​Beşqat dünya çempionun işində beşbarmaq sübuta yetirilmir - Qayınata narazıdır

Baxış sayı:
9907

“Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidov hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehtiram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində icra məmuru Vüqar Alıyev ifadə verib.
Vüqar Alıyev deyib ki, Ehram Məcidov uşaqları ilə görüşən zaman orada olub: "Qayınanası və qayınatası da orada idi. Əvvəlcə uşaqlar atalarına etiraz etdilər. Deyirdilər ki, niyə gec gəlirsən, niyə gəlmirsən?
Sonra mən uşaqların nənəsi və babasından otaqdan çıxmalarını istədim. Amma çıxmadılar. Sonra mübahisə başladı. Qayınatası Ehramı təhqir elədi. Ehram da onu vurdu. Biz onları sakitləşdirməyə çalışdıq. Qayınatası müqavimət göstərmək istəsə də bacarmadı. Amma ayağından tutmuşdu".
Zərərçəkmiş Bəhruz Dilbazi və onun vəkili şahidə sual veriblər. Soruşublar ki, Ehram qayınatasını vuran zaman onun əllərini görə bilibmi?
Şahid Vüqar Əliyev Ehram Məcidovun əllərini gördüyünü deyib.
Bu sual ona görə verilib ki, Ehram Məcidovun əlində beşbarmaq olub-olmadığı aydınlaşdırılsın.
Vüqar Əliyev "görmüşəm" cavabı zərərçəkmiş tərəfi razı salmayıb.
Zərərçəkmiş Bəhruz Dilbazi deyib ki, şahid yalan danışır, çünki Ehramın əllərini görməyib: "Ehramın kürəyi ona tərəf idi. Mümkün deyildi ki, onun əlini görsün".
Bəhruz Dilbazi şahiddən Ədliyyə Nazirliyinə şikayət etdiyini deyib.
Hakim isə zərərçəkmişin sözünü kəsərək bildirib ki, şahidə təzyiqdir: "Şikayət etmisinizsə, bu araşdırılacaq. Amma siz burada şahidə təzyiq edib istədiyiniz cavabı ala bilməzsiniz".
Daha sonra Ehram Məcidovun vəkili şahidə sual verib. Ondan Ehram Məcdiovda beşbarmaq olub-olmaması soruşulub.
Şahid bildirib ki, Ehram Məcidovda beşbarmaq olmayıb. Suallara cavabında Vüqar Alıyev qeyd edib ki, hadisədən sonra Ə.Məcidov binadan çıxmayıb və mühafizəçinin otağında gözləyib.
Daha sonra Ehram Məcidov şahidə sual verib. Əvvəlcə soruşub ki, uşaqları ilə görüşən zaman onlara təzyiqi, aqressiyası olubmu?
Şahid isə belə bir hala şahidlik etmədiyini deyib.
Ehram Məcidov məhkəməyə arayış verib: "Mən tələb elədim ki, otaqdan çıxsınlar. Amma çıxmadılar. Orada qayınatam Vüqarın üstünə qışqırdı ki, uşaqlar görüşdən imtina edir. Sonra bunu yazarsan".
Məcidovun bu dediklərini şahid təsdiqləyib.
Daha sonra Ə.Məcidov əlavə edib: "Mən söyüş söyləmişəm. Təhqir ediləndə onu vurmuşam. Əlimdə də heç nə olmayıb".
Şahid Vüqar Alıyev Ehram Məcidovun bu dediklərini də təsdiqləyib.
Məhkəmədə digər icra məmuru Bəxtiyar İsmayılov da ifadə verib. Şahid kimi dindirilən İsmayılov qeyd edib ki, hadisənin birbaşa şahidi olmayıb.
Amma hakim bildirib ki, istintaq zamanı Bəxtiyar Ismayılov hadisəni gördüyünü, tərəflərin bir-birinə dediklərini eşitdiyini deyib.
Şahidə ifadəsi və imzası göstərilib. İsmayılov imzanın özünə məxsus olmadığını deyib. Cinayət işi materiallarında İsmayılovun digər ifadələrində də fərqli imzalar olduğu məlum olub.
Məhkəmədə hadisə baş verən zaman tərəfləri sakitləşdirmək istəyən iki icra məmuru da ifadə verib. Onların da istintaqa verdiyi ifadələrə başqa şəxslərin imza atdığı məlum olub.
Məhkəmə iclası martın 11-də davam etdiriləcək.
Bildirək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun əməli sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.