​Bayılda 3 ev dağıldı, 22 evin sakinləri GECƏ İLƏ KÖÇÜRÜLDÜ

Baxış sayı:
4909

Ötən gün Bayıldakı yeni sürüşmə sahəsində 3 ev tamamilə dağılıb, 22 qəzalı evin sakinləri isə gecə ilə köçürülüb.
Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, dünən sürüşən sahə əvvəl sürüşməyə məruz qalan ərazi deyil:
"Bu sürüşmə yeni sahədir, burada aşınma gedir. Bunun səbəbi də yüklənmədir, yamac kəsilib, nəticədə də ərazidə təbii aşınma hadisəsi baş verir, çünki dayanıqlılıq yoxdur. Burada 60-70 il əvvəl tikilmiş evlər var".
Ə.Qaralov qeyd edib ki, ərazidə gərginlik davam edir:
"Hazırda ərazidə müşahidələr aparılır. Sürüşmə nəticəsində yaranan çatı gözlə görmək olur, təxminən 4-5 santimetr eni olan çatın, uzunluğunu hələ dəqiq deyə bilmərik. Çat boyu yerləşən evlərdə isə təbii ki, gərginlik qalmaqdadır".
Mütəxəssis qeyd edib ki, hazırda ərazidə bir neçə qurumun əməkdaşı var.