BDYPİ-dən Formula 1 açıqlaması

Baxış sayı:
36913

Bakıda növbəti Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi üçün son tamamlanma işləri aparılır.
Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu yarış zamanı paytaxtımıza gələcək çoxsaylı tədbir iştirakçiları və qonaqların sərbəst hərəkətinin təşkil olunması üçün idarə tərəfindən bir sıra zəruri tədbirlər həyata keçirilir.
Tədbir zamanı Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - “Azneft” meydanı, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək.
Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.
Eyni zamanda, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza aprelin 18-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etmək tövsiyə olunur.
Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.