Beynəlxalq Bankda son 3 ildə üçüncü dəfə rəhbər dəyişikliyi

Baxış sayı:
1633

ABB-nin sabiq, hazırda həbsdə olan Cahangir Hacıyevdən sonra Beynəlxalq Bankın rəhbərliyində artıq üçüncü dəfə dəyişiklik baş verib. Bu dəfə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Beynəlxalq Bankın rəhbərliyinə gətirilib. Müşahidə Şurasının tərkibi  də yenidən formalaşdırılıb. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB-nin İdarə Heyətinin (İH) sədri Xalid Əhədov Müşahidə Şurasının (MŞ) yeni üzvləri təyin olunublar.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.
Xatırladaq ki,  ki, Cahangir Hacıyevin həbsindən sonra ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov, ondan sonra isə Xalid Əhədov gətirilmişdi. Lakin görünən odur ki, bu iki sədrdən heç biri özünü doğrultmadığı üçün üçüncü dəfə rəhbər dəyişikliyi edildi və Abbas İbrahimov müvəqqəti sədr, Şahmar Mövsümov isə Müşahidə Şurasının sədri seçilib.
Bəs görəsən, ABB-yə rəhbərlik edənlərin uyğur qazanmamasının və son 3 ildə 3 rəhbər dəyişikliyinin səbəbi nədir? Yeni sədr sağlamlaşdırma prosesinin öhdəsindən gələ biləcəkmi?
“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Beynəlxalq Bankın son 15-20 ildə düşdüyü vəziyyət son dərəcə ağır idi  və onun qısa zamanda sağlamlaşdırılması üçün möcüzə lazım idi: “İqtisadiyyatda, bank sektorunda isə möcüzələr olmur. Hər şey iqtisadi qanunlarla əsaslandırılır. Ona görə də Mərkəzi Bankın düşdüyü dərin quyudan çıxması çətin və problemli bir məsələdir. Baxmayaraq ki, dövlət Beynəlxalq banka həddindən artıq böyük yardımlar etdi. 10 milyard manata yaxın daxili borcunu, 3 milyard dollardan çox xarici borcunu öz üzərinə götürdü. Son dəyişikliklərin əslində iki səbəbi var. Birinci səbəb odur ki, Neft Fondu Beynəlxalq Bankın ən böyük kreditorlarından biridir. ABB-yə 1 milyard dollardan bir qədər yuxarı kredit verib və ən böyük kredit payçılarından biri olduğu üçün idarəetmədə pay sahibi olmaq  ixtiyarı var. Hüquqi tərəfdən də Neft Fondunun buna haqqı çatır”.
İqtisadçının fikrincə, rəhbər dəyişikliyinin ikinci səbəbi özəlləşdirmə prosesinə hazırlıq və xarici investorların cəlb edilməsi məsələsidir: “Azərbaycan hökuməti, o cümlədən Maliyyə Naziri Samir Şərifov dəfələrlə bəyan etdi ki, Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı addımlar atılacaq.  Ancaq daxildə elə bir investor yoxdur ki, yerli investisiya hesabına bankın özəlləşdirilməsi həyata keçirilsin. Maliyyə qurumlarının, xarici bankların, xarici investorların isə Beynəlxalq Banka marağı yoxdur. Çünki qalmaqallar davam edir. Hələ də iki kreditorla razılaşma sona çatmayıb. London məhkəməsində çəkişmələrin  olması gözlənilir. Ancaq Azərbaycan Neft Fondu dövlət və hökumət qurumları arasında beynəlxalq aləmdə ən yaxşı nüfuzu və reytinqi olan qurumlardan biridir. Ona görə də, bir imic dəyişikliyi üçün, Neft Fondunun bugünə qədər yaratdığı pozitiv imici Beynəlxalq Bankın özəlləşdirilməsində istifadə etmək üçün belə bir addım atıldı”.
N.Cəfərlinin sözlərinə görə, banka xarici investorların cəlb edilməsi yalnız 2020-ci ildən sonra baş tuta bilər: “Dolayı bir səbəb isə o ola bilər ki, Neft Fondu  Beynəlxalq Bankı əlavə likvit vəsait təmin etsin. Çünki hələ də Beynəlxalq  Bankın düşdüyü indiki vəziyyətdən çıxması müşküldür. Bu səbəbdən həm kadr  dəyişikliyi, dəm də struktur dəyişikliyi oldu. Beynəlxalq Bankın Gürcüstan və Rusiya strukturları ləğv edildi. Çünki hər iki qurum ABB-nin çiynində artıq yük idi. Belə görünür ki, yükləri təmizləmə zamanıdır. Bankın bütün  problemlərini sıfıra çatdırıb, sonra Neft Fondunun  imicindən , beynəlxalq əlaqələrindən istifadə edərək satışa çıxarılması prosesi gedəcək. Samir Şərifov bu prosesin bu ilin sonu, gələn ilin əvvəli olacağını demişdi. Bu mənə inandırıcı gəlmir. Ən yaxşı halda 2020-ci ildən sonra bankla bağlı beynəlxalq maliyyə qurumlarının bir marağının yaranmasını müşahidə edə bilərik”./musavat/