BDU-nun ad məsələsi yenidən gündəmə gəlib

Baxış sayı:
3982

Ziyalılar hesab edirlər ki, ad üstündə mübarizə aparsaq, tədrislə, elmlə bağlı fayda əldə edə bilmərik

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin adı ilə bağlı kampaniya başladılıb. Belə ki, müxtəlif şəxslər sosial şəbəkələrdə status yazaraq, universitetin adının Məhəmməd Əmin Rəsulzadə adına Universitet kimi dəyişdirilməsinin tərəfdarı olduğunu bildirirlər.

Məlumat üçün qeyd edək ki, Bakı Dövlət Universiteti 1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib.  Adlarına gəlincə isə  ilk olaraq Bakı Dövlət Universiteti kimi yaranan təhsil müəssisəsi sonrakı illərdə Kirov adına universitet kimi adlandırıldı. 1930-cu ilin iyun ayı - universitetin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar ( o cümlədən Azərbaycan Tibb  İnstitutu, Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu  və s.) yaradıldı. 1934-cü il mayın 25-də  isə universitet yenidən fəaliyyətə başladı. 1991-ci il - 4-cü dəfə adı dəyişdirilərək  M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti olur. 2000-ci il iyunun 13-də - özünü idarəetmə əsasında fəaliyyət göstərən ali təhsil müəssisəsi statusu verildi və mövcud olduğu illər ərzində 5-ci dəfə adı dəyişdirilərək  ilkin formasına qaytarıldı - BDU adı bərpa edildi.

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa “Yeni Müsavat” bildirib ki, universitetin Rəsulzadənin adına olması müsbət haldır:

“Ancaq bunun şəxsiyyətin adına olub-olmamasından daha çox, qədirşünaslıq tərəfi var. Çünki universitetin yaradılması bilavasitə Rəsulzadənin və Nəsib bəy Yusifbəylinin təşəbbüsü ilə olub. Ona görə də bu məsələdə belə bir addımın atılması yaxşı hal olardı. Addım atılmayıbsa, bunun özündə müəyyən dərəcədə problem var. Çünki bu, Rəsulzadəyə münasibəti göstərən amillərdən biri ola bilər. Yəni biz elə etməliyik ki, onun adını əbədiləşdirmək məhz elə universitetdən başlasın. Lakin Rəsulzadənin adının universitetə verilməməsi də elə bir faciə deyil. Çünki Rəsulzadənin adı onsuz da insanların qəlbinə elə həkk olunub ki, adın hansısa müəssisəyə verilməsi və ya verilməməsi nəyisə dəyişməz. Düşünürəm ki, adın universitetdə olan təhsilin keyfiyyətinə dəxli yoxdur. Ad başqa bir məsələdir, keyfiyyətin qaldırılması isə başqa problemdir. İki problem isə bir-birinə mane olmur”.

Anar İsgəndərov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan tarixçi professor Anar İsgəndərov isə bildirib ki, əsas odur universitetin məzmunu özünü doğrultsun:

“Siyasi mübarizə meydanına çevriləcəksə, ad üstündə dava olacaqsa, onun elmə və təhsilə nə xeyri ola bilər? Təbii ki, Bakı Dövlət Universitetinin yaradılmasında cümhuriyyət liderlərinin əvəzsiz xidmətləri var. Bu, danılmaz həqiqətdir və biz də bununla öyünürük. Rəsulzadənin adı universitetə veriləcəksə, buna ancaq sevinə bilərəm. Ancaq biz yalnız ad üstündə mübarizə apararsaq, tədrislə, elmlə bağlı fayda əldə edə bilmərik. Hesab edirəm ki, əslində bizə lazım olan tələbənin tələbə kimi tədrislə məşğul olmasıdır.  Lazımdır ki, Azərbaycan ziyalısı tələbəyə nə isə öyrədə bilsin. Öyrəndiyinin müqabilində isə keyfiyyət üzə çıxsın. Bu gün bizə lazım olan budur. Kaş ki, Bakı Dövlət Universiteti dünya universitetləri içərisində öncüllərdən olsun. Bizim istəyimiz bu olmalı, mübarizəni də buna uyğun aparmalıyıq. Bir neçə ildən bir adın dəyişdirilməsinin universitetin keyfiyyətinə heç bir xeyri olmur. 1919-cu ildə Azərbaycan parlamentində, hökumətində 6 aydan çox müzakirələr getdi. Nəhayət, sentyabr ayında parlament qərar çıxardı, noyabrın 15-də isə dərslər başladı. Bu, 100 il öncə baş verən hadisədir və həqiqətən çox böyük bir olaydır. Mən də hesab edirəm ki, əgər doğrudan da gələcəkdə məsələ qaldırılsa  ki, hökmən universitetə ad verilməlidir, o zaman nəzərə almaq lazımdır ki, cümhuriyyət liderlərinin, o cümlədən də Məhəmməd Əmin Rəsulzadənin məsələdə böyük xidmətləri olub. 1969-cu ildə isə universitetin 50 illiyi keçirilirdi. Həmin tədbirdə Heydər Əliyev də iştirak etdi. Ondan sonrakı illərdə yəni 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində universitet milli azadlıq hərəkatının önündə dururdu. Yəni universitet Azərbaycanın ictimai-siyasi həyatında həmişə öndə durub. Onun elə rektorları olub ki, özünü tələbədən ayırmayıb və əvəzsiz xidmətləri olub. Universitet üçün əvəzsiz xidmətləri olan insanlardan biri də Məhəmməd Əmin Rəsulzadədir.  Universitet ilk dəfə adsız olub. Yəni sadəcə olaraq, Bakı Dövlət Universiteti adlanıb. Sonradan isə sovet hökuməti qurulan zaman Lenin adına universitet adlandı. Daha sonra Kirov öldürüldükdən sonra Kirov adına universitet adlandırılıb. 1990-cı illərdə Rəsulzadə adına, daha sonra isə yenidən Bakı Dövlət Universiteti kimi adlandırılıb. Bunların hamısı ayrı-ayrı mərhələlərdir”.