“Beynimizi yarıyuxulu, nə baş verdiyini tam qavramayan vəziyyətdə saxlamağa çalışırlar” – QUBAD İBADOĞLU

Baxış sayı:
4365

“Cəmiyyətin qurtuluşu üçün “BİZ” olmağa istəkli, ən fəal üzvləri bir meydanda birləşdirmək qərarını vedik”

“Ağır zəmanəyə gəldik, büdcəyə, pensiya fonduna, işsizlikdən sığorta fonduna, iri vergi ödəyicisi olan bütün dövlət şirkətlərinə, polisə, hərbçiyə, məmura, icra hakimiyyətinə, bələdiyyəyə, bir sözlə hər kəsə pul lazımdır. Dövrümüzün aktuallığına görə Hamletin məşhur “olum, ya ölüm” dilemmasından geri qalmayan sualı belədir: Hamının yaşaması üçün yetəcək pulu hardan tapmalı?” Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Etiraf edək ki, sualı eşidənlərin çoxunun ağlına ilk olaraq Neft Fondu gəlir. Ancaq bu gedişlə Fondda toplanan vəsaitin ünvansız və səmərəsiz xərclənməsi ilə ordakı pulun da axırına tezliklə çıxıla bilər. Bəs, sonra? Ölkəni idarə edənlər sonrasını heç vaxt fikirləşməyiblər. Əgər fikirləşsəydilər, vaxtında iş görmək əvəzinə, xalqı gecə-gündüz saxta statistika və islahat nağılları ilə yuxuya verməyə çalışmazdılar”,-iqtisadçı alim əlavə edib.

“Beynimizi zorlayıb yavaş-yavaş anlatmağa çalışırlar ki, qızıl kimi vaxtı-fürsəti əldən verək”

Q. İbadoğlunun sözlərinə görə, bizi cəmiyyət olaraq indi uzun və dərin yuxuya verərək,  sonra da qismən anlaqlı vəziyyətdə, tam ayılmamış, yuxu ilə gerçəklik arasında var-gəl etməyə, beynimizi yarıyuxulu nə baş verdiyini tam qavramayan vəziyyətdə saxlamağa çalışırlar: “Beynimizi zorlayıb yavaş-yavaş anlatmağa çalışırlar ki, qızıl kimi vaxtı-fürsəti əldən verək, “üstü bəzək – içi təzək” inkişaf cəhalətin girdabında qəhr olaq. Bunun da arxasında ölkəni nə sivil qaydada idarə edəcək institutlar yaranıb, nə də sağlam ictimai-siyasi münasibətlər formalaşıb”.

“Qururumuz Qarabağımız kimi əsarətdədir”

“Təxminən belə bir vəzyyətdəyik: Eyni gəminin sərnişinləri kimi 30 il əvvələ dönürük, ancaq bir istsina ilə. 30 il öncə neftdən, qazdan qazancımız olmasa da, zamanımız və qürurumuz yetərincə idi. Təəssüf ki, zaman rahatlığımızın yeminə çevrildi, qururumuz isə Qarabağımız kimi əsarətdədir. Ancaq bütün bunlar bizdə gələcəklə bağlı bədbinlik yaratmamalıdır. Nəyin bahasına olursa-olsun, “Sizif əməyindən” qurtulmalı, o daşı o dağın başına çıxarıb, əks tərəfə dığırlatmalıyıq. Bunun üçün isə hər şeyi şıfırdan başlamalıyıq. Yeni dünyada köhnə qaydalarla buna nail olmaq mümkünsüzdür. Dəyişməliyik və toplum olaraq ictimai şüura yiyələnməliyik. Nədən bu günə qədər ictimai şüura sahiblənə bilmədik? Ona görə ki, “BİZ” yoxdur, “BİZ” heç nəyi həll etmir və ya ən yaxşı halda çox az şeyə təsir edə bilir. Bu durum da imkan verir ki, hakimiyyət cəmiyyət üzərində qəti hökmranlığını davam etdirsin və onu daim əzsin. “BİZ” olmayan toplum hakimiyyətdən fayda gözləmir. Hakimiyyət də vahid olmayan toplumun qarşısında məsuliyyət hiss etmir. Belə olduqda cəmiyyətin sağlam təməli – “BİZ“ faktiki mövcud olmur, öz taleyinə sahib çıxa bilmir və üstəlik, hər gün içimizdəki kini, nifrəti bir-birimizə yönəltməklə, toplumu daha da zəiflədir, taqətdən düşmüş “bədənə” zərbələr endirir, bir-birimizin qəniminə çevrilirik. Məhz bu səbəblərdən toplumda “BİZ” faktoru yaranmır”,-deyə iqtisadçı alim qeyd edib.

