Berlin divarının sökülməsinin 30 illiyi mərasimində 100 mindən çox insan iştirak edib

Baxış sayı:
2615

Təşkilatçılar və polisin bildirdiyinə görə, Berlin divarının sökülməsinin 30 illiyi münasibətilə noyabrın 9-da açıq səmada keçirilmiş təntənəli mərasimdə 100 mindən çox insan iştirak edib.

Hava şəraitinin soyuq olmasına baxmayaraq, izdihamlı insan kütlələri şənbə günü musiqi dinləmək və atəşfişanlığa tamaşa etmək üçün Berlinin Brandenburq qapısı önünə toplaşıb.

Brandenburq qapısına aparan bulvar amerikalı rəssam Patrik Şearn tərəfindən yaradılmış, üzərində sevgi və sülh mesajlarının yazıldığı göy qurşağı rəngli dekorativ torla örtülüb.

Berlin, 10 noyabr 1989-cu il -Şərqi və Qərbi almanlar Brandenburq qapısı qarşısında Berlin divarı üzərində dayanıb.

(Berlin, 10 noyabr 1989-cu il -Şərqi və Qərbi almanlar Brandenburq qapısı qarşısında Berlin divarı üzərində dayanıb)

Berlin divarının sökülməsi şərqi Avropada kommunizmə son qoyan ən mühüm hadisələrdən biri idi.

Şənbə günü Almaniya, Polşa, Macarıstan, Slovakiya və Çex Respublikasının liderləri Berlin divarının son parçalarının mövcud olduğu Bernauer Strasse-də keçirilən mərasimdə bir zamanlar şəhəri bölən divarın olduğu yerə qızıl güllər qoyub.

30 il əvvəl Berlin divarının sökülməsi demokratik qərb və kommunist şərq arasında parçalanmaya son qoydu. Divarın götürülməsi Şərqi Almaniyada İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqının tətbiq etdiyi kommunizmin süqutunun simvoluna çevrildi. Bu həm də Almaniyaların unifikasiyasına yol açdı.