Benzin idxalına gömrük rüsumu bərpa olunur - SƏBƏB

Baxış sayı:
289

AI-92-ni əsasən 3 ölkədən alırıq
Dekabrın 1-dən etibarən Azərbaycana AI-92 markalı benzinin idxalına tətbiq olunan gömrük güzəştinin müddəti bitir. Həmin tarixdən etibarən idxal olunan benzinə 15 faiz təşkil edən gömrük rüsumunun tətbiqinə başlanacaq.
Xatırladaq ki, bu ilin avqustunda Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.
Sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunub və 90 gün müddətində qüvvədə qalacağı qeyd edilib.
Onu da bildirək ki, benzin idxalının müəyyən dövr üçün gömrük rüsumundan azad olunması son illərdə Azərbaycanda hər il təkrarlanan prosesdir. Belə ki, SOCAR-ın AI-92 markalı benzini istehsal edən Bakı Neft Emalı zavodu hər il 1 aylığına təmirə dayanır. Təmir müddətində ölkənin daxili tələbatını təmin etmək üçün xaricdən benzin idxal edilir. AI-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir, xaricdən idxal olunan benzin isə Şuranın müəyyənləşdirdiyi qiymətdən baha başa gəlir. Buna görə də hökumət SOCAR-ın zərərə düşməməsi üçün AI-92-nin idxalını zavodda təmir başa çatanadək rüsumdan azad edir.

İbrahim Əhmədov ile ilgili görsel sonucu

SOCAR İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədovun mətbuata verdiyi məlıumata görə, oktyabrın 4-dən başlanan builki təmir dövründə daxili tələbatı təmin etmək üçün Azərbaycana 120 min ton benzinin idxal olunması nəzərdə tutulub: “BNEZ-in planlı təmirə dayandırılması ilə əlaqədar olaraq biz Azərbaycana 120 min ton AI-92 markalı benzin idxal etməyi planlaşdırırdıq. 60 min ton yanacaq Rusiyadan, qalan 60 min ton isə Qara dəniz hövzəsi ölkələrindən idxal ediləcək. Ancaq ötən illərin təcrübəsi göstərir ki, idxalın faktiki həcmi planlaşdırıldığından xeyli az ola bilər.
İ.Əhmədov qeyd edib ki, “Ai-95" əsasən Rusiya və Ruminiyadan idxal olunur:”"Ai-92" benzininin idxalı yalnız planlı təmir müddətində lazım olur və bazarda logistika və qiymət baxımından mövcud olan ən uyğun təkliflər arasında qərar verilir. İdxal edilən bu benzin bu ildə əsasən Rusiya mənşəlidir və 4 min ton civarında olan kiçik bir hissəsi Türkmənistandan idxal olunmaqdadır".
SOCAR rəsmisinin sözlərinə görə, təmirin 4 noyabr 2019-ci tarixinə qədər mərhələli şəkildə tam yekunlaşması planlaşdırılıb.
Təmir müddətində nə qədər benzinin idxal olunduğu açıqlanmayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən sentyabr ayında Azərbaycan 16 min 459,08 ton AI-92 markalı avtomobil benzini idxal edib. 11 milyon 30,26 min dollar dəyərində olan benzin yalnız Rusiyadan alınıb.
Qeyd edək ki, 2018-ci ildə BNEZ təmirə dayanan zaman Azərbaycan 58 milyon 913,7 min dollar dəyərində 72 min 596,05 ton AI-92 markalı avtomobil benzini idxal edib.//musavat