BİR DAHA QALMAQALLI DƏRSLİK HAQDA – “Böyük Ermənistan” xəritəsini yaymaqda kim maraqlı olub?

Son iki həftə ərzində Təhsil Nazirliyi və nazir Mikayıl Cabbarov haqqında ittiham dolu yazılar geniş kütləyə təqdim edilməkdədir. Bu günlər ərzində M.Cabbarovun KİV-də adı ən çox hallanan məmur olması bir faktdır. Məlumdur ki, bu kampaniya 10-cu sinif üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin ərazilərinin təsvir olunması xəbəri ilə vüsət almış, daha sonra isə genişlənərək müxtəlif istiqamələr və mövzular üzrə məlumat axınına çevrilmişdir.
Bu kimi yazıların həm rəsmi, həm müxalif, həm də hakimiyyətyönlü KİV-lərdə yayılması kampaniyanın heç də təsadüfi xarakter daşımadığının bariz nümunəsidir. Mətbuatda və sosial şəbəkələrdə ictimai nüfuzlu şəxslərin naziri istefaya çağırması da cəmiyyətdə bir ajiotaj yaratdı və bu tendensiya halını aldı. Sosial şəbəkələrdə yazılan yazılar isə media manşetlərinə daşındı və KİV-də həndəsi silsilə ilə artmağa başladı. Bunun da səbəbsiz olduğunu düşünmürük. Belə ki, yayılan məlumatların fonunda dərslik müəllifləri sanki bir düşmən kimi qələmə verilir və bunun günahkarı isə nazir göstərilməklə, təhlükəli və geniş yayılmış bir ictimai rəy yaradılır.
Əlbəttə, bu faktın yayılması kifayət qədər qüsurlu olsa da, ancaq bu xəritənin yer aldığı rusdilli tarix kitabı cəmi 7 000 nüsxədə çap olunub. Nazirliyin verdiyi məlumata əsasən, hadisənin üstündə xeyli müddət keçib və artıq bu kitablar yığılaraq yeniləri ilə əvəzlənib. Bu faktı il ərzində ən çoxu 7 min rus dilli təhsil alan şagird biləcəyi halda, bunu nəinki bütün Azərbaycana, hətta dünya mətbuatına çıxarmaq kimə və nə üçün lazımdır? Hətta bu məlumatın düşmən mətbuatında işıqlandırıldığı haqqında məlumatlar da verilməkdədir.
Başqa bir məqam ondan ibarətdir ki, qeyd edilən kitabın müəllifi Kamran Əsədov  heç də, mətbuatda yazıldığı kimi, nazir Mikayıl Cabbarovun dostu deyildir. Əldə etdiyimiz məlumata görə, onun təhsil eksperti kimi siyahıya alınması “Şərq-Qərb” Nəşriyyatının öhdəçiliyidir və tarxiçinin adı nəşriyyat tərəfindən təqdim edilib.

Qeyd edək ki, onun bu yaxınlarda “Şirvanşahlar dövlətinin Azərbaycan tarixi üçün utanc yeri olması” barədə verdiyi müsahibəsi də sosial şəbəkələrdə və mətbuatda güclü əks reaksiyaya səbəb olmuşdur. Müəllifin sözügedən problemlə bağlı müdafiə xarakterli müsahibə və çıxışlarını incələdikdə isə, bunu səhv olaraq qəbul etməməsi və öz mövqeyni müdafiə etməsi bir növ ictimai fikrin təhsil nazirinin üstünə yönəlməsinə rəvac yaratmış oldu.
Məlumat üçün bildirək ki, orta məktəb dərslikləri müsabiqə yolu ilə seçilir. Əgər bu dərslikdə problem var idisə, necə olur ki, professor Yaqub Mahmudovun eyniadlı dərsliyi nəinki 1-ci yerə, heç 3-cü yerə də çıxa bilmir və təbii ki, seçilmir. Bu, özü də müəyyən suallar doğuran məqamlardandır.
Baş verən hadisənin üstündən zaman keçməsinə və bunla bağlı faktın ortada olmasına baxmayaraq, xəritənin və faktın indi işıqlandırılması bu problemdə kiminsə maraqları olduğu fikrini təsdiqləyir. Faktı saxlayaraq, müəyyən zaman çərçivəsində mətbuatda yayılmasını təmin etmək isə, bizə bu məsələnin əvvəlcədən planlaşdırıldığı və indi icra olunduğu barədə ehtimal irəli sürməyə imkan verir.
Təhsil Nazirliyinə yönəlmiş bu kampaniya ərəfəsində nazirliyin nə özünün əməkdaşının, nə də hər hansı alimin, nüfuzlu ictimai-siyasi xadimin müdafiə xarakterli yazı və ya müsahibəsinin olmaması da diqqəti cəlb edən məqamlardandır. Sanki bu belə də olmalıdır və bu problem nazirin öz vəzifəsini itirəcəyi ilə nəticələnəcəkdir. Yüksək dövlət qrumlarından xırda məsələlər barəsində açıqlamalar verildiyi halda, belə bir ciddi məsələ ilə bağlı susqunluq nümayiş etdirilməsi anlaşılan deyildir.
 
Muxalifet.az