​BDU-da hər il tələbələrdən milyonlarla manat yığılır? – "DÖVLƏT İMTAHANININ QİYMƏTİ 4 MİN MANATDIR"

Baxış sayı:
7795

Bakı Dövlət Universitetində (BDU) baş verən qanunsuzluqlarla bağlı müxtəlif KİV-lərdə dəfələrlə informasiyalar verilib. Məsələn, BDU rektoru Abel Məhərrəmovun əsas vəzifələrə öz yaxın adamlarını təyin etməsi, ona qarşı çıxanların qanunsuz olaraq işdən çıxarılması, tələbələrdən rüşvət alınması və s. faktlar artıq dəyərli oxucularımıza tanışdır. Odur ki, bu dəfə tamamilə fərqli bir məsələyə diqqəti yönəldəcəyik.
Öncə BDU-da təhsil alan tələbələrin sayı haqqında məlumat verək. Qeyd edək ki, bu universitetdə təhsil alan tələbələrin sayı haqqında dəqiq məlumat verilmir. Zənnimizcə, bu da bir neçə səbəbdən baş verə bilər. Birincisi, universitet rəhbərliyi müəyyən səbəblərdən bu barədə dəqiq məlumat verməkdə maraqlı deyil. İkincisi, bu məsələ ilə bağlı ortada dəqiq statistika yoxdur.
Əlbəttə, ikinci versiya az inandırıcıdır. Çünki kim bilməsə də, cənab Abel Məhərrəmovun rəhbərlik etdiyi təhsil ocağında hər bir tələbənin dəqiq hesabını apardığı istisna deyil. Buradan isə belə qənaətə gəlmək olar ki, BDU tələbələrinin dəqiq sayının açıqlanması məhz rəhbərliyin maraq dairəsində deyil. Nə üçün? Bu haqda az sonra daha geniş məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, hazırda BDU-da 22 min nəfərdən artıq tələbə təhsil alır. Universitetin filiallarını da bura əlavə etsək, bu rəqəm daha yüksək alınar. Ancaq biz 22 min və daha artıq deyil, 20 min nəfər üzərində söhbətimizi quracağıq.
Əldə etdiyimiz məlumata əsasən, hər il sözügedən 20 min tələbədən təxminən 4500 nəfəri yekun dövlət imtahanına buraxılır. Onlardan isə 15-20 faizi həmin imtahandan kəsilir. Mənbə deyir ki, yekunda tələbələrin minimum 10 faizi dövlət imtahanından keçmək üçün 4 min manat ödəmək məcburiyyətində qalır. 4500 nəfərin 10 faizi 450 tələbə edir. Bunu da 4 minə vurduqda normal təşkilatın dövlət büdcəsi formalaşır(1,8 milyon manat).
Məlumata əsasən, iki rüblük imtahanlar da eyni qaydada həyata keçirilir. Deməli, bu halda birinci rəqəmi - 1 milyon 800 mini ikiyə vurmaq lazımdır. Bu halda 3 milyon 600 min manat alınır. Hansı ki, bu vəsait yalnız dövlət imtahanında yılğılan məbləğdir. Digər imtahan və zaçotları da nəzərə alsaq, hər il BDU-da tələbələrdən milyonlarla manat yığıldığı məlum olar.
Digər məsələ - dekanlar, kafedra müdirləri və məktəb direktoruna qohum, eləcə də yerli və dost olan işçilərin analizini aparmaqdır. Şübhəsiz, bu sahədə də vəziyyət heç də yaxşı deyil. Məsələn, rektora yaxınlığı ilə tanınmayan heç kimin vəzifəyə seçilmək şansı yoxdur. Dekan və kafedra müdirləri arasında demək olar ki, gənc kadrlara rast gəlmək mümkün deyil. Bu təhsil ocağında yaşı 80-ni, hətta 90-nı keçmiş dekan və kafedra müdirləri də az deyil.
Mənbə deyir ki, kafedra müdirlərinin 30 faizinin adı var, özü yoxdur. Yəni onlar respublikanın müxtəlif rəhbər strukturlarında işləyir, eyni zamanda kefedra müdiri kimi çalışırlar.
Bütün bunlar haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.

Muxalifet.az
P.S. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.