​“Binə”də arayış biznesi: Çin yolunu açmaq üçün 100 manat: "Pulu ödədikdən sonra harasa müraciət etmək nə dərəcədə doğrudur?" - HÜQUQŞÜNAS

Baxış sayı:
3798

"Binə" Ticarət Mərkəzində yenidən narazılıq var. Bir qrup sahibkarın Cebhe.info-ya verdiyi açıqlamaya görə, məsələ Çin səfirliyinin iş adamlarına viza verməsi üçün arayış tələbindən sonra ortaya çıxıb.
Sahibkarlar bildirib ki, Çin səfirliyinin tələb etdiyi arayış iş adamının hansı ticarət mərkəzində çalışmasının təsdiqi üçündür: “Təbii ki, “Binə” Ticarət Mərkəzində çalışan iş adamı sözügedən arayışı elə ticarət mərkəzinin özündən almalıdır. Bundan istifadə edən ticarət mərkəzinin rəhbərliyi özünə “arayış biznesi” qurub. Arayışın qiyməti nə az, nə çox 100 manatdır. Sənəddə qeyd olunur ki, sahibkar doğrudan da “Binə” Ticarət Mərkəzində filan nömrəli dükanda fəaliyyət göstərir. 3-4 kəlmə sözü 1 kağıza yazıb 100 manata satırlar”.
Ticarətçilər artıq sahibkarlardan bir neçəsinin sözügedən arayışı 100 manata aldığını da iddia edir:“ “Binə” Ticarət Mərkəzində minlərlə iş adamı çalışır. Onların da təxminən yarıdan çoxu Çinə gedib-gəlir. Onsuz da gömrük xərcləri, icarə haqqı, kommunal xidmət , vergi, mühafizə və digər əlavə xərclər kifayət qədərdir. Əhalinin alıcılıq qabiliyyəti də yoxdur ki, xərcləri kompensasiya edək. Bir sözlə, vəziyyət çox pisdir. Qoy xəbərdar olsunlar ki, sahibkarların başına hansı oyunlar gətirilir”.
Sayt sözügedən iddia ilə bağlı “Binə” Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərovla əlaqə saxlayıb. Hüquqşünas bildirib ki, sahibkarların iddiası həqiqətə uyğun deyil: “Bəli, arayış verilir. Kim istəyirsə, ”Binə” Ticarət Mərkəzində VÖEN və müqavilə əsasında sahibkar kimi fəaliyyət göstərməsilə bağlı arayış veririk. Amma arayışa görə ödəniş məsələsi doğru deyil”.
Sahibkarların sözügedən arayışı 100 manata almasına gəlincə, Fuad Cəfərov buna sualla cavab verib: “Əgər hər hansı bir sahibkar gəlib arayış alırsa və ona hər hansı bir vəsait ödəyirsə, ödədikdən sonra harasa müraciət etmək nə dərəcədə doğrudur? Ticarət mərkəzində verilən arayışın məbləği yoxdur. Çin səfirliyinin sahibkarın işlədiyi yerdən arayış tələb etməsi, dövlətin öz siyasətidir. Artıq bir neçə sahibkar arayışla bağlı müraciət edib. Onlara da təmənnasız arayış verilib”.