BATAQLIQDA OLDUĞUNUZUN FƏRQİNDƏ DEYİLSİNİZMİ? – Jalə Mütəllimova məhkəmə qərarı ilə işdən qovulan məktəb direktoru haqda yazır…

Baxış sayı:
2053

Kəlbəcər rayonu 23 saylı məktəbin direktoru Həqiqət Şükürova haqda iki gün öncə yazı hazırlamışdım. Yazıda tutulan iradlar, şəxsi həyata yox, peşəkar fəaliyyətə idi. Yəni bir kadrın pedaqoji sima, müəllim, təlim-təbiyyə işinə yararsızlığından yazmışdım. Aldığım məlumatlara görə, “müəllimə” şəxsimi, hətta doğulduğum rayonda ailəmi araşdırmaqdadır.

Düzü, bir məhkəmə qərarına əsaslanıb yazılan yazıya bu qədər gülünc, mənasız təpki, hikkə, kin, trol hücumu təşkili, dostfasonlarını işə qoşmaq həmləsi gözləmirdim. Amma adam unudur ki, tərpəndikcə batır. Çıxa bilməyəcəyi bataqlığa düşüb və son çırpıntılarını edir. Bir “pedaqoqun” adının küllü miqdarda pul mənimsəməkdə, rüşvətə təhrikdə, dələduzluqda hallanması, əməllərinin prokurorluq, DİN, Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması, barəsində şəhəri və ölkəni tərk etməmək barədə qərarın mövcudluğu bataqlıqdan başqa nə ola bilər ki?!

Haşiyə çıxım ki, Binəqədi rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyevin sədrliyi ilə keçən məhkəmə prosesi zamanı vətəndaş Şükürova Həqiqət Əvəz qızı Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə müqəssir bilinir və tutduğu vəzifədən azad edilməsi haqda qərar qəbul edilir. Onun barəsində bəzi epizodların araşdırılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Araşdırma işi yekunlaşdırılana qədər H.Şükürovanın şəhərdən və ölkədən çıxışına qadağa qoyulur. Qeyd edək ki, məhkəmə iclası iyunun 7-i, 2021-ci ildə baş tutub.

Beləliklə, düşmədiyiniz çuxur, bulaşmadığınız çirkab qalmayıb, amma susmaq, əməllərinizdən əziyyət çəkənlərdən üzr diləmək kimi fikriniz belə yoxdur, Şükürova. Rişxənd kimi anlaşılmasın, “bir qadın nə qədər bulaşa bilər”, – deyə düşünməkdəyəm?!

Bu yazı ilə bathabatda olan “müəlliməyə” çox aydın təklifim var:

SUSUN! Çabalamayın, özünüzə xilas şansı verin, dinməz qalın, hətta bacarsanız əməllərinizdən tövbə edin. Çünki əks halda əldə etdiyim məlumatların detallarına varmağa məcbur qalacağam. Nəticələr sizə heç xoş olmayacaq. Üstəlik, işin içində bir sürü məmur, vəzifə sahibi var. Əmin olun, hamısı öz canını xilas etmək üçün hər şeyə bulaşmış sizi batırmaq yolunu seçəcək. Hiss edirsinizmi, bilmirəm, amma məhz o çevrədəsiniz, sizi havayı satacaqların arasında. Hər birini dərindən araşdırıb, haqqınızda danışıqlarının səs yazılarını dinləyib, bu qənaətə gəlmişəm. Hələ onu demirəm ki, əməllərinizlə bağlı şəxsimə çoxlu araşdırılacaq şikayətlər gəlib. Çoxunu heç tanımıram o şikayətçilərin.

Və çox maraqlıdır, bu qədər bulaşmaq sizi iyrəndirmirmi özünüzdən?! İstəmirəm əməllərinizi ad-ad, ünvan-ünvan yazım.  Ürəyim bulanır, hoqqabaz, guya sizə “sədaqətli” məmurcuq dostlarınızın siyahısından, səsli yazdıqlarından. Haqqınızda dediklərindən. Siz necə, heç bu duyğuları yaşamısınızmı özünüzlə bağlı? Özünüzə bircə dəfə kənardan baxa biləydiniz kaş…

Bir də əminəm, bu günəcən özünüzə tən media adamları ilə ünsiyyət və ya əməkdaşlıq sizdə bir təəssürat yaradıb, elə bilirsiniz hamı sizə bənzəyir, siz dediyinizi edir və ya edəcək. Bir söz deyim, qulağınızda sırğa olsun, elə deyil, əmin olun!  Odur ki, çox humanist təklifimi gec olmamış dəyərləndirin. Dəvəquşu susqunluğunu kənara qoyun. Yəni başınız yerdə, əlləriniz axtarışda olmasın. Əks halda, söz verirəm, sizi maraqlı sürprizlərə qonaq edəcəyəm. Yaxşı olardı, məndən çox, borc sahiblərinə ödəniləcək vəsaitlər haqda düşünəsiniz. Hələlik bu istiqamətdə addım atacaq biri kimi görünmürsünüz. Odur ki, “həbsə gedən yolu boylayırsınız” da deyə bilərəm. Düzü, çaşır qalır adam, görəsən, vay olsun məktəbəmi, sizə uşaq etibar edən valideynəmi, sizdən öyrənməyə bir şeyi olmayan şagirdəmi, vətəndaşını “yetişdirdiyiniz” ölkəyəmi?!

Düzü, hərdən düşünürəm, bəlkə Allah da yer üzünə sizlərdən dolayı lənət kimi müharibə, fəlatək, savaş göndərir. Ümidvar olur ki, viruslar təmizlənəcək. Mən də ona səslənirəm, elə bu yazıdan, yox Ulu Tanrım, yer üzü adam viruslardan təmizlənmir, yuyulmur, silinmir… Yorğunuq, üzgünük mübarizələrdən. Hər gün bir az da artırlar kişi formasında, qadın formasında, “müəllim” formasında, insan, adam cildində. Baxa-baxa qalırıq. Bu acı, çox acı hətta üfunətli h(H)əqiqətdir. Nə uda bilirik, nə tüpürə…

Jalə MÜTƏLLİMOVA

10.06.2021

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.