Başı bəlalı İstanbul Konvensiyası - Bizdə nələri həll edə bilər və niyə yubanır?

Baxış sayı:
682

Türkiyədə qadınların zorakılığına qarşı İstanbul Konvensiyası adlı sənəd qəbul edilib. Azərbaycanda da bu konvensiyanın zəruri olduğunu düşünənlər var. Elə bununla bağlı dünən bir qrup qadın aksiya keçirib. 
Bəs həqiqətən İstanbul Konvensiyası ölkəmizdə qəbul edilsə, bunun müsbət nəticələri olacaqmı? Bununla bağlı “Yeni sabah”a açıqlama verən hüquqşünas Ellada Bayramova bildirib ki, bu konvensiyanın ölkəmizdə qəbulu çox gözəl nəticələr verə bilər:
“İstanbul Konvensiyası qadına qarşı zorakılıqla bağlı hər şeyi inkar edir və mən fikirləşirəm ki, bizdə ona qoşulsaydıq, çox gözəl olardı. Artıq bizdə qadınlara qarşı zorakılıq çox böyük hala çevrilib. Biz artıq Türkiyə ilə bərabərləşmişik. Rusiyada vəziyyət isə daha betərdir. Əlbətdə ki, Rusiya da bu konvensiyaya qoşulmaq istəmir. Buna səbəb də bunu qəbul edən ölkənin artıq zorakılığı qəbul etməsi olmasıdır. 
Bizdə zorakılıqla və ayrıseçkiliklə mübarizə üzrə zəif hüquqi baza var. Bu da ki, BMT-nin qlobal gender bərabərsizliyi indeksinin statistik göstəriciləri ilə dolayı təsdiq edilir. Ölkələr üzrə göstəicilərdə isə Azərbaycan 80-ci yerdə qərarlaşır, amma mənim bu göstəricilərə çoxda inamım yoxdur. Bu göstərici özü də qənaətbəxş hesab olunmur. Bizdə qadınlar çox qorxurlar. “Döyülmüşəm, qolumu, burnum sındırıb, içəridən zədələr almışam, amma nə polisə getmişəm, nə atam, nə də atam bilir”, deyə mənim özümə dəfələrlə müraciət olunub. Bizim qadınlarında psixoloji problemləri var. Onlar elə düşünürlər ki, belə etdikdə ailə qorunur. Mən belə düşürəm ki, bu, “Stokholm sindromu”na gətirib çıxarır. Biz polisə getməyi ayıb bilirik, yaxşı qadının polisdə nə işi var və s. Polis strukturu mənim verdiyim vergidən maaş alır, polisin birbaşa borcudur ki, məni qorusun.  
Dünən qadınlar mitinqə çıxmışdılar. Bunun dövlət tərəfindən olan fəsadlarını sadalamaq istəmirəm. Biz mütləq bu konvensiyaya qoşulmalıyıq. Biz buna qoşulsaq, qadınların hüquqları tam fərqli formada özünü göstərəcək. Bu da kişilərə  nə dərəcə “sərf  edəcək”, bilmirəm. Bunun parlamentdə qəbul olunmasına o qədər də yüksək ehtimal vermirəm”. 
İstanbul Konvensiyasının Türkiyədə qəbul olunmasına baxmayaraq, Türkiyədə qadın cinayətləri ilə bağlı xəbərlər gündəmdən düşmür. Azərbaycanda bu konvensiyanın qəbul olunması ilə hansı müsbət nəticələri əldə edəcəyəmizə aydınlıq gətirən hüquqşünas qeyd edib ki, problem cəmiyyətimizdəki beyinlərdədir:
“Burda nisbət var, Türkiyənin əhalisi təxminən 80 milyondur, biz isə 10 milyonuq. Bizdə o özünü tamam fərqi şəkildə göstərəcək. Mən tez-tez Türkiyə Qanunvericiliyini, “Ana Yasa”nı mütaliyə edirəm. Orada qadını zorla qaynana ilə eyni evdə yaşamağa məcbur etmək belə cinayət hesab olunur. Bunlarda sübuta yetirildiyi halda öz bəhrəsini görür. Bizdə psixoloji cinayətlər o qədər yüksəkdir ki. Amma heç kim buna əhəmiyyət vermir. 
Boşanmaların 90 faizi kişi xəyanətinə görə baş verir. Qadın kişinin xəyanət etdiyini sübut edir və daha sonra evdə skandal başlayır. Bu skandalın ardıyca kişi qadını döyür. Bu səbəblə boşanan qadınların dəfələrlə açıq məhkəmələrində olmuşam. Məhkəmə zalında oturan kişilər  qadının kişi xəyanəti üstündə boşandığını eşidəndə deyirlər ki, hə burda nə var ki? Kişi gəzər də. Mən bir şeyi başa düşmürəm ki, şəriət qanunları ilə götürdükdə, bu əgər günahdırsa, həm kişi üçün, həm də qadın üçün günahdır. Şəriət qanunlarında qeyd  olunub ki, zina edən hər kəs eyni cəzalandırılmalıdır. 
Bir verlişə dəvət etmişdilər məni. Orda vəkil  Azər məmmədov qeyd edir ki, ailəli qadının xəyanət etməsi əxlaqsızlıqdır. Məndə sual verdim ki, necə olur ki, ailəli qadının gəzməyi əxlaqsızdır, amma ailəli kişinin gəzməsi əxlaqsızlıq deyil? Problem budur ki, bizim cəmiyyətdə “qadına olmaz, kişiyə olar” söhbəti var”.