"Berlin Ankaranın güclənməsini həzm etmir" – NATİQ MİRİ

Almaniya-Türkiyə münasibətlərinin pisləşməsindən danışarkən bu münasibətlərin nə vaxtdan, hansı hadisədən sonra pisləşməsinə xüsusi fikir vermək lazımdır.
Təbii ki, bu zaman dərhal ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi yada düşür.
Muxalifet.az xəbər verir ki, bunu politoloq Natiq Miri hazırda Türkiyə və Almaniya rəsmiləri arasında gərgin münasibətləri şərh edərkən deyib.
Onun sözlərinə görə, 15 iyul çevrilişə cəhd hadisəsindən sonra təkcə Almaniya ilə deyil, Türkiyənin “strateji” müttəfiqi olan Qərb dünyası ilə münasibətləri gərginləşməyə başladı: “Çünki Türkiyə hakimiyyətinə aydın oldu ki, bu hərbi çevrilişi istəyən və dolayısıyla dəstəkləyənlər bir sıra Qərb ölkələri olub. Həmin ölkələrdən biri də təbii ki, Almaniyadır. Ayrıca, bu çevriliş çərçivəsində Türkiyəni daxildən zəiflətmək istəyən PKK terrorçularına dəstək verən ölkələrin başında məhz Almaniya dayanır. Xüsusilə PKK terrorunu və bu yöndə Türkiyəyə zərər verəcək digər ünsürləri dolayısıyla maliyyələşdirən Almaniya QHT-ləri var. Onlar Türkiyə daxilində fəaliyyət göstərirlər və buna rəğmən, Türkiyəyə düşmən münasibət bəsləyirlər. Bütün bu həqiqətlər ortaya çıxdıqdan sonra təbii ki, Türkiyə özündə türk düşmənliyi ehtiva edən bütün QHT-lərin ölkə ərazisində fəaliyyətini dayandırdı. Bundan başqa Türkiyəyə düşmən münasibət bəsləyən Bundestaqın deputatları üçün İncirlik hərbi bazasının ərazisinə giriş tamamilə qadağan olundu. Həmin qadağa bugünədək qüvvədədir”.
Politoloq Almaniyanın suriyalı miqrantlarla bağlı Türkiyəyə verdiyi bir çox sözlərin Angela Merkel tərəfindən yerinə yetirilmədiyini vurğulayıb: “Ən nəhayət, Türkiyədə keçirilən referendum ərəfəsində türk nazirlərin Almaniyadakı türk toplumu ilə görüşlərinin keçirilməsinə icazə verilmədi. Bütün bu səbəblər toplusu bilavasitə Almaniya ilə Türkiyə arasında münasibətlərin gərgin müstəvidə inkişaf etməsinə səbəb oldu. Bu günün özündə də Almaniya Türkiyəyə düşmən münasibətini dəyişmir. Almaniya Türkiyənin geri çəkilməsini və əvvəlkitək idarəolunan bir Türkiyə səviyyəsinə gəlməsini iddia edir. Ancaq Türkiyə əvvəlki Türkiyə olmadığı üçün bu cür tələbləri qəbul etmir. Əgər Ərdoğan Almaniyadakı türk toplumu ilə görüşərsə, bu, gələcəkdə Almaniya üçün böyük problemlər yarada bilər. Çünki referendum ərəfəsində Almaniyada yaşayan türk toplumunun böyük əksəriyyəti AKP hökumətinin lehinə səs vermişdi. Rəsmi Berlin AKP-nin Almaniyada çox ciddi dəstəyinin olduğunun fərqindədir və bundan çox ciddi şəkildə narahatdır. Almaniya hökuməti bu cür qadağalarla əslində dolayısıyla daxilində olan ictimai-siyasi stabiliyə təhdid yarada biləcək vəziyyəti aradan qaldırmaq istəyir. Bir sıra gerçəkliklər var ki, Almaniya onları anlayıb qəbul etməsə, heç şübhəsiz Türkiyə-Almaniya münasibətləri gərgin müstəvidə inkişaf etməkdə davam edəcək”.
Müsahibimiz onu da bildirib ki, Türkiyə artıq regionda son illərdə çox ciddi geosiyasət yürüdür: “Bu, nəinki regional, həm də qlobal səviyyədə ortalığa qoyulmuş bir Türkiyə iddiasıdır. Təbii ki, bunu həzm etməyən dünya gücləri var. Onlardan biri də Almaniyadır”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də keçiriləcək G-20 sammitində iştirak məqsədilə Hamburqa səfər edəcək. O, səfər çərçivəsində Almaniyada yaşayan türklərlə görüşmək istəyib. Ancaq ölkənin xarici işlər naziri Ziqmar Qabriel iki ölkə arasında münasibətlərin gərgin olması səbəbindən R.T.Ərdoğanın çıxışının mümkün olmayacağını vurğulayıb./teleqraf.com