“Bir gün ayılacağıq ki, Şuşa, Laçın və Kəlbəcərdə boş yer qalmayıb” - ELXAN ŞAHİNOĞLU

Baxış sayı:
3349

"Cənablar, bir bəyanat hazırlayın” 

“Erməni saytları az qala hər gün xəbər və görüntü yayırlar ki, Dağlıq Qarabağın ətrafını necə məskunlaşdırırlar, Xocalıda, Laçında və Kəlbəcərdə binalar tikir, yollar çəkir, infrastruktur formalaşdırırlar. Sonuncu xəbər bundan ibarətdir ki, Göyçə-Kəlbəcər-Ağdərə yolu boyu bir neçə yerdə ictimai-iaşə obyekti tikiləcək. Geniş plan hazırlanıb. Bir sözlə separatçılar onlara aid olmayan torpaqlarda iş yerləri açırlar. İstisna etmirəm ki, bu xəbərlərin bir hissəsi dezinformasiyadır, ermənilər hər şeyin yolunda getdiyini təlqin etməyə çalışırlar. Ancaq nə olursa-olsun, Azərbaycan XİN-lə Müdafiə Nazirliyinin birgə açıqlamasına ehtiyac var”. 
Muxalifət.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
 
“Ermənilərin işğal altındakı rayonlarda həyata keçirdiyi məskunlaşma və müəssisələr açması siyasəti qanunsuzdur”
 
E.Şahinoğli hesab edir ki, həmin açıqlamada ən azı bu bəndlər olmalıdır: “1. Erməni separatçılarının işğal altındakı rayonlarda həyata keçirdiyi məskunlaşma və müəssisələr açması siyasəti qanunsuzdur, beynəlxalq vasitəçilərin duruma müdaxilə etməsini gözləyirik, çünki həll planlarına görə həmin rayonlar əsl sakinlərinə qaytarılmalıdır. 2. Erməni separatçıları işğal altındakı bu siyasəti davam etdirərlərsə, Azərbaycan ordusu buna qarşı müvafiq tədbirlər görəcək. 3. Ermənistan hakimiyyətinin və erməni lobbisinin işğal altındakı torpaqlarda apardığı məskunlaşma və tikinti işləri müharibə tarixini yaxınlaşdırır”.
 
“Bu, Azərbaycan üçün də örnək olmalıdır”
 
Şahinoğlu onu da əlavə edib ki, Türkiyə ordusunun bu gün Suriyaya müdaxiləsinin iki başlıca səbəbi var: “Birinci səbəb budur ki, terrorçular Türkiyə sərhəddindən uzaqlaşdırsın. İkinci səbəb isə odur ki, Afrin və Minbiç həqiqi sahiblərinə qaytarılsın, orada indi kürdlər yaşayır. Halbuki, bu ərazilər döyüşlərdən əvvəl ərəblərə və türkmənlərə məxsus idi. Türkiyə bu haqsızlığı ortadan qaldırmaq istəyir. Bu, Azərbaycan üçün də örnək olmalıdır ki, Dağlıq Qarabağda etnik təmizlənmənnin nəticəsi olaraq məskunlaşma və infrasturktur çalışmaları ilə barışmayacaq”.
 
“Heç olmazsa hərbi təyyarələrimiz həmin ərazilərdə bir göstəri uçuşu həyata keçirsin”
 
“Cənablar, bir bəyanat hazırlayın, yoxsa bir gün ayılacağıq ki, Şuşa, Laçın və Kəlbəcərdə boş yer qalmayıb, hər yer məskunlaşıb, erməni lobbi təmsilçilərinin işğal altındakı torpaqlarda açdıqları kiçik müəssisələr şıdırğı istehsalla məşğuldur. Heç olmazsa hərbi təyyarələrimiz həmin ərazilərdə bir göstəri uçuşu həyata keçirsin. Kimsə bizə işğal altındakı ərazilərin səmasında uçuş həyata keçirməyi qadağan edə bilməz. Bu Azərbaycanın hava sahəsidir və bütün dünya da bunu belə bilir”, - deyə politoloq vurğulayıb./Hurriyyet.org