və İsrail donoru olan ortodoks yəhudi Kuşner, Benjamin Netanyahunun otağında yatmasına icazə vermək üçün bir dəfə yeniyetmə kimi zirzəmidə gecələyib.

Berkovitz də ortodoks yəhudi ailəsində böyüyüb, ivritcə səlis danışır və 2 il İsraildə yaşayıb.

Onların dostluğu çiçəkləndikdən sonra Berkovitz Kuşnerə, 2013 və 2016-cı illər arasında “New York Observer” qəzeti üçün məqalələr yazmaq da daxil olmaqla, müxtəlif işlərdə kömək edib.

Berkovitz “Facebook”-da canlı müzakirə şousu olan “Tramp Tower Live”-i yaradaraq Tramp kampaniyası üçün işləyib.

“Tramp Tower”-dən Berkovitz Kuşnerin köməkçisi kimi Ağ Evə girib. Administrasiyanın Yaxın Şərqə dair sülh planında Berkovitz gizli qismə giriş imkanı olan az adamlardan biridir və 2018-ci ilin sentyabr ayında Qrinblatt və Kuşnerə Nyu-Yorkda yəhudi liderləri ilə İsrail-Fələstin məsələsini müzakirə etmək üçün xüsusi şam ziyafətinin təşkilində kömək edib.

“Sadə həllə real maraq yoxdur”

Berkovitz’in təyinatına rəylər onun ümumiyyətlə, təcrübəsinin yoxluğunu vurğulayır.

“Əgər Avi Berkovitz Qrinblattı əvəzləsə, bu mövqe əhəmiyyətli dərəcədə kiçiləcək. O, Kuşnerin 29 yaşlı köməkçisidir. Gözəl oğlan, lakin Trampın keçmiş daşınmaz əmlak vəkilinin təcrübəsiz övladıdır”.

Bunu “Twitter” səhifəsində ABŞ-ın 2013-cü ildən 2014-cü ilə qədər İsrail-Fələstin danışıqları üzrə xüsusi nümayəndəsi və Xarici Əlaqələr Şurasının əməkdaşı Martin İndik yazıb.

Digər analitiklər bunu Tramp administrasiyasında “İsrail-Fələstin dastanı”nın tamamilə israilpərəstlər tərəfindən yazılması kimi yozur.

ABŞ-ın Fələstin Hüquqları Kampaniyasının icraçı direktoru Yusif Munayyər: “Bu təyinat administrasiyanın ədalətli qətnamə axtarmağa həqiqi marağının olmadığını, əksinə, geri addım atdıqlarını, İsrail və ABŞ-dakı sağçı fanatiklərə şərtləri diktə etməyə imkan verdiyini açıq şəkildə göstərir”.

Amma Brukinqsdə Yaxın Şərq Siyasəti Mərkəzinin direktoru Natan Saks bildirib ki, Berkovitzin təyinatı Kuşnerin İsrail-Fələstin məsələsindəki önəmli rolunu kiçiltməyəcək. “Kuşner özü mərkəzi rol oynamağa davam edəcək”.

Tərcümə: Strateq.az