Bayram Məmmədova təzyiqlər bitmir – VƏKİLDƏN AÇIQLAMA

Vəkil Əsabəli Mustafayev İlkin Rüstəmzadə və Bayram Məmmədovla görüşüb.
 
Vəkil bu barədə öz “Facebook” səhifəsində yazıb:
"Bu gün 13 saylı cəzaçəkmə müəssisəsində yenidən İlkin Rüstəmzadə və Bayram Məmmədov ilə görüşdüm. Belə tezliklə bu müəssisəyə təkrar getməyimin səbəbi həmin siyasi məhbusların vəziyyəti barədə narahatedici xəbərlərin gəlməsidir. Onların ölkə içtimaiətinə çatdırmaq istədikləri məlumatlar:
1. Bayram karsda cəzasını çəkib qutarıb. Lakin onun tezliklə yenidən karsa qaytarılması ehtimalı vardır. Bundan ötrü bəhanə kimi güya Bayramın yataq yerini özbaşına dəyişdirməsi göstərilir. Bu məsələnin məzğı belədir. Bayram müəssisəyə yeni gələndə ona çox pis sayılan yer verir. Belə ki, buradakı yataq çarpayısı “skovoznyak” da yerləşir və həmin yerdə qalanlar bir müddətdən sonra ağır xəstələnirlər. Ona görə də, orada dustaqları qısa müddətə yerləşdirirlər. Bir müddət burada qaldıqdan sonra, təqribən 2 ay bundan əvvəl müəssisənin rəhbərliyi Bayramın yerini dəyişir. Bayram bildirir ki, bu dəyişmə rəhbərliyin göstərişi ilə olmuşdur. Yeni yerdəki çarpayının üzərinə onun ad və soyadının olduğu lövhənin yerləşdirilməsi də bu yer dəyişmənin rəsmi olduğunu bildirir.
2. Keçən həftə müəssisənin rəhbərliyindən qəflətən Bayrama bildirirlər ki, o, yerini özbaşına dəyişib. Bu səbəbdən təzədən əvvəlki yatağına qayıtmalıdır. Qarşıdan soyuq havalar gəlir və belə əmr yalnız Bayramın həyatını təhlükəyə məruz qoymaq məqsədi daşıya bilərdi. Buna görə Bayram keçmiş yerinə qayıtmaqdan imtina edir, nəticədə karserə salınır.
3. Karserdən buraxıldıqdan sonra da müəssisənin rəhbərliyi yenə Bayramı köhnə yerinə qaytarmaqda israrlıdır. Lakin Bayram bunu istəmir. Hesab edir ki, həmin yerdə o, mütləq xəstələnəcəkdir. Bu səbəbdən onun yenidən karserə salınma ehtimalı vardır.
4. Bayram hesab edir ki, özbaşına yerdəyişmə ittihamı sadəcə bəhanədir. Əsas məqsəd onu intizamsız dustaq qismində rəsmiləşdirməklə gələcəkdə saxlanma rejimini sərtləşdirmək, həbsxanaya göndərməkdir.
5. Bayram həmçinin hesab edir ki, ona qarşı belə sərt və qərəzli tədbirlərin görülməsi müəssisə rəhbərliyinin təşəbbüsü deyildir. Onun fikrincə bu barədə tapşırıq digər dövlət qurumlarından verilmişdir. Çünki onun tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyindən müəssisə rəhbərliyinin ona qarşı iradları yox idi. Bir neçə ildir bu müəssisədə cəzaçəkməsi ilə əlaqədar oradakı mühiti yaxşı bilən İlkin də bu fikirdədir. 
6. İlkin və Elgiz Bayrama qarşı edilən bu haqsılıqlara qarşı etiraz olaraq aclıq aksiyası elan etmişlər. Bayram özü də bu aksiyaya qoşulmuşdur. Onlar bu aksiyanı rəsmi qaydalar çərçivəsində keçirmək istəyirdilər. Bununla əlaqədar onlar rəhbərliyə ərizə ilə müraciət edərək bu aksiyanın qeydə alınmasını, aclıq zamanı onların digər dustaqlardan ayrı saxlanmaqlarını xahiş etmişlər. Lakin müdriyyət onların müraciətini qeydə almaqdan imtina etmişlər. Bu səbəbdən onlar hələ də bu aksiyaya başlaya bilməmişlər. 
7. Lakin onlar bu aksiyanı keçirməkdə israrlı olduqlarını, aksiya tezliklə qeydiyyata alınmadığı halda da keçirəcəklərini bildirdilər. Mən siyasi və içtimai xadimlərin, siyasi məhbusların dost və yaxınlarının aksiyaya keçirməmək haqqında xahişlərini onlara çatdırdım. Əlavə olaraq bildirdim ki, Bayrama qarşı olan təhdidlərin hüquqi müstəvidə çözülməsi üçün lazımi tədbirlər görüləcəkdir. Siyasi məhbusların sözlərinə görə onların davranışı müəssisə rəhbərliyinin atacağı addımlardan asılı olacaqdır. Ümid edirəm ki, müvafiq dövlət orqanları da siyasi məhbusa qarşı qərəzli davranışın dayandırılmasına yardım edəcəklər".