“Belə komandalarla oynamaq mənim üçün zövqdür” – Qurban Qurbanov

Sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” komandası Madridin “Atletiko” klubu ilə üz-üzə gələcək.
Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransı keçirib.
Konfransda jurnalistlərin suallarını cavablandıran təcrübəli məşqçi rəqibin gücü qarşısında olan arxayınlığı ilə yanaşı həyəcanını da gizlətməyib:
“Rəqibimz son 4 ildə 2 dəfə Çempionlar Liqasının finalında oynayıb. Həm də çox güclü baş məşqçisi var. Ayrı-ayrılıqda ustalıq səviyyəsi yüksək olan futbolçulara sahibdir. Onların meydanda səhvləri çox az olur. “Atletiko”nun zəif yerini tapmaq deyəndə ki, futbolçular bunu yalnız meydanda hiss etməlidi. Rəqibin nizam-intizamı yüksək səviyyədədir. Rəqiblərinə öz oyununu göstərməyə imkan vermir. Bu mənada, bizim üçün çox çətin olacaq. Amma bizim də öz düşüncələrimiz var. “Atletiko” müdafiədə çox diqqətli oynayan komandadır. Çalışmalıyıq ki, top daha çox bizdə qalsın və belə halda rəqibin zəif yerlərini tapaq. Lakin bunu etmək çox çətin olacaq.
Dünya futbolunda 7-8 komanda var ki, onların arasında keçirilən oyunlar həmişə maraqlı olur. Onların arasında “Atletiko” da var. Məndə gərginlik yoxdur. Əksinə, bu cür komandalarla qarşılaşmaq mənim üçün zövqdür. Belə məşqçilərlə üz-üzə gəlməkdən zövq alıram”.