"Beynəlxalq təşkilatların bizimlə əməkdaşlığı çətindir” - PARTİYA SƏDRİ

“Beynəlxalq təşkilatların Azərbaycanla fəaliyyətində  hökumətin təzyiqi müşahidə edilir”
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu  deyib.
O bildirib ki, rəhbəri olduğu partiyanın hazırda hər hansı beynəlxalq təşkilatla əlaqəsi yoxdur:
“Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı konkret siyasət aparmadığına görə  əvvəlki illərdən fərqli olaraq nə biz onlarla, nə də onlar bizimlə əlaqə saxlayır.
Əvvəllər rəsmi proqram olurdu, amma indi elə bir şey yoxdur. Əgər beynəlxalq təşkilatların Azərbaycanla bağlı fikri və ya  ideyası yoxdursa, bizim buna nəsə deməyə haqqımız yoxdur.  Biz o zaman onlarla əməkdaşlıq edə bilərik ki,  beynəlxalq təşkilatların  siyasi mühitlə bağlı hansısa proqramları olsun. Ancaq bundan sonra biz də siyasi mühitin bir tərəfi kimi iştirak edə bilərik”.
S. Cəlaloğlu qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanda yalnız iqtisadi layihələr və ya hansısa başqa işlərlə məşğuldurlarsa, ADP-nin onlarla əlaqələrinin olması da mümkün deyil.
“Eyni zamanda onlar da heç bir təşəbbüs göstərmir. Beynəlxalq təşkilatların bundan sonra bizimlə əməkdaşlığı çətindir”.