Baş redaktorun həbsində siyasi çalar varmı? – DTX-nın AÇIQLAMASI BU SUALA CAVAB VERİR.../ VİDEO

Baxış sayı:
2191

Əslində, bu haqda çoxdan yazmaq fikrim vardı. Sadəcə, cəmiyyətdə daha ciddi problemlər olduğu üçün “reket jurnalistlər”dən yazmağı dəfələrlə təxirə salmışdım. Lakin bu gün DTX-nın “reketçilikdə” ittiham olunaraq həbs edilən realliq.info informasiya saytının baş redaktoru İkram Rəhimov haqda açıqlamsı bu yazının ərsəyə gəlməsinə stimul verdi...
Əsas mövzuya keçməzdən əvvəl qeyd edim ki, şəxsən bu sətirlərin müəllifi üçün rüşvətxor, korrupsioner, cinayətkar məmurla “reket jurnalist” arasında heç bir fərq yoxdur. Çünki birincilər dövlətin, xalqın malını talayırsa, ikincilər öz maraqlarının təmin olunması qarşılığında onların qanunsuz əməllərini ört-basdır edir, ən azı görməzliyə vurursa, deməli, həmin məmurların cinayətlərinə şərik olur.  
Amma onu da qeyd etməliyik ki, Azərbaycan cəmiyyətində “reket jurnalistlər”ə baxışda da böyük ədalətsizlik mövcuddur. Məsələn, hansısa televiziya rəhbərinin bir məmurun böyük cinayətini gizlətməyin qarşılığında ondan on minlərlə, hətta yüz minlərlə manat alması, yaxud hansısa nüfuzlu qəzet rəhbərinin “mən 50 min manatdan aşağı rüşvət qəbul etmirəm” deyə öyünməsi reketçilik hesab olunmadığı halda, cəmi 100-200 nəfər oxucusu olan bir saytın aşağı vəzifəli bir məmurdan 50-100 manat alması “reketçilik” kimi qələmə verilir. Halbuku, dəyərli oxucular da təsdiq edər ki, ən böyük “reket” məhz birincilərdir. Zənnimizcə, bu gün Azərbaycan jurnalistikasının problemi də məhz burdan qaynaqlanır, “böyük balıqlar”ın yırtıcı əməllərinə göz yumulur, toplum olaraq hamımız əslində “reket” adı yanlış qoyulan, sözün əsl mənasında dilənçiliklə məşğul olan bu “jurnalist” tayfasının üzərinə hücuma keçmişik.
Şübhəsiz, son vaxtlar jurnalistikanın “məzlum” təbəqəsinin nümayəndələrinə qarşı həyata keçirilən əməliyyatlar, onların qanun çərçivəsində həbs olunması tamamilə normaldır və alqışa layiqdir. Amma, bütün bunlarla yanaşı, haqqında söhbət açdığımız “böyük balıqlar”ın da öz qanunsuz əməlləri qarşısında cavab verməsi mütləqdir. Biz cəmiyyət olaraq daha böyük cinayətkarların əməllərinə göz yumub, xırda dələduzluq faktları ilə məşğul olanları bir ucdan həbsə atmaqla ölkədə ədaləti bərqərar edə biləmərik.
Doğrudur, bu gün hansısa televiziya rəhbərini və ya nüfuzlu media “kapitanı”nı sorğu-suala tutmaq heç bir dövlət qurumunun maraq dairəsində deyil. Çünki onların arxası hansısa yüksək çinli məmura dayanır. Bu səbəbdən kimsə özünə əlavə problem axtarmaq istəmir. Xüsusən də sorğu-sual edən məmurun özü də şəffaf işləmirsə, o, ümumiyyətlə bu məsələyə maraq göstərmir.
Şübhəsiz, bu xüsusıyyət təkcə dövlət məmurlarına aid deyil, o cümlədən zaman-zaman tənqidçi jurnalistlər barəsində “ölçü götürən”, onları müxətlif “qara siyahı”lara salan, bu və ya digər yollarla basqı altında saxlayan media qurumları da “böyük balıqlar”la üz-üzə gəlməyi özü üçün məqbul hesab etmir...
Mövzumuzu konkret bir fakta – DTX-nın bu günkü açıqlamasına istinad etməklə davam etdirək. Realliq.info informasiya saytının baş redaktoru İkram Rəhimovun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı DTX-nin İctimai əlaqələr şöbəsi bildirir: “İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb”.
Üstəlik, DTX İkram Rəhimovun ayrı-ayrı vəzifəli şəxslərlə telefon danışıqlarını da yayıb. Həmin danışıqlarda o, qarşı tərəflə açıq-aşkar bazarlığa gedir və müxtəlif şantaj xarakterli informasiyaların saytda dərc olunmaması qarşılığında 100, 200, 500 manat məbləğində pul tələb edir və qısa bazarlıq etməklə anlaşma əldə edir. Bir sözlə, qeyd olunan faktlar İ.Rəhimovun peşəkar jurnalist fəaliyyəti ilə məşğul olmadığını və məhz “reketçilik” səbəbindən həbsə atıldığını ortaya qoyur.
Əlbəttə, biz heç bir Azərbaycan vətəndaşının, xüsusən də jurnalist adı altında fəaliyyət göstərən şəxslərin həbsdə olmasını arzulamırıq. O cümlədən, İkram Rəhimovun da tezliklə islah olunaraq, azadlığa qovuşmasını istərdik. Amma vəzifəsindən və cəmiyyətdə tutuduğu mövqedən asılı olmalayaraq, hər kəsin öz əməllərinə görə qanun qarşısında cavab verməli olduğunu nəzərə alsaq, xüsusən də DTX-nın məlum açıqlamasından sonra İ.Rəhimovun həbsində siyasi çalar axtarılmasını da yanlış hesab edirik.
Doğrudur, realliq.info saytının baş redaktoru prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə, həbs olunduğunu bəyan edib. Amma İ.Rəhimov həbs olunan gündən Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi onun başqalarından pul tələb etməkdə günahlandırıldığını açıqlamışdı. Bu gün ortada olan faktlar, yəni DTX-nın yaydığı səs yazısı isə baş redaktorun həbs olunmasının konkret səbəblərini ortaya qoyur...
Muxalifet.az