"Beynəlxalq təşkilatların ikiüzlü mövqeyi..." - Deputat

 
NATO PA-nın Buxarestdə keçirilən 63-cü illik sessiyasının 2-cü günündə qurumun Elm və Texnologiya Komitəsinin iclasında hollandiyalı deputat Maria Martensin təqdim etdiyi "Yaxın Şərq və Şimali Afrikada Ərzaq və Su təhlükəsizliyi" adlı məruzəsindən sonra keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məruzəçiyə sual ünvanlayıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, azərbaycanlı deputat diqqəti işğal altına olan Azərbaycan torpaqlarına yönəldib.
“Siz Yaxın Şərq və Şimali Afrikada ərzaq və su məsələsini qaldırdınız və problemin həlli yollarını bildirdiniz. Lakin işğal olunmuş və xüsusilə nəzarətsiz bölgələrdə də həmin problemlər var. Artıq 25 ildir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır.
Beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa Parlamenti, NATO, eləcə də BMT-nin məlum 4 qətnaməsi var, hansı ki, Ermənistan ordusunun qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin ata-baba torpaqlarına qaytarılması ilə bağlı məsələlər orada öz əksini tapıb. Ermənistanın işğalçı ordusu sovet dövründə tikilən Sərsəng su anbarına davamı olaraq tullantılar və eyni zamanda silah-sursatlar atır, cəbhə bölgəsində yaşayan əhali sudan istədiyi vaxt istifadə edə bilmir, ciddi təhlükələr yaranır.
Baxmayaraq ki, ötən il AŞPA Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edib, amma Ermənistan bu məsələdə hər hansı bir qəti tədbir görməyib. Bununla yanaşı, işğal altında olan torpaqlarda ekoloji tarazlıq pozularsa, bu təkcə Azərbaycan üçün yox, bütün bölgə üçün təhlükəlidir. Bu mənada Azərbaycanla yanaşı, buna NATO da etirazını bildirməli, konkret addımlar atmalıdır.
Bəzən qəbul olunan sənədlər qısa zamanda icra olunur. Amma Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamə icra olunmayıb. NATO-nun məruzəçisi kimi bu məsələlərə necə aydınlıq gətirə bilərsiniz?" – deyə o bildirib.
Hollandiyalı məruzəçi Maria Martens isə bildirb ki, qaldırılan məsələlə hər iki dövlət arasında sülh yolu ilə həll edilməlidir. “Çox təəssüf ki, bu məsələlərdə biz bir şey edə bilmirik, hesab edirəm ki, hər iki tərəf bu problemi danışıqlar yolu həll etməlidirlər. Biz yenə də əhalini maarifləndirməliyik, bu cür analoji məsələlər Yaxın Şərq və Şimali Afrika ölkələrində də mövcuddur”- deyə hollandiyalı məruzəçi əlavə edib.
Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı iclasdan sonra “Report”a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar çərçivəsində hər zaman ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırır. “Biz artıq bu cür cavablara və ikili standartlara alışmışıq. Çox təəssüf ki, beynəlxalq təşkilatların ikiüzlü mövqeləri artıq ortadadır. Əvəllər yenə də çalışırdılar ki, onu gizlətsinlər, amma son illər bunu gizlədə bilmirlər.
Artıq 25 ildir ki, bir ölkənini ərazisi qonşu dövlət tərəfindən işğal olunub. Hər iki dövlət NATO-da assosativ üzvdür, amma hər ikisinə də eyni cür yanaşılır”, - deyə o vurğulayıb.
M. İbrahimqızı deyib ki, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən iclas və görüşlərdə Azərbaycan tərəfi hər fürsətdə bu məsələləri gündəmə gətirir. “Bəzən bizə bunu unutdurmaq istəyirlər. Bu cür suallar verəndə deyirlər ki, mövzu konkret olaraq Dağlıq Qarabağa aid deyil, niyə belə suallar verirsiniz? Belə iradlar da olur. Çalışırlar ki, məsuliyyətlərindən yayınmaq üçün mövzunu unutdursunlar. Amma biz hər komitənin iclaslarında imkandan istifadə edərək Ermənistanın işğalçı siyasətini gündəmə gətiririk. Cünki istər NATO PA olsun, istərsə də digər beynəlxalq təşkilatlar, ora yeni üzvlər gəlir, 20 il əvvəlki NATO PA-nın üzvləri ilə indikilər eyni deyil", - deyə M. İbrahimqızı əlavə edib.
Qeyd edək ki, sabah Azərbaycan nümayəndə heyəti NATO PA-nın plenar iclasında iştirak edəcək.