​BAYIL YAMACINDA KOMPENSASİYA QOVĞASI

Baxış sayı:
3862

Əhali kirayə pulundan imtina edib evlərinə qayıtmaq istəyir

Bayıl yamacında sürüşmə zonasında yaşayan əhalinin narazılıqları davam edir. Sakinlər bu ilin yanvar ayından kəsilmiş kommunal xətlərinin bərpa olunmasını istəyirlər. Onlar bildirirlər ki, dövlət ya normal kompensasiya verib əhalini ərazidən birdəfəlik köçürsün, ya da kommunal xətləri bərpa etsinlər ki, insanlar evlərində yaşaya bilsin.
Məlumat üçün qeyd edək ki, Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığında sürüşmə bu ilin yanvar ayında aktivləşməyə başladı. Nəticədə müvafiq qurumların, eləcə də Səbayel Rayon İcra Hakimiyyətinin müdaxiləsi ilə əhali ərazidən köçürülüb. Öncə yaxınlıqdakı məktəb binalarına yerləşdirilən sakinlərə kirayə pulu verilib. Sakinlərin bir qismi kirayə pulunu alıb, evlərini tərk etsələr də, məbləğlə razılaşmayıb, ərazidə qalanlar da az olmayıb.
Hazırda isə kirayə pulunu alıb çıxanlar da, ərazidə yaşayanlar da etiraz edib, dövlətdən kömək istəyirlər.
Bu ilin fevral ayında Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabineti müvafiq sərəncam imzalayıb.
Həmin sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədilə 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbayel Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. Eyni zamanda bildirildi ki,  10 fevral 2018-ci il tarixində həmin ərazidə tam dağılmış 90-cı illərdə tikilmiş 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbayel Rayon İcra Hakimiyyətinə tapşırılır.
Ötən həftə məlum oldu ki, ümumi sahəsi 306 kvadratmetr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadratmetr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadratmetri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
Ərazidə olan digər mənzillərin sakinləri isə bildirirlər ki, əgər dövlət onlara hər kvadrat üçün 700 manat ödəyəcəksə, bununla razılaşmayacaqlar.
“Yeni Müsavat”a Bayıldakı hazırkı vəziyyətlə bağlı danışan sakin Eldar Muradov bildirib ki, əhali çətin durumda gözləyir: “Biz ötən günlərdə etiraz aksiyası keçirdik ki, əgər 700 manat kompensasiya veriləcəksə, bu, bizə sərf etmir. Hələ ki, heç bir müvafiq qurumdan əraziyə gəlib bizimlə maraqlanmayıblar. İnsanların yenə də bir qismi kirayələrdə, bir qismi də Bayıldakı evində qalmaqda davam edir. Düşünürəm ki, bu vəziyyətdə dövlət vətəndaşın xeyrinə olan qərar verməlidir. Hazırda ərazidə kompensasiya ödənilən 6 evin sahibləri mənzillərini sökürlər. Yəqin ki, 2-3 günə tamamilə söküb bitirəcəklər. Digər evlərlə bağlı isə heç nə dəyişməyib. Sürüşmə ərazisində heç bir tərpəniş yoxdur. Günlərdir yağış yağır, nəmişlik olur, ancaq yenə də sürüşmə sahəsində təhlükə yoxdur. Sağ olsunlar ki, qış aylarında camaatı buradan köçürdülər. Ancaq indi sürüşmə sahəsinə aidiyyəti olmayan yerdə yaşayanlar nə üçün kirayədə qalmalıdır? Nə üçün bizim kommunal xətlərimiz bərpa olunmur? Yanvar ayında bizi didərgin salıblar. Evləri uçanların içərisində elələri vardı ki, kompensasiya xatirinə yüngülvari, dözümsüz, kiçik ev tikmişdilər. İndi həmin adamların hesabına bu qədər camaatı nə üçün küçəyə tökürlər?”
Sakin bildirib ki, kirayə pulunu almayıb, evində yaşayanlarla da kimsə maraqlanmır: “Əvvəl dedilər ki, buradan mütləq çıxmalısınız. Hətta qarşıdurma da yaranmışdı. Lakin hazırda kimsə gəlib evində qalanları məcbur etmir ki, burada yaşamaq təhlükəlidir. Heç, ümumiyyətlə, əraziyə gələn yoxdur. Deməli ki, onlar da başa düşürlər ki, artıq təhlükə sovuşub. Madam belədirsə, o zaman dövlətin pulunu xərcləyib insanları nə üçün kirayədə saxlayırlar? Deyiblər ki, hələ 11 ay camaat kirayədə qalacaq. Kirayə pulunu da elə məbləğdə veriblər ki, bu ətrafda ev tuta bilmirik. Məcbur qalıb camaat şəhərin digər başından ev tutub. Üstəlik, mən verilən pulun üzərinə 50 manat qoymuşam ki, kirayə mənzil tuta biləm. Bunun üstünə marşrutlara xərclədiyimiz pulu da gəlsək, xeyli maddi zərər olur. Burada ailəsində xəstə olanlar da var ki, onlar da çox əziyyət çəkirlər. Camaatın taleyi naminə buradan insanları çıxarıblar. Çox sağ olsunlar. Ancaq artıq torpaq yerində oturub. Heç bir təhlükə yoxdur. Bizi geri qaytarsınlar”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralovla əlaqə saxladıq. Ə. Qaralov “Yeni Müsavat”a bildirdi ki, Bayıl ərazisində sürüşmə zonasında vəziyyət sabit olaraq qalır. Heç bir aktivlik müşahidə olunmur.