​“Binəqədi yanğını”nda təqsirləndirilən şirkət rəhbərinə 8 İL İŞ VERİLDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Azadlıq prospektindəki 16 mərtəbəli binada baş verən yanğına görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə görə, "Global Construction" MMC-nin həmtəsisçisi Miryusif Mahmudov 8 il, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov 5 il, Binəqədi İcra Hakimiyyətinin başçısının sabiq müavini Qəzənfər Novruzov 4 il, "Global Conctruction" MMC-nin sədr müavin Ələkbər Əsgərov 4 il, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbov 4 il, 72 saylı MKS-in sabiq rəisi Nizami Orucov 3 il 6 ay müddətinə həbs cəzasına məhkum olunublar. Dərnəgül Boru Zavodunun laboratoriyasının əməkdaşı Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direkrtoru Akif Əlibəyov şərti cəza alıblar.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçilərindən biri Miryuqsif Mahmudov, “Global Stone” MMC-in keçmiş sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının əməkdaşı Ağacavad Məmmədov Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.