Beriyanın adamlarını pulemyotla qarşılayan, bir evdə iki arvad saxlayan sovet marşalı

Baxış sayı:
8980

Onu əfsanəvi marşal adlandırıblar. O, çevikliyi, qoçaqlığı, fiziki gücü, yetərincə hərbi biliyə malik olması ilə fərqlənib. Sözsüz ki, marşal həm də dəlisov bir adam olması ilə də yaddaşlarda qalıb.
 
Marşal Semyon Budyonnı SSRİ-də ilk dəfə Sovet İttifaqı marşalı rütbəsi təsis ediləndə bu rütbəni alan ilk beş nəfərdən biri olub. Budyonnı həm də yeganə marşal olub ki, Stalinin repressiya “tədbir”lərində heç vaxt iştirak etməyib. Ümumiyyətlə, marşal Budyonnı siyasətdən uzaq olmağa çalışıb. Beriyanın daxili, Molotovun xariçi işləri onu heç vaxt maraqlandırmayıb. Yeri gəldikcə öz sözünü deyib, fikirlərini sərt ifadə edib. Məruzə və çıxışlarında heç vaxt senzura olmayıb. Elə bu xüsusiyyətinə görə bir çox yüksəkçinlilər ondan çəkinib. Hətta buna görə Beriya onu həbs etdirməyə də cəhd göstərib. Və günlərin birində gecə yarısı “NKVD”-nin qara maşını Budyonnının qapısında görünəndə, marşal “qonaq”ları nə duz-çörəklə, nə də tapança-tüfənglə yox, pəncərəyə qoyduğu pulemyotla qarşılayıb. Salam-kəlamsız, “sizin ananızı” deyə silahı işə salmaq istəyəndə “qonaq”lar tez-tələsik gəldikləri maşına doluşub dəlisov marşalın həyətini tərk ediblər. Səhərisi gün Beriya vəziyyəti olduğu kimi Stalinə məruzə edib. Stalin Budyonnıya zəng vurmaq qərarına gəlib:
- Əhsən, Semyon, əhsən sənə. Sən əsl marşal kimi hərəkət etmisən.
- İosif, əks-inqilabın qarşısını yalnız belə almaq olardı.
Budyonnı həmişə Stalinə məhz belə, İosif deyə müraciət edib.
Bu hadisədən sonra Stalin “NKVD” rəhbərliyinə göstəriş verib: “Bu dəlisovdan heç kimə ziyan gəlməz, marşalı bir daha narahat etməyin”.
Semyon Budyonnı 1883-cü ildə Rostovda yoxsul bir kəndli ailəsində anadan olub. Natamam orta təhsil alıb. 1903-cü ildə orduya çağrılıb. Uzaq Şərqdə xidmət edən Budyonnı rus-yapon müharibəsinin iştirakçısı olub. O, orduda atçılıq idmanının əsasını qoyub və bununla da atlı ordusunu yaratmağa nail olub. Budyonnı vətəndaş müharibəsində birləşmiş kavaleriyaya rəhbərlik edib.
Semyon Budyonnı yüksək hərbi dairələrdə atçılıq qvardiyasının təşkili ilə bağlı daha çox iş görməyə çağırışlar edib. Və sonralar məlum olub ki, marşal bu çağırışlarında haqlı olub. Belə ki, Almaniya-SSRİ müharibəsində Moskvanın müdafiəsində 45 dərəcə şaxtada texnika sıradan çıxanda atlardan istifadə ordunu xilas edib.
Semyon Budyonnı Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra ehtiyat korpusun komadanı, Şimali Qafqaz ordusunun komandiri, Silahlı Qüvvələrin süvari qoşunlarının komandanı və 1940-cı ildə müdafiə komissarının (müdafiə nazirinin) müavini kimi yüksək vəzifələrdə xidmət edib. Onun başçılıq etdiyi hərbi əməliyyatlar həmişə uğurla nəticələnib. Daşıdığı hərbi vəzifələrlə yanaşı Semyon Budyonnı 1947-1953-cü illərdə SSRİ kənd təsərrüfatı nazirinin atçılıq təsərrüfatı üzrə müavini vəzifəsində də işləyib.