“İctimai şüuru inkişaf etdirməliyik”

Q. İbadoğlunun fikrincə, növbəti əsas sual “nə etməli?”dir: ““BİZ” ilk növbədə cəmiyyətimizi ayağa qaldırmalı, sonra isə cəmiyyətimizin beynini oyatmalıyıq. İctimai süuru inkişaf etdirməliyik. Bu süur rolunu sosial şəbəkələrdə “BİZ” oynaya bilər. İndiyə qədər heç bir sosial şəbəkə layihəsi düşünən beyinləri bir yerə yığa bilməyib. Müxtəlif siyasi güc mərkəzlərinin və tənha müstəqillərin fikirləri olub, amma yaradıcı – tədqiqedici məsləhət meydanı, ictimai təşəbbüs formatı olmayıb. Bu gün də o rüşeym formasındadır. Amma cəmiyyətimizi dəyişmək üçün bu, kifayət eləmir. Odur ki, xalqın zəruri ehtiyaclarını öyrənərək onları “BİZ” formatında eyni mövqeyə gətirən, toplumun fikirlərini hakimiyyətə olduğu kimi, dürüst catdiran və hakimiyyəti “BİZ”lərlə hesablaşmağa və effektiv işləməyə məcbur edən ümumi format (meydan) yaratmalıyıq. “BİZ” milliyyətindən, siyasi baxışlarından,  inancından, social statusundan, cinsindən və yaşından asılı olmayaraq bütün azərbaycanlılar olmalıdır”.

““BİZ” qrupu öz taleyinə, ölkəsinə, onun sərvətlərinə sahib olmaq istəyən xalqın qrupudur”

“Nəhayət sonuncu sual: Biz bu meydanı yaradıb, missiyamızı reallaşdıra bilərikmi? Cəmiyyət bagça kimidir: arzu olunanlar becərilməyəndə arzu olunmayanlar artıb coxalır. İnsan cəmiyyəti canli organizm misalıdır, inkisaf etmirsə geriyə gedir, deqradasiyaya uğrayır. Orqanizmin inkişafı beynin formalaşmasından asılı olduğu kimi, cəmiyyətin inkişafının məntiqi də alqoritm ardıcıllığından asılıdır. Bu gün biz həmin alqoritmi yaratmalıyıq. İnkişaf alqoritmini düzgün qurmaq və səmərəli işlətmək üçün isə ilk növbədə cəmiyyətin beyni səmərəli çalışmalıdır. Bu da hər kəsin öz töhfəsini verə biləcəyi bir prosesdir. Odur ki, cəmiyyətin qurtuluşu üçün “BİZ” olmağa istəkli, ən fəal üzvləri bir meydanda birləşdirmək qərarını vedik. “BİZ” birliyin sadə və neytral nümunəsidir. “BİZ” qrupu öz taleyinə, ölkəsinə, onun sərvətlərinə sahib olmaq istəyən xalqın qrupudur, bu sosial sifarişdən yaranan ictimai təşəbbüslər üçün meydan, cəmiyyətin gələcəyini düşünən insanlar üçün imkanlar yaradan vasitədir. Bu, mənim, sənin deyil, bizim qrupumuzdur. Bu qrupda “BİZ” düşüncəsində olan və “BİZ”in gücünə və deməli öz gücünə inanları səfərbər etməklə, onlarda dəyişikliklərə və onları həyata keçirməli olan özünə inam yaratmaqla, ictimaiyyətin narazılığını dərhal əlaqədar hakimiyyət orqanlarına çatdırmaqla indiyə qədər göstərdiyimiz ictimai təşəbbüsləri (“Virusu məktəblərə buraxmayaq”, “Metronu dayandıraq”, “Birdəfəlik yardıma müraciət edək”) davam etdirməli, qərarların qəbulunda ictimai iştirakçılığa və təsirlərə nail olmalı, nəhayət, hökuməti düzgün, şəffaf, hesabatlı və effektiv işləməyə vadar etməliyik. Niyyətimiz hədəfimizin göstəricisidir! Biz birləşmək qərarı verdik, siz necə BİZ olmağa hazırsınızmı?”,-deyə iqtisadçı alim müraciət edib.

Şamo EMİN