BDU-dan bıçaqlanma olayı ilə bağlı AÇIQLAMA - “Hadisə BDU-nun inzibati binası daxilində və hər hansı bir yeməkxanasında baş verməyib…” / YENİLƏNİB

Baxış sayı:
21703

“Son günlər Bakı Dövlət Universiteti ərtafında bəzi şəxslər əsası olmayan informasiyalar verir, həqiqəti əks etdirməyən yalan xəbərlər yayırlar. Diqqəti çəkən odur ki, bu informasiyaların heç biri BDU-da təhsilin və tədrisin, idarəetmənin keyfiyyəti ilə bağlı məlumatlar deyil. Daha çox bufet, yeməkxana tipli məsələləri qabardan şəxslərin qərəzi açıq şəkildə görünür”. Hurriyyet.org xəbər verir ki, BDU-da baş verən bıçaqlanma hadisəsilə bağlı saytımızda dərc olunan informasiyaya universitetin mətbuat xidməti tərəfindən reaksiya verilib: “Bu gün bəzi mətbu orqanlarında “BDU-da QANLI OLAY - Yeməkxananın işçisi bıçaqlandı” başlıqlı yazı reallığı əks etdirmir. Belə ki, xəsarət alan şəxs nə BDU-da təhsil alır, nə də ki, oranın əməkdaşıdır. Hadisə isə ümumiyyətlə BDU-nun inzibati binası daxilində və BDU-nun hər hansı bir yeməkxanasında baş verməyib. Hadisə BDU-nun yaxınlığında baş verib və xəsarət alana ilkin tibbi yardım BDU-nun polikilinikası tərəfindən göstərilib. BDU-nun polikilinikası təkcə universitetin müəllim və tələbə heyətinə deyil, ilkin tibbi yardıma ehtiyacı olan hər kəsə bu xidməti ödənişsiz olaraq göstərir. Görünən odur ki, yaxın günlərdə 100 illik yubleyi qeyd olunacaq ölkəmizin ən böyük və qədim universitetində son 3 ay ərzində tədrisin və təhsilin, idarəetmənin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən islahatlar kimlərisə narahat edir. BDU-da fəaliyyət göstərən yeməkxana və iaşə obyektlərinin heç birinin universitetin rektoru Elçin Babayev ilə əlaqəsi yoxdur və iaşə təşkilatları ilə bağlanmış xidməti müqavilə ilə onlar tərəfindən bu xidmətlər həyata keçirilir. Bütün jurnalistləri istənilən vaxt BDU-ya dəvət edirik və istənilən məlumatı, xəbəri yerində dəqiqləşdirmək, aydınlaşdırmaq imkanı yaradırıq”. ** Bakı Dövlət Universitetində (BDU) bıçaqlanma hadisəsi baş verib. Etibarlı mənbədən Hurriyyet.org-a daxil olan məlumata əsasən, bu qanlı olay BDU-nun yeməkxanasında baş verib. Belə ki, yeməkxananı işlədən gənclər arasında düşən mübahisə onlardan birinin bıçaqlanması ilə nəticələnib. Gəncin ayağından yaralandığı və xəstəxanaya aparıldığı bildirilir. Mənbənin sözlərinə görə, BDU-da qalmaqal yaradan şəxslər rektor Elçin Babayevə yaxın şəxslərdir. Bildirirlir ki, E.Babayev universitetə rəhbər təyin olunduqdan sonra, yeməkxananın bütün işçilərini yeniləyib və indiki qalmaqala səbəb olan gəncləri dəvət edərək, bu sektoru onlara həvalə edib. Mövzu ilə bağlı BDU-nun mövqeyini öyrənməyə çalışacağıq. Hurriyyet.org