Belçika mətbuatı Xocalıdan yazdı

Baxış sayı:
3850

Fevralın 28-də Belçikanın ingilis dilli “The Brussels Tayms” jurnalının rəsmi internet səhifəsində Xocalı soyqırımına həsr olunmuş “Azerbaijan commemorates the victims of Khojaly massacre” başlıqlı məqalə dərc edilib.
Muxalifet.az xəbər verir ki, məqalədə, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalının mülki əhalisinə qarşı cinayət törətdiyi, qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin həlak olduğu qeyd olunur.
Yazıda, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın digər ölkələrində yad edildiyi, bu faciənin Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğu vurğulanır, xüsusi amansızlıqla törədilən soyqırımın acı nəticələri barədə ətraflı məlumat verilir. Dəhşətli hadisədən 26 il ötməsinə baxmayaraq, Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı və bir milyon qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilmədiyini vurğulanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunması və bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməməsindən bəhs edilir.
Məqalədə həmçinin azərbaycanlıların dəfələrlə erməni təcavüzünə məruz qalmalarının dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsi ilə bağlı məlumatlandırılması və dünya ölkələrinin bu faciəyə siyasi və hüquqi qiymət verməsinə nail olmaq məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının başladıldığı və bugünədək kampaniyaya 120.000 insan və 115 təşkilatın qoşulması barədə məlumat verilir.