​"Bıçaqlanan şəxs artıq can verirdi" - qız söhbətinə görə adam öldürən şəxsə 14 il cəza istənildi

Baxış sayı:
4096

Qız üstündə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edib.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdü Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə iclasında şahidlər ifadə verib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Sumqayıt Yol Polis İdarəsinin əməkdaşları dindirilib. Polis əməkdaşı Şəhriyar Rzayev şahid qismində ifadə verərkən deyib ki, həmin ərazidə xidmət aparan zaman 20 yaşlarında bir nəfər onlara yaxınlaşaraq bıçaqlama hadisəsinin baş verdiyini söyləyib: "Biz də yaxınlaşdıq. Artıq bıçaqlanan şəxs can verirdi. Təcili yardıma zəng elədik".
Ş.Rzayev qeyd edib ki, həmin vaxt hadisə yerində başqa heç kimi görməyiblər. Digər şahid isə polis əməkdaşı Sadiq Qarayev olub. O, bildirib ki, həmin ərazidə xidmət apararkən tanımadığı şəxs onlara yaxınlaşaraq bıçaqlama hadisəsinin baş verdiyini deyib: "Biz yaxınlaşıb, yarasına dəsmal qoyduq. Təcili yardıma xəbər verdik".
İş üzrə şahidlər dindirildiyindən məhkəmə istintaqının yekunlaşdğı elan edilib. Çıxış üçün dövlət ittihamçısına söz verilib. Prokuror Ramin Nağdəliyev bildirib ki, T.Sadıqovun əməli məhkəmə istintaqı və ibtidai istintaq zamanı sübuta yetirilib. Prokuror T.Sadıqovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
T.Sadıqovun vəkili müdafiə çıxışı üçün vaxt istəyib.
Hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.
İlkin məlumatda bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.