BDU-nun rektoru büdcədən 50 milyon manatı nəyə istəyib? - ARAŞDIRMA

Baxış sayı:
11623

Publik-hüquqi şəxsə çevrilən ali məktəblər statusu üzrə fəaliyyətə keçmir Zahid Oruc: “Əksər təhsil müəssisələri publik hüquqi şəxsə çevrilməlidir ki, şişirdilmiş xərclərə, borc yükünün artmasına ehtiyac qalmasın” Ötən ilin noyabrında prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs statusu verildi. Sərəncama əsasən, hər iki təhsil müəssisəsi müstəqil idarəçilik sisteminə keçməlidir. Xatırladaq ki, 2000-ci ilin 13 iyulundan mərhum Heydər Əliyevin BDU-ya özünümaliyyələşdirmə muxtariyyəti verilməsi haqqında fərman vermişdi. Həmin fərmandan sonra BDU-da o zaman digər ali təhsil müəssisələrindən fərqli olaraq dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşmə işi aparılmalıydı. Sonra bu siyahıya Neft Akademiyası (indiki Neft Sənaye Universiteti), Tibb Universiteti, Kənd Təsərrüfatı Akademiyası, Pedaqoji Universitetin də adları əlavə edildi. 2010-cu ildə isə ali təhsil müəssisələrində özünümaliyyələşdirmə mexanizmi ilə bağlı sərəncam imzalandı, 2012-ci ildə özünümaliyyələşdirmə mexanizmi haqqında qanunda dəyişiklər edildi. Amma bu ali məktəblərin adı siyahıya əlavə edilsə də özünümaliyyələşdirmənin yalnız BDU-ya tətbiq olunması haqqında mətbuatda məlumatlar yer alırdı. Bundan daha əvvəl dövlət başçısı Azərbaycan Dillər Universitetinin də Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair Sərəncam imzalamışdı. Bakı Dövlət Universitetinin rektorunun maliyyə işləri üzrə müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Məzahir Sultanovun sözlərinə görə, BDU Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilməlidir. Bunun üçün də Təhsil Nazirliyində müvafiq format hazırlanmalıdır. M.Sultanovun bildirdiyinə görə, əvvəlcədən özünüidarəetmə haqqında mövcud qanunvericiliklə ziddiyyət təşkil etdiyindən, ola bilsin həmin qərarların işə düşməsi haqqında cənab prezidentin belə sərəncamı olub: “Burada hər bir tələbəyə çəkilən xərcdən söhbət gedir. İlkin olaraq 2010-cu ildə Nazirlər Kabinetinin bu fərmanından irəli gələn məsələlərə görə tələbələrin illik xərci bizi qane etmirdi. Çəkilən xərcin tərkibində təqaüdlər də vardı. Bu məsələdən təqaüdləri çıxandan sonra yenidən BDU-nun müstəqil tələbə fəaliyyətini həyata keçirməsi üçün az vəsait qalırdı. Sonradan bu məsələ yenidən işlənildi və təqaüdü ayrıca bir sətirlə dövlət büdcəsindən verdilər. Bu vaxt hər tələbəyə çəkilən xərc nisbətən qaldırıldı. Həmin metodla bu günə kimi fəaliyyət göstəririk. Amma o demək deyil ki, biz dövlət büdcəsindən maliyyələşmirik. Müvafiq icra hakimiyyəti orqanının vasitəsilə maliyyələşirik. BDU 2010-cu ildən öz-özünə maliyyələşmə prosesini bu günə kimi əldən verməyib. Çünki Azərbaycan üzrə dövlət sifarişlərinin çoxu bizə gəlir”. Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncamına görə, hər iki ali məktəb Təhsil Nazirliyinin tabeliyində çevrilmə yolu ilə yenidən təşkil edilməlidir. Bununla əlaqədar Nazirlər Kabineti publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barəsində təklifləri, prezidentin müvafiq aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təklifləri, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə təqdim etməliydi. Bundan əlavə Təhsil Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq normativ hüquqi aktların sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətinə prezidentə məlumat verməliydi. Hazırda BDU və İqtisad Universiteti publik-hüquqi şəxs statusu ilə fəaliyyət göstərirmi? Hər iki universitetdən cavab aldıq ki, bununla əlaqədar Təhsil Nazirliyilə əlaqə saxlayaq. Nazirliyin İctimaiyyələ əlaqələr sektorundan cavab verildi ki, hələ ki bu barədə sektora heç bir məlumat daxil olmayıb. Nazirlər Kabinetindən isə bildirildi ki, məsələ araşdırılıb, bizə cavab veriləcək. Maraqlıdır, ölkə başçısı 5 aydır ki, sərəncam verib, amma aidiyyəti qurumlardan heç bir səs çıxmır. Redaksiyaya daxil olan məlumata görə, publik hüquqi şəxs sisteminə keçiddən sonra dövlət büdcəsindən maliyyələşmə tamamilə dayandırılmalıydı, amma əksinə BDU-nun rektoru Abel Məhərrəmovun 2018-ci il üçün dövlət büdcəsindən rəhbərlik etdiyi təhsil müəssisəsinə ayrılmasını arzuladığı məbləğin miqdarı nə az, nə çox, düz 50 milyon manatdır. Mənbə deyir ki, prezidentin məlum sərəncamından sonra A.Məhərrəmovun bu arzusu birmənalı qəbul oluna bilməz. Çünki Bakı Dövlət Universiteti publik hüquqi şəxs statusu qazanan təhsil ocağı kimi, artıq maddi cəhətdən özünü tamamilə təmin etməlidir. Bununla belə, Abel Məhərrəmov büdcədən ötənilki vəsaitlərdən iki dəfədən də çox pul istəyib. Xatırladaq ki, Bakı Dövlət Universitetinə 2012-ci ildə büdcədən 20 milyon 403 min manat, 2013-cü ildə isə 22 milyon 967 min 593 manat vəsait ayrılıb. Məlumata əsasən, Abel Məhərrəmovun bu istəyi büdcə müzakirələri zamanı da normal qarşılanmayıb və nəticədə BDU-ya 2018-ci il üçün 10 milyon manat ayrılmasına qərar verilib. Məsələ ilə əlaqədar BDU-nun mətbuat xidmətilə əlaqə saxlasaq da, sorğumuza hələ də cavab almamışıq. Onu da bildirək ki, sözügedən mexanizmlə bağlı qanun da qüvvəyə mindikdən sonra Dövlət İmtahan Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Müəllif Hüquqları Agentliyi, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi", "Dənizkənarı Bulvar İdarəsi", Bakı Nəqliyyat Agentliyi, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tərcümə Mərkəzi, Dövlət Feldyeger Xidməti, "ABAD", Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, "Patent və Əmtəə Nişanları Mərkəzi , Dövlət Reklam Agentliyi, təhsil ocaqlarından Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxslərə çevrilib. Publik hüquqi şəxs anlayışının tarixi 200 il bundan əvvələ təsadüf edir. XIX əsrin axırlarından başlayaraq bir çox Avropa ölkələrində bu mexanizm tətbiq olunmağa başlayıb. Baltik ölkələrində, Gürcüstanda, Ukrayna və Moldova da hüququn yeni doktrinasından istifadə edilir. Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu (Qanun) ilə tənzimlənir. Qanuna əsasən publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. Publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər. Publik hüquqi şəxsə çevrilmənin üstünlüyü, dövlət büdcəsinin maliyyələşmə yükündən azad olmasının xeyirləri nədən ibarətdir? Deputat Zahid Orucun sözlərinə görə, Azərbaycanda formalaşmaqda olan bu yeni hüquq fenomeni müsbət hadisədir: "Bu mexanizm neft bumunun və idarəetmə sistemində islahatların dərinləşdiyi dövlətin bir sıra sahələrin fəaliyyətinə daha realist nəzərlərlə yanaşmağının nəticəsində meydana çıxıb. Söhbət onlara yalnız maliyyə müstəqilliyi vermək, xalq qarşısında fəalyyətlərinin müqabilində yaşarlığını təmin etməkdən ibarətdirmi? Doğrudur, bu amillər var. Ancaq hesab edirəm ki, hazırkı dövrdə hər bir hökumət, dövlət qurumunun fəaliyyəti əsasında o Publik hüquqi şəxsə necə çevrilə bilər? Parlamentdə bu məsələlər ətrafında hələ qanun layihəsi müzakirə olunan zaman daha çox vurğulanırdı ki, Sovet dövründən sonra bir sıra qurumlar yalnız dövlət büdcə vəsaitləri hesabına yaşamağa üstünlük verirlər. Bu isə rəqabət mühitini əngəlləyir. Təhsil müəssisələrinin mühüm bir hissəsi hamısı dövlət sifarişi ilə fəaliyyət göstərdiyi halda pullu xidmətlər həyata keçirirdi. Ancaq onu kommersiya təşkilatı hesab etmək olmaz. Amma gəlir əldə edirlər. Mərkəzi Bank halında kredit verən, artıq maliyyə bazarları sistemində oyunçu olan bir qurum həm də şərtləri müəyyənləşdirirsə, deməli, onun statusu başqalarından fərqlənir". Onun sözlərinə görə, publik hüquqi şəxsə çevrilmə dövlət büdcəsindən maliyyələşmənin tam aradan qalxması anlamına gəlmir: "Ancaq proses buna gedir. Həqiqətən biz illər ərzində dövlət üzərində daşınan bu yükün gələcək dönəmdə tamamilə fərqli bir təsərrüfat fəaliyyəti və işin menecmenti, xarici əlaqələri, maliyyə siyasətinin üstünlüyü prosesində nəhayət ki görməliyik. Təhsil müəssisələrinin böyük əksəriyyəti Publik hüquqi şəxsə çevrilməlidir. Məlum dövlət sifarişini çıxmaq şərtilə onlar müstəqil qurum kimi fəaliyyət göstərməlidirlər. Bu qurumlarda çalışanlar isə qətiyyən dövlət qulluqçusu sayılmayacaq vəziyyətdə də deyillər. Mülki hüquq sistemindən fərqli olaraq, Publik hüquq sistemində səlahiyyətlərin çərçivəsi həddindən artıq genişdir. Düşünürəm ki, bu proses bir sıra dövlət qurumlarına da tətbiq olunmalıdır. Bu 100 milyonlarla vəsait pula büdcədə qənaət etməyə imkan yaradacaq. Dövlət büdcəsini uzun illər sırf himayəçilik mühitində hazır vəsaitlərə sərəncam verən qurumlardan xilas edəcək. Yəqin ki bir müddətdən sonra bu səhiyyə, dövlət standartlaşdırma sisteminə də şamil olunacaq. Bir çox qurumlar var ki onlar əhalidən gəlir əldə edirlər, belə olan halda biz onları niyə dövlət təşkilatı kimi saxlamalıyıq? Bunlar aydın deyil. Hər birində çoxlu bina resursu, torpaq resursu texnika, avadanlıqlar mövcuddur. Onlar bəzən hansısa torpaq, bina resursunu icarəyə verəndə dərhal buna əks reaksiyalar olur ki, bu dövlət satışını aşmaqdır, özünün təşkilatı modelindən kənara çıxmaqdır. Belə olmasın deyə publik hüquqi şəxs ən yaxşı formatdır. Həm də belə olan halda şişirdilmiş xərclərə, həmçinin dövlət qurumlarına ödənişlərin illərlə verilməməsi hallarına, borc yükünün milyonlarla manat səviyyəsinə qalxmasında da ehtiyac olmur. Publik hüquqi şəxs pulları özü əldə edir, belə olan halda xərclərini niyə şişirtsin ki?". Hurriyyet.org