​Berlində marafon iştirakçılarına HÜCUMUN QARŞISI ALINIB – Terrorçular qisas almaq istəyirmişlər

Baxış sayı:
2335

Bazar günü, aprelin 8-də Berlində ənənəvi yarımmarafon yürüşlərinin iştirakçılarına və tamaşaçılara hücumun qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, AFR-in xüsusi xidmət orqanları tərəfindən 6 nəfər saxlanılıb. Onların arasında əsas şübhəli şəxs də var.
“Die Welt” qəzeti Berlin polisinin məlumatına istinadla xəbər verir ki, əlində iki ədəd iti bıçaq olan cinayətkar idmançılara və tamaşaçılara hücum etmək istəyib. Qəzet daha sonra bildirir ki, saxlanılan şəxslərin başçısı 2016-cı il dekabrın 19-da Berlində terror aktı törədilməsində şübhə doğuran və həmin cinayətdən 4 gün sonra güllələnmiş Anis Amrinin yaxın ətrafına aiddir. Xüsusi xidmət orqanlarının məlumatına görə, Berlində saxlanılmış bu şübhəli şəxs Amriyə görə bu yolla qisas almaq niyyətində olub. Bununla bərabər, vurğulanır ki, “konkret təhlükə” olmayıb, çünki potensial terrorçu çoxdan bəri xüsusi xidmət orqanlarının müşahidəsi altında olub. O da qeyd edilir ki, həmin şəxslərin saxlanılması və bu günlərdə Münsterdə baş vermiş terror aktı arasında əlaqə yoxdur.