Bir məmləkətdə

Və yaxud başçı ilə alimin söhbəti
 
Bir məmləkətdə rəislər 30 dəqiqənin 25 dəqiqəsini başçının öyümünə, qalan dəqiqələrini isə öz hesabatlarına həsr edərdilər. Başçı çıxışları dinlədikcə, xoşhal olardı...
İlk öncə Güzəran rəisi söz alardı. O, əhalinin güzəranının günü-gündən yaxşılaşaraq dünya səviyyəsini üstələdiyini deyəndə, adamlar çaşıb qalardılar.
Sağlamlıq rəisi tayı-bərabəri olmayan həkimlərdən, dünyada ən ağır xəstələrin bu məmləkətdə müalicə olunduğundan, xəstələrin əlinə baxılmadığından söz açanda adamların gözləri yol çəkərdi.
Talançılıq rəisi məmləkətin korrupsiyanın səviyyəsinə görə dünya məmləkətlərini geridə qoyduğunu bəyan edəndə, bu səviyyənin gələcəkdə də durmadan yüksələcəyinə əminlik yaradanda, adamların tükləri biz-biz durardu, gözləri bərəli qalardı.
İşlər rəisi talançılığın, rüşvətin kökünün kəsildiyini qıy vuranda, insanlar bir-birindən üşənərdilər.
Məktəblər rəisinin məktəb işinin dünya standartlarını yarıyolda qoyduğunu, məktəblərdə rüşvətdən, talançılıqdan əsər-əlamət olmadığını car çəkəndə, eşidənlər gözlərini döyə-döyə bir-birlərinin üzünə baxardılar.
Məhkəmələr rəisi məhkəmələrin ədalətli olmasını, insan haqlarını hamıdan yaxşı qoruduqlarını, rüşvət almadıqlarını, talançılıqdan uzaqda dayandıqlarını dilə gətirəndə, bütün dünyanı heyrət bürüyərdi.
Hüquq rəisi hüquq işçilərinin rüşvəti heç yaxına da buraxmadıqlarından, talançılqın yanından da keçmədiklərini, qanunlara riayət etdiklərini qışqıranda, hamını üşütmə tutardı. 
Rəislər çox idi, hamısı bu səpkidə çıxışlar yapardılar, adamlar da çox idi, onlar rəisləri alqışlayar, çaşqın-çaşqın dinləyərdilər...
Başçı yaltaqlıqdan xoşlanardı, ona görə, kimin yalan, kimin doğru danışdığının fərqinə varmaq imkanını itirərdi. Ancaq boş vaxtlarında arabir narahat-narahat düşünərdi: “Nə vaxtadək mənim rəislərim mənə yalan danışıb, yalan vədlər verəcəklər? Nə vaxtadək yaltaqlar, yalançılar, talançılar məni ələ salacaqlar? Yəni, mənim heç bir səhvim, qüsurum yoxdur? Yəni, biz düz işləyirik? Yəni məmləkətdə hər iş öz qaydasındadır? Nə üçün rəislərdən heç biri mənim səhvimi demir, qüsurlarımdan danışmır? Axı, məndən narazılar çoxdur!? Vaxt gələr, xalq hər şeydə məni qınayar, belə çıxar, mən öz mənafeyimi üstün tutmuşam, xalqı incitmişəm, əzmişəm, ac-yalavac saxlamışam!?”. O, çox götür-qoy elədi, ancaq çıxış yolu tapa bilmədi, alimi yanına çağırıb onun məsləhətlərini dinləmək qərarına gəldi:
-Deyin görüm, mənim rəislərimin mənə yaltaqlandıqlarından, yalan danışdıqlarından xəbərlisiniz? Onlara mən deməmişəm belə yaltaq, yalançı olsunlar, onlar öz təşəbbüsləri ilə belə olublar. Onların bu mərəzlərinin səbəbini nədə görürsünüz?
