BGTİ rəhbəri: “Zəlimxan Məmmədlinin Gürcüstana buraxılması qeyri-mümkündür”

Borçalı Gənc Türklər İttifaqının (BGTİ) rəhbəri Seyfəddin Əsgərov “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmamasına münasibət bildirib. Muxalifet.az-a müraciət edən Seyfəddin Əsgərov deyib ki, Z.Məmmədlini Gürcüstan dövləti “persona-non qrata” statusunda arzuolunmaz şəxslər siyahısına salıb:

“Belə tipli qərarlar Gürcüstan Dövlət Kəşfiyyat Departamentinin, Daxili İşlər Nazirliyinin, DİN Əks-Kəşfiyyat Departamenitinin və Xarici İşlər Nazirliyinin təqdimatları əsasında Gürcüstan Dövlət Sərhəddini Mühafizə Polisi Departamentində qəbul edilir. Belə bir məlumat yayılmışdır ki, Azərbaycan Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Zəlimxan Məmmədlinin işi ilə bağlı Gürcüstanlı həmkarına mürəciət edəcək. Amma bu baş vermədi. Zəlimxan Məmmədli kimi xırda insidentlər yardan şəxslərin məsələləri heç zaman müzakirə edilmir. Bir də, deyək ki, Gürcüstan XİN Zəlimxan Məmmədlinin üzərindən ölkəyə giriş qadağasını götürdü, bəs o zaman Dövlət Kəşfiyyat Deprtamentinə kim xahiş edəcək? Heç kim”!

S.Əsgərov hesab edir ki, Zəlimxan Məmmədlinin Gürcüstana buraxılması qeyri-mümkündür:

“Bu məsələ artıq müzakirə edilmir. Gürcüstan ciddi səbəb olmadan belə sərt qərarlar qəbul edə bilməz. Ən azından bu beynəlxal hüquqa ziddir. Demək, Gürcüstanın milli təhlükəsizliyi ilə bağlı elə bir fakt var ki, Z.Məmmədlinin girişinə qadağa qoyulub”.

Muxalifet.az