Bəhram Bağırzadənin vəziyyəti hələ də kritikdir - HƏYAT YOLDAŞINDAN AÇIQLAMA

Baxış sayı:
1327

“Bəhram Bağırzadə hələ də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir. Səhhətində heç bir irəliləyiş yoxdur, sadəcə gözləmək lazımdır”.

Bunu jurnalistlərə açıqlamasında əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O bildirib ki, həyat yoldaşına təcili ağciyər köçürülməsi məsələsi hələlik müzakirə olunmur.

"Biz sadəcə dua edirik ki, o sağalsın”, - Ş.Bağırzadə deyib.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.

Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Qeyd edək ki, EKMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Onu da qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.