“Bir əsas sual var: təyyarənin vurulması doğrudanmı təsadüfdür?” - PREZİDENTİN KÖMƏKÇİSİ

Baxış sayı:
2645

Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi Andrey Yermak İranın Hava Hücumundan Müdafiə qüvvələrinin Tehran-Kiyev reysi ilə uçan təyyarəni vurması ətrafında sualların qaldığını deyib.

Yermak bu haqda jurnalistlərə bildirib. “Bir əsas sual var. İran tərəfi artıq təsdiq edib ki, təyyarə raketlə vurulub. Lakin bu təsadüf olubmu? Bunu bilmək çox mühümdür”,-o deyib.

Zelenskinin köməkçisi bildirib ki, həmin sualı İrana ezam edilmiş Ukrayna mütəxəssisləri araşdırır. Prezident özü isə İran rəhbəri Həsən Ruhani ilə telefon danışığında qurbanların meyitlərinin bu həftənin sonuna qədər identifikasiya edilməsində israr edib.

Yermakın sözlərinə görə, ukraynalı mütəxəssislərin bir qrupu hələ də Tehrandadır. “Qrup üzvlərinin bir hissəsi Azərbaycan üzərindən qayıdıb, qalanlar hələ oradadır. Çünki qrupu aparan təyyarə orada qalıb və bizim adamlarımızı meyitləri ilə geri qayıdacaq”,- o deyib.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi yanvarın 8-də, İranın general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı Amerika bazalarına raket zərbələri endirməsindən  bir neçə saat sonra vurulub. İnqilab Keşikçiləri Korpusu təyyarənin vurulduğunu üç gün sonra etiraf edib./Virtualaz.org