BAŞ REDAKTORLAR "TURAN"A BASQILARDAN DANIŞDI

Rauf Arifoğlu: “O agentliyə qarşı həyata keçirilən akt bütün Azərbaycan hökumətinin azadlığına qarşıdır”
Akif Aşırlı: “Məsələnin mahiyyətini bilmirəm”

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələrinin “Turan” İnformasiya Agentliyində axtarışını və nazirliyin agentliyi 37 min manat cəriməni indiyə qədər ödəməməkdə ittiham etməsini partiya sədrləri, bəzi ziyalılar sifarişli hesab edirlər. Hətta bəziləri hesab edir ki, bu fakt doğru olsa belə, niyə indiyə qədər Vergilər Nazirliyi yoxlama aparmayıb?
Maraqlıdır, media qurumlarının rəhbərlərinin bu məsələdə həmrəyliyi nə dərəcədədir? Bu və digər suallara baş redaktorların mövqeyini öyrənməyə çalışdıq.

“Turan” Agentliyinin nəyi var ki, onu yoxlasınlar?!”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Hürriyyət”ə bildirib ki, “Turan” İnformasiya Agentliyi və onun rəhbəri Mehman Əliyevi tanıyır, dəstəkləyir: “Hesab edirəm ki,  o agentliyə qarşı həyata keçirilən akt bütün Azərbaycan hökumətinin azadlığına qarşıdır və bu hərəkəti də pisləyirəm. Yəni “Turan” Agentliyinin  nəyi var ki, nəyi ola bilər ki, onu yoxlasınlar, üstəlik də 37 min manat cərimə kəssinlər?!”.

“Vergidən yayınma halı varsa, bunu normal qəbul etmək lazımdır”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə bildirdi ki, ümumiyyətlə, hər bir şirkət, istər bu media sektoruna aid olsun, istər digər sahələrə aid olsun, vergi qaydalarına uğun şəkildə vergi ödəyicisidirlər: “Məsələnin mahiyyətini mən bilmirəm. Yəni vergidən yayınma halı varsa və nazirlik bununla bağlı cinayət işi açıbsa, bunu normal qəbul etmək lazımdır. Burada başqa məqamlar varsa, onu deyə bilmərəm”.

“Hər bir media strukturu digər media stukturuna peşə həmrəyliyi baxımından dəstək göstərməlidir”

A.Aşırlı onu da vurğuladı ki, hər bir media strukturu digər media stukturuna peşə həmrəyliyi baxımından dəstək göstərməlidir: “İndi hansı şəkildə dəstəkdən söhbət gedir? Ümumi vergi qanunvercilyinə əməl olunmayıbsa, nazirlik bunun haqqında hansısa bir cinayət işi açıbsa, mən bilmirəm, dəstək nə formada ola bilər?”
Onu da qeyd edək ki, mövzu ilə bağlı müraciət etdiyimiz “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev sualımızdan yayındılar. Belə ki, R.Məcid xaricdə olduğundan danışa bilməyəcəyini, A.Quliyev isə gün ərzində dəfələrlə zəng etməmizə rəğmən, gah avtomobil idarə etdiyini, gah da vaxtının olmadığını bildirdi...