Beriyanın cəllad, sutenyor cangüdəni Nadaraya– Onun qaşqabaqlı sifəti Stalinin də xoşuna gəlmirmiş

Baxış sayı:
6388

Onu Kremlin bütün məmurları da tanıyıb, amansızlığına, qaniçənliyinə, cəllad xislətinə də bələd olublar. Lavrenti Beriyanın şəxsi mühafizəçisi olan və ən yaxın adamlarından biri sayılan Sardion Nadaraya ətrafdakılar tərəfindən təhlükəli bir şəxs kimi qəbul olunub...

Sardion Nadaraya 1903-cü ildə Kutaisidə kəndli ailəsində anadan olub. Heç bir təhsili olmayan Sardion Nadaraya həmyerlisi Lavrenti Beriyanın köməyi ilə 1926-cı ildə Tiflisdə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul olunub.

1936-cı ildə onun xidməti fəaliyyəti yüksək qiymətləndirilərək, Gürcüstan “NKVD”-sinin türməsinə rəis təyin olunub. Bu vəzifədə Nadaraya daha tez fərqlənib. Məhz yeni işgəncə növlərinin tətbiqi, məhbuslara xüsusi amansızlıqla yanaşma metodları onun adı ilə bağlı olub. Türmə rəisi güllənmə hökmündə şəxsən iştirak edib, prosesdən əvvəl güllələnməyə məhkum olunmaşlara amansız işgəncə verib.

Sözsüz ki, Stalin hakimiyyətinin ən amansız illəri olan 1930-cu illərin sonlarında Sardion Nadaraya qiymətli bir kadr sayılıb. Elə buna görə də Beriya Moskvaya işləməyə gedəndə Nadarayanı da özü ilə aparıb.

Onun rütbələri çox tez-tez əvəzənərək böyüyüb, artıq çiyinlərində polkovnik rütbəsi gəzdirən Sardion Nadaraya əvvəl Beriyanın şəxsi mühafizə dəstəsinin rəis müavini, sonra rəisi, daha sonra isə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyində idarə rəisi vəzifələrində xidmət edib.

Sardion Nadaraya adətən rəsmi və qeyri-rəsmi tədbirlərdə Beriyanın arxasında dayanıb. Bu xoşagəlməz simalı adam çoxlarında qıcıq yaradıb, o cümlədən İosif Stalində də.

Tədbirlərin birində, marşal Kliment Voroşilovun bağ evində keçirilən ziyafət zamanı Stalin zarfatla öz narazılığını da bildirib:

- Lavrenti Pavloviç, siz öz cangüdəninizin tərcümeyi-halına yaxşı bələdsiniz?

Qəfil sual Beriyanı çaşdırsa da, o, həmişə olduğu kimi hazırcavablığı ilə suala daha ətraflı cavab verib:

- Əlbəttə, yoldaş Stalin, mən təkcə cangüdənimin deyil, bütün “NKVD”-nin şəxsi heyətinin tərcümeyi-halını yaxşı bilirəm.

Stalin bu cavabdan sonra sən deyə müraciətə keçib:

- Lavrenti, sən “NKVD”-nin şəxsi heyətini yaxşı tanıdığın kimi, mən də bu məclisdə oturan bütün məmurları yaxşı tanıyıram, o cümlədən səni də. Sən özünə hansısa bir təhlükə gözləyirsən burada? İkincisi, sənin cangüdənin, səhv etmirəmsə, gürcüstanlıdır. Amma mən buna şübhə edirəm. Qafqazlılar gülərüz, mehriban olurlar. Nadarayanın qaşqabağı isə adamın iştahasını küsdürür, biz yaşlı adamlarıq, onsuz da iştahamız o qədər də qaydasında deyil.

Bu kiçik dialoqdan sonra Beriya Nadarayanı məclisdən çıxarıb.

Sardion Nadarayanın özbaşınalığı, Moskvanın restoranlarında at oynatmağı, qadınlarla əyləncələri ilə bağlı Stalinə dəfələrlə şikayət olunub. Bununla yanaşı, onun maddi cəhətdən çox sürətlə varlanması haqqında da Stalində məlumat olub.
Moskvada “NKVD”-nin türməsində Nadaraya ən qorxulu simalardan biri sayılıb. O, 10 min nəfərə yaxın insanı şəxsən güllələyib. Gün ərzindəki ən böyük rekordu isə 521 nəfər olub.

Onun işi yalnız Beriyanı qorumaq, adam güllələmək, işgəncə verməkdən ibarət olmayıb. O, həm də digər mühafizəçi, milliyətcə erməni olan polkovnik Sarkisovla birgə Beriyanın xoşuna gələn xanımı nəyin bahasına olursa-olsun, onun hüzuruna gətirmək, şefinin əyləncəsini lazımınca təşkil etmək, intim əlaqədən sonra xanım hamilə qalarsa, onu aborta aparmaq, Beriyanın məşuqələrinə çevrilən qadınların ailəsində problem yarananda qardaşlarını, ərlərini, atalarını çox asanlıqla həbs etdirmək kimi vəzifələri də icra edib.

Sardion Nadaraya Beriyaya o qədər arxayın olub ki, o, istənilən dövlət məmuru ilə istədiyi tərzdə öz dilində danışıb.
Amma bu hökmranlıq çox da uzun çəkməyib. Beriyanın həbsindən və güllələnməsindən sonra Sardion Nadarayanın da ulduzu sönüb. Haqqındakı cinayət işinin istintaqı yekunlaşdıqdan sonra, 1955-ci ildə məhkəmə onu əmlakı müsadirə edilməklə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Nadaraya ömrünün düz 10 ilini türmələrdə keçirib. 1965-ci ildə azadlığa çıxdıqdan sonra Nadaraya Gürcüstanda yaşayıb.

Onun nə vaxt və harada ölməsi haqqında isə heç bir məlumat yoxdur./musavat