BAŞ REDAKTOR ZAKİR QARALOVA MÜRACİƏT ETDİ

Baxış sayı: 129

“Hürriyyət” qəzeti və Hurriyyet.org saytının Baş redaktoru Vüqar Məmmədov Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət edib.
Müraciətdə deyilir:
Cənab Baş prokuror!
Sizə də bəlli olduğu kimi, 25 may 2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “Hürriyyət” qəzetinə və Hurriyyet.org saytına xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıqda qeyd olunur: “Baş Prokurorluqda aparılmış araşdırmalarla “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulmaqla Azərbaycanın təhlükəsizliyinə ziyan vura biləcək informasiyaların ictimailəşdirildiyi məlum olub”.
Hörmətli Zakir Qaralov!
Məlumunuz olsun ki, 25 may tarixində Baş Prokurorluğun dəvəti ilə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun kabinetində onunla 1 saatlıq görüşüm olub. Həmin görüş zamanı R.Usubov “Hürriyyət” qəzetinin və Hurriyyet.org saytının dövlət sirrinin qorunması istiqamətində göstərdiyi prinsipial fəaliyyətə görə şəxsən mənə təşəkkür edib. Əlavə olaraq bir neçə yazı ilə bağlı gileyini çatdırdıqda isə, irad tutulan yazıların bizə aid olmadığını, Musavat.com və Qafqazinfo.az saytlarına istinad edildiyini qarşı tərəfə bildirmişəm. Eyni zamanda, hörmətli Rüstəm Usubovun diqqətinə onu da çatdırmışam ki, Baş Prokurorluğun bizə aid olmayan yazılarla bağlı “Hürriyyət”ə xəbərdarlıq etməsi əməkdaşlarımızı cənab Prezident tərəfindən jurnalistlərə veriləcək mənzillərdən birinə sahib olmaq şansından məhrum edir. Odur ki, Baş Prokurorun birinci müavinindən heç bir hüquq pozuntusuna yol vermədiyimiz halda “Hürriyyət”ə xəbərdarlıq edilməməsini xahiş etmişəm. Həmin vaxt R.Usubov xahişimi yerinə yetirəcəyinə söz verdi, bu mümkün olmadıqda isə, “Hürriyyət”in problemi ilə bağlı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun rəhbəri Vüqar Səfərliyə şəxsən müraciət edəcəyini bildirdi.
Cənab Qaralov!
Təəssüf ki, mən Baş Prokurorluğun binasını tərk etmədən, artıq “Hürriyyət”ə xəbərdarlıq verildiyi haqda bir neçə saytda informasiya yer almışdı. Odur ki, redaksiyaya çatan kimi Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanova zəng açaraq, Rüstəm Usubovun mənə söz verdiyini xatırlatdım. Eldar Sultanov isə bu xəbərdarlığın mətbuata ötürülməsinə şəxsən Sizin göstəriş verdiyinizi bildirdi.
Hörmətli Zakir müəllim!
Diqqətinizə çatdırım ki, “Hürriyyət” qəzeti hər zaman dövlət maraqlarının qorunması istiqamətində fəaliyyət göstərən bir mətbu orqan olub. Biz uzun illərdir bu yolda prinsipial mücadiləmizi davam etdiririk. Bu baxımdan “Hürriyyət”in Baş redaktorunu Baş Prokurorluğa dəvət edib, dövlət sirrinin qorunması istiqamətində göstərdiyimiz fəaliyyətə görə təşəkkür edib, bunun ardınca isə bizə aid olmayan, yuxarıda adını çəkdiyim saytlara istinad olunan və hələ də həmin saytlardan silinməyən yazılarla bağlı qəzetimizə xəbərdarlıq edilməsi, dolayısı ilə “Hürriyyət”in “qara siyashı”ya salınması bütün əməkdaşlarımızı məyus etmişdir. Həm də ona görə ki, kollektivimizin içərisində illərdir kirayələrdə yaşayan, ev alacağı günü səbrsizlikə gözləyən peşəkar jurnalistlərimiz var