“Belə deputatlar Milli Məclisdə yox, Rusiya Dumasında oturmalıdırlar” – KEÇMİŞ NAZİR

Baxış sayı:
2944

İyunun 30-da ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında keçirilən videokonfransdan sonra Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını bildirən növbəti bir bəyanatla çıxış etdilər. “Həmsədrlər münaqişənin hərbi yolla həlli olmadığını vurğuladılar. Tərəfləri atəşkəs rejimini möhkəmləndirmək və əhalini sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırdılar. Həmsədrlər, şərait imkan verdikdə, monitorinqi (təmas xəttində) davam etdirməyin zəruriliyini də vurğuladılar”, – bəyanatda qeyd edilirdi.

Həmsədrlər sülhə şərait yaradan və əsaslı danışıqlara şərait yaradan mühitin yaradılmasının və saxlanmasının vacibliyini də vurğuladılar.

AYNA-nın mövzu üzrə suallarını Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov cavablandırıb. Deyib ki, belə mövqe faktiki olaraq Azərbaycanı münaqişəni hərbi yolla həll etmək imkanından məhrum edir.

– Tofiq müəllim, ATƏT-in Minsk Qrupunun bu açıqlamasını necə qiymətləndirirsiniz?

– Əvvəlcə ondan başlayaq ki, ermənilərin son təxribatçı hərəkətləri Azərbaycanda şiddətli bir xalq reaksiyasına səbəb oldu. Bu reaksiya nəinki beynəlxalq müşahidəçilər, hətta yerli müşahidəçilər üçün də həm sərtliyi, həm də həcminə görə gözlənilməz oldu. Bunun ardınca millət vəkili Səməd Seyidovun “300 il gözləyə bilərik”, – deyə qəribə bir açıqlaması gəldi. Amma düşünmürəm ki, ölkədə çoxları onun 300 il gözləməyə bilmək fikri ilə razılaşırlar. Daha bir qəribə açıqlama millət vəkili Qüdrət Həsənquliyevdən gəldi: “Azərbaycan Rusiyanın icazəsi olmadan döyüşməyəcək”.

Daha bir anlaşılmazlığa, 2016-cı ildə Rusiyadan gələn bir zəngdən sonra hərbi əməliyyatların dayandırıldığını söyləyən Müdafiə nazirinin açıqlaması səbəb oldu. Düşündüm ki, Azərbaycan müharibəni Ali Baş Komandanın zəngindən sonra dayandırıb, deyəsən, burada bir anlaşılmazlıq var. Bütün bu açıqlamaları həmsədrlərin bəyanatı ilə eyni sırada durduğu üçün xatırlatdım.

Əslində, ATƏT-in Minsk Qrupunun açıqlaması münaqişənin “dondurulmasına”, mövcud təmas xəttinin güclənməsinə və hərbi əməliyyatların yolverilməzliyinə aiddir. Bütün bu tezislər Ermənistanın mövqeyinə tam uyğundur: mövcud vəziyyəti “dondurmaq” və təmas xəttini tədricən legitimləşdirmək və onu Ermənistanla Azərbaycan arasındakı sərhədə çevirmək istəyi. Onların son bəyanatında mən Azərbaycanın mövqeyini əks etdirən tək bir tezis belə, görmədim. Məsələn, işğal olunmuş ərazilərin azad edilməsi, işğal olunmuş ərazilərin inkişafını pisləmək və s. kimi tezislər, Azərbaycanın mövqelərinin heç biri orada öz əksini tapmayıb. Buna görə də sözügedən videokonfransı son dərəcə balanssız hesab edirəm.

Yuxarıda adı çəkilən deputatların açıqlamalarına qayıtsaq, onların açıqlamaları ölkə Prezidentinin açıqlamaları ilə tam ziddiyyət təşkil edir. Prezident ölkənin siyasətinin Azərbaycanın milli maraqlarına söykəndiyini söyləyir, amma Müdafiə naziri müharibənin Rusiyadan gələn bir zənglə dayandırıldığını vurğulayır. Bu, ən azı qəribə, çoxlu suallar yaradan bir ifadədir. Eyni fikri Qüdrət Həsənquliyevin Rusiyanın icazəsini gözləməyimiz barədə ifadələrinə aid söyləmək olar. Bir sıra hökumətyönlü siyasətçilər Azərbaycanda Prezidentin mövqeyinə uyğun olmayan şeylər söyləməyə başlayıblar. Çox qəribədir. Mənə elə gəlir ki, Qarabağ məsələsi ilə əlaqədar Milli Məclisdə xüsusi dinləmələr keçirilməlidir. Yoxsa, kim nə istəyirsə, onu da danışır.

– ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həll olunmasına dair israrı danışıqların həddən artıq gərgin keçməsinin, vəziyyətin müharibə astanasında olmasının göstəricisi kimi qəbul edilə bilərmi?