Alim:
-Rəislərinizin Sizə yaltaqlanması, yalan danışması hamının gözü qarşısında baş verir. Onlar Sizə yaltaqlanmaq yolu ilə əyri əməllərə qurşandıqlarını ört-basdır edirlər. Siz durumu elə kökləmisiniz, gülümsəsəniz, onlar da gülümsəyəcəklər, qaş-qabalı olsanız, onlar da qaşqabaqlı olacaqlar. Siz siqaret çəksəniz, özlərini siqaretçəkən kimi göstərəcəklər, bilsələr, nağara səsindən xoşunuz gəlir, hərəsi qoltuğunda bir nağara qəbulunuza gələcək, saqqal saxlasanız, onlar da saxlayacaqlar... Belə durumda onlar səhvlərinizi, nöqsanlarınızı deməyə heç vaxt özlərində cəsarət tapa bilməzlər. Düz sözdən, yaltaqlanmamaqdan xoşunuz gəlsə, rəisləriniz düz söz danışacaqlar, Sizə yaltaqlanmayacaqlar. Yaltaqlıqdan xoşlandığınızı, yalan danışmalarına özünüz şərait yaratdığınızı sifətinizin cizgilərindən oxuyub o cür edirlər. Rəislər yalan danışmağa, yaltaqlığa sövq edilərlərsə, yalan danışacaqlar, yaltaq olacaqlar. Çünki onlar başçıya xoş gələn işləri görürlər, vərdişlərə yiyələnirlər. Bu deyilənlərə inanmırsınız?
Başçı:
- Məni inandıra bilirsiniz, dedikləriniz ağlıma batır.  
Alim:
-Onda düşünün, yalan danışmağa, yaltaq olmağa rəislərinizi kim sürükləyir?
Başçı:
-Dediyinizdən alındığına görə, buna özüm şərait yaratmışam, bunu özüm belə istəmişəm? Yox, bu, utanc gətirən işdir! Onda, bu cür olmamağı üçün nə tədbir görməliyəm, nə etməliyəm? Elə tədbir deyin, elə yol göstərin, ona mənim iradəm çatsın, nəfsim imkan versin.
Alim:
-Rəislərinizi həmin mərəzlərə kimin düçar etdiyini özünüz ortaya çıxartdınız, elə deyilmi? Sizin zamanınızda yalan vədlər verilir, ancaq xalqın güzəranının yaxşılaşması qeydinə qalınmır, rəisləriniz də özünüz kimi yalnız öz ailələrinin aşıb-daşan yüz illik var-dövlətini, kübar həyatını düşünürlər. Məmləkəti ədalətsizliklər burulğanına yuvarlandırmısınız, məmurlarınızın girovuna çevirmisiniz. İnsanların haqqı tapdanır, onları yaltağa, müti qula çevirir, öz məqsədləriniz üçün onu məhəllə-məhəllə parçalayırsınız. Məmləkətdə ölülərə qarşı da ədalətsizliklər hökm sürür, qərəzli münasibət göstərilir. Bu, dəhşətdir! Belə olan halda, Sizə kim inanar, millətə, Vətənə kim sədaqətlə xidmət edər? Məmurlarınız Sizə səmimi olmur, Siz də xalqa. Məkrli, iddialı ağalığın hər ili xalqın neçə-neçə illər geri düşməsinə səbəb olur... Yeri gəlsə, ərəb şeyxləri kimi, şəxsi mənafeləriniz xətrinə xalqı güdaza da verə bilərsiniz, bunu hamı dərk edir...
Ağlı üstələyən nəfs həmişə insana fəlakət, insanlığa ləkə gətirər. Siz iradə göstərib nəfsinizi cilovlayaraq məmləkəti yaltaqlığı, yalançılığı sevməyənlərin, xalqa səmimi olanların, ona ədalətlə xidmət edənlərin idarə etməsinə imkan yaratsanız, düzgün yol tutmuş olarsınız, xalq da bunu dəyərləndirər. Xalqın Sizi istədiyini iddia etsəniz, onda düşünün,  həmişə yalan vədlərlə aldatdığınız, çörəyə möhtac etdiyiniz, haqqını tapdadığınız  insanlar Sizi necə istəyə bilər? Birini əzə-əzə özünə tabe elətdirib “səni ağ günə çıxartmaq istəyirəm” deyənin sözünün düzlüyünə, özünün səmimiliyinə Siz inanırsınız?
Acı həqiqətləri dediyimə görə qəzəblənib məni məhv etmək imkanlarınızı işə də sala bilərsiniz. Ancaq Sizi, məmləkətin, onun insanlarının taleyi ilə bağlı olan şəxsi çaşdırmaq istəmədim, fikrimi gizlətmədən, səmimiliklə suallarınızı cavablandırdım...
Onu bilin, taxtdan düşəndə, ilk öncə həmin o yaltaq rəisləriniz arxanızca danışacaqlar...
Demək məndən oldu. İndi iradə də, nəfs də, söz də Sizindir...
Bəhmən Sultanlı