Semyon Budyonnı ciddi hərbçi olması ilə yanaşı, xidmətdən sonrakı asudə vaxtında əyləncələri sevən, qadınlara xüsusi maraq göstərən, həyat dolu bir insan olub. Marşal yaxşı tost deməyi bacarıb, qarmonda mükəmməl ifa edib, iştirak etdiyi məclislərdə təşəbbüskarlığı bütövlükdə ələ ala bilib. Stalin Budyonnının bu xüsusiyyətini həmişə alqışlayıb.
Marşalın şəxsi həyatında da maraqlı məqamlar az deyil. O, birinci dəfə 1903-cü ildə qonşu kənddən olan Nadejda İvanova ilə ailə həyatı qurub. Nadejda vətəndaş müharibəsində tibb məntəqələrinin ləvazimatlarla təminat məsələsi ilə məşğul olub. Nadejda 1925-ci ildə silahdan ehtiyatsız davrandığı zaman aldığı güllə yarasından ölüb. Amma bu hadisə ilə bağlı digər bir versiya da mövcuddur. Belə ki, bu versiyaya görə Budyonnı sərxoş vəziyyətdə yaşadığı evə məşuqəsini dəvət edib. Bu dəvətdən sonra marşalla həyat yoldaşı arasında mübahisə düşüb, qəzəblənən Budyonnı Nadejdanı güllələyib.
Qadınsız yaşaya bilməyən Budyonnı bu hadisədən cəmisi iki gün keçdikdən sonra yenidən evlənib. O, özündən 20 yaş kiçik olan opera müğənnisi Olqa Mixaylova ilə ailə həyatı qurub. Bu xanım həmin dövrdə əcnəbi vətəndaşlarla eşq macəraları yaşayan bir qadın kimi məşhur olub. Araşdırmaçıların qənaətinə görə, Olqa Mixaylova xarici ölkələrin kəşfiyyatına da işləyib. “NKVD”-nin nəzarətində olan müğənni 1937-ci ildə həds edilərək sürgünə göndərilib. Stalinin hakimiyyəti dövründə Budyonnı həyat yoldaşını həbsdən azad etməyə cəhd göstərməyib.
Marşal üçüncü dəfə ikinci qayınanasının təşəbbüsü ilə həbs olunan həyat yoldaşının xalası qızı ilə evlənib. Aralarında 30 yaş fərqi olsa da üçüncü nikah uzunömürlü və çoxuşaqlı olub. Cütlüyün dünyaya üç övladı gəlib. 1956-cı ildə Budyonnı ikinci həyat yoldaşını həbsdən azad etdirib. Marşal onu da öz evində saxlayıb.
Qeyd edək ki, Budyonnının nəvəsi Anastasiya Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Vladimir Peskovun birinci həyat yoldaşı olub.
Budyonnı ömrünün son illərinə kimi günrah və sağlam yaşayıb. 48 yaşında paraşütdən tullanıb. 50 yaşından sonra üçüncü övladı, oğlu dünyaya gəlib. 84 yaşında Voronojdə keçirilən tədbirlərin birində marşal jurnalistləri at belində qarşılayıb.
Günlərin birində televizorda Albert Azaryanın çıxışlarını göstərəndə həyat yoldaşı Budyonnını həyətdən evə çağırıb ki, erməni gimnastın çıxışına o da baxsın. Budyonnı ailə üzvlərinin həlqələrlə nömrə göstərən gimnasta təəccüblə baxdığını görəndə deyib:
- İndi guya bu nə isə qeyri-adi bir çıxışdır? Bu yalnız atlanıb-düşür. Çıxın həyətə, mən sizə əsl gimnastikanın nə olduğunu göstərim.
Marşal həyətdə gimnast həlqələri ilə elə “oyun” göstərib ki, ailə üzvləri özlərindən asılı olmayaraq əl çalmağa başlayıblar. Həmin vaxt marşalın 72 yaşı olub.
Marşal Semyon Budyonnı 1973-cü ildə 91 yaşında vəfat edib. O, Kreml divarlarının qarşısında dəfn edilib.