– Bu və ya digər dövlətin mövqeyi iki mənbə əsasında öyrənilir. Birincisi, siyasi rəhbərliyin dedikləri, ikincisi, cəmiyyətin siyasi fəal hissəsinin əhval-ruhiyyəsi. Odur ki, Minsk Qrupu həmsədrlərinin bəyanatının mütləq olaraq Məmmədyarovun dediklərindən irəli gəldiyini düşünmürəm. Çox güman ki, həmsədrlər Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsini, ictimaiyyətin Şuşadakı son hadisələrə necə reaksiya verdiyini görürlər. Onlar başa düşürlər ki, hökumətimiz, bu mənasız danışıqlardan yorulmuş cəmiyyətin təzyiqi və tənqidləri altındadır.

Videokonfrans keçirilməsi müsbət hal kimi qələmə verilə bilər, amma ölkədə heç kim ərazilərimizin qaytarılması qərarının belə konfranslar zamanı veriləcəyinə inanmır. Həmsədrlər özlərini elə bir vəziyyətə salıblar ki, nə deməklərindən asılı olmayaraq, istənilən fikir mövcud duruma dolayı da olsa, təsir göstərir.

– Son açıqlamaların birində Azərbaycan Prezidenti beynəlxalq hüququn artıq işləmədiyini, bu gün dünyada “güclünün hüququ” prinsipinin hökm sürdüyünü və münaqişənin həlli məsələsində Azərbaycanın öz şansını əldən verməyəcəyini bildirdi. Bu fikirlərin arxasında nə dayanır?

– Beynəlxalq münasibətlər sistemi tarixən bəzi qaydaları yaradıb və inkişaf etdirib. Bu qaydalar beynəlxalq təşkilatların işləmə mexanizmlərinə çevrilib. Dediklərim təkcə Azərbaycanla bağlı deyil, hətta, ABŞ da həmin mexanizmlə işləyən təşkilatların işindən məmnun deyil. Bu, qlobal bir böhrandır, Prezidentin sözləri münaqişənin həllinə kömək etməli olan ATƏT-in Minsk Qrupunun vasitəçilərinə ünvanlanıb əslində. Onlar isə öz vasitəçi funksiyalarını effektiv icra edə bilmədikləri üçün mənasız bəyanatlar istehsal edən bir fabrikə çevrildi. Üstəlik, onların işlədikləri ölkələrdəki vəziyyətlə bağlı real təsəvvürləri yoxdur. Məsələn, Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi məqamların qəbuledilməz olduğunu bildirir, amma eyni zamanda Ermənistana yeni silahlar tədarük edir. Axı hamıya aydındır ki, bu ölkəni silahla nə qədər çox təmin edəcəksənsə, işğal edilmiş əraziləri qaytarmaq istəyi bir o qədər az olacaq.

Ancaq ayrı-ayrı siyasətçilərimizin əhali arasında ölkənin suveren hüquqları ilə bağlı inamsızlıq kompleksi yaradan ifadələri daha təhlükəlidir. Yaxşı, “300 il gözləyə bilərik” ifadəsi nə deməkdir? Bunu necə başa düşmək olar? Bu cür açıqlamalar verən deputatlar Milli Məclisdə yox, Rusiya Dumasında oturmalıdırlar. Azərbaycan ictimaiyyəti üçün Prezidentin verdiyi açıqlamalar, onun iştirak ilə başlanan proses, mənə elə gəlir ki, çox faydalıdır və beynəlxalq ictimaiyyətə və həmsədrlərə çox ciddi siqnallar verir. Buna görə də həmsədrlərin son bəyanatını baş verən proseslərin əksi kimi qəbul edirəm.

Bizim beynimizə yeridirlər ki, əgər ermənilər heç vaxt yaşamadıqları Cəbrayıl, Zəngilan, Qubadlı kimi əraziləri geri qaytarsalar, Ermənistanda inqilab olacaq, onlar bu torpağı çox sedikləri üçün aləm dəyəck bir-birinə. Onlar dünya ictimaiyyətinin şüuru ilə bu şəkildə manipulyasiya edirlər. Bəs maraqlıdır, onlar düşünmürlər ki, hökumət Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətsizlik nümayiş etdirməyə davam etsə, bizdə heç bir şey baş verməyəck? Bizə deyirlər ki, Paşinyan əraziləri geri qaytarsa, onu devirəcəklər. Bəs bizim hökumət necə, ərzailəri geri qaytarmadığı üçün cəmiyyətdən böyük dəstək alacaq? Odur ki, ayrı-ayrı siyasətçilərimizdən gələn yuxarıda sadaladığım tipli açıqlamalar dünya birliyinə verilən yanlış siqnal kimi qəbul edilə bilər. Bu isə qətiyyən yolverilməzdir.