BDU-dakı dekan seçkisi haqda yazımıza reaksiya – PROFESSORUN ETİRAZ MƏKTUBU...

Baxış sayı:
14545

İyunun 14-də Muxalifet.az saytında dərc olunan “BDU-nun Tarix fakültəsinin dekanı kim olacaq?” sərlövhəli yazıda adı keçən professor Anar İsgəndərov bu məqalə ilə bağlı redaksiyamıza etiraz məktubu ünvanlayıb. Xatırladaq ki, həmin yazıda Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində dekan seçkisi keçiriləcəyini və bu vəzifəyə sahib ola biləcək iki şanslı namizəd olduğunu oxucularımızla bölüşmüşdük. Qeyd etmişdik ki, bunlardan biri 1999-cu ildən BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri vəzifəsini daşıyan professor İsgəndərov Anar Camal oğlu, ikinci namizəd isə BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə keçmiş prorektoru Hacıyev Sani Tofiq oğludur. Muxalifet.az-ın əldə etdiyi məlumat əsasında onu da qeyd etmişdik ki, Tarix fakültəsi əməkdaşlarının 80 faizi Anar İsgəndərovun dekan vəzifəsinə seçilməsinə qarşıdırlar. “Həmin şəxslər öz narazılıqlarını onunla əsaslandırırlar ki, A.İsgəndərov vaxtilə separatçı “Talış Muğan Respublikası”nın ilk iclasında “maarif naziri” seçilib. Bu baxımdan onun təkcə BDU üçün deyil, ölkəmiz üçün əhəmiyyətli bir vəzifə olan Tarix fakültəsinin dekanı seçilməsinə ciddi etirazlar var” – deyə, oxucuların diqqətinə çatdırmışdıq. Onu da qeyd etmişdik ki, A.İsgəndərovla yanaşı, BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun ən yaxın kadrlarından biri olan Sani Hacıyevin də Tarix fakültəsinin dekanı vəzifəsinə seçilməsinə etirazlar da az deyil. Bu baxımdan, BDU-nun Tarix fakültəsinin dekanı vəzifəsinə seçkilərin heç də asan keçməyəcəyini vurğulamışdıq. Muxalifet.az-ın bu yazısı professor Anar İsgəndərovun etirazına səbəb olduğundan, saytımızın elektron poçtuna məktub göndərib. Həmin məktubu olduğu kimi dərc edirik: “Məlumat üçün bildirmək istəyirəm ki, Sizin saytınızda mənimlə bağlı verilmiş yazı böhtan və iftira xarakterində olduğuna görə fikirlərimi dəyərli həmvətənlərimlə bölüşməyi özümə borc bildim. Mən, Anar Camal oğlu İsgəndərov, 1973-cü ildən etibarən Bakı Dövlət Universitetinin Tarix fakültəsi ilə bağlıyam. Yazırsınız ki, Tarix fakültəsinin əməkdaşlarının 80 faizi Anar müəllimi dəstəkləmir. Amma mən iyunun 14-də Tarix fakültəsinin dekan seçkiləri ilə bağlı nəticələrini sizin nəzərinizə çatdırmaq istəyirəm. İclasda iştirak edən 106 nəfər professor-müəllim heyətindən 52 nəfəri (yəni, səslərin 50%-i) mənə – Anar İsgəndərova, 41 nəfəri Sani Hacıyevə, 11 nəfəri isə Bəxtiyar Nəbiyevə səslərini vermişdir. Tarix fakültəsinə dekan seçilməyim üçün yalnız iki səs çatmadı. Ədaləti olan hər hansı bir sayt bu böhtanın altına girməzdi. İkincisi, yazırsınız ki, güya 1993-cü ildə “Talış-Muğan respublikası”nda mənə nazir vəzifəsi verilib. Ağ yalandır, iftiradır, böhtandır. Ən azı ona görə ki, bununla bağlı nə hər hansı bir yazılı sənəd, hətta dolayı fakt belə ortaya qoymaq mümkün deyildir. Əvəzində isə mən yazıram və sizlər yoxlayın: Azərbaycanda yeganə ali məktəb müəllimi-professoruyam ki, 2016-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Dövlət Başçısının Sərəncamı ilə III dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuşam. Buna qədər isə 2009-cu ildə Dövlət Başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Azərbaycan tarixinin ən mühüm dövrü ilə bağlı Tiflis arxivlərindən 70 min səhifə, Türkiyə arxivlərindən isə 15 min səhifə arxiv sənədlərini ölkəyə gətirməyə nail olmuşam. Azərbaycan tarixşünaslığı və mənbəşünaslığının ən aktual problemləri üzrə elmi məktəb yaratmağa nail olmuşam. İlk dəfə olaraq 1918-1920-ci illərdə erməni vəhşiləri tərəfindən Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığını doktorluq dissertasiyası səviyyəsində tədqiqata cəlb etmişəm. 2011-ci ildə bununla bağlı “Azərbaycan həqiqətləri” adlı monoqrafiyam ABŞ-da nəşr olunmuşdur. Bu əsər ABŞ Konqresinin kitabxanasına daxil edilən ilk Azərbaycanlı tədqiqatçının əsəridir. Əlbəttə, Vətənim Azərbaycan qarşısında göstərdiyim xidmətlərimin bu siyahısını istənilən qədər uzatmaq olardı. Amma buna ehtiyac duymuram. Əslində sizin atdığınız böhtanlar müstəqil Azərbaycan dövlətinin siyasi maraqlarına ziddir, xalqlar arasında ədavəti qızışdırmağa və düşmən dəyirmanına su tökməyə xidmət edir. Konstitusiyamızın verdiyi hüquqlara istinad edərək, yuxarıda təqdim etdiyim məlumatı saytınızda işıqlandırmağınızı xahiş edirəm”. Muxalifet.az Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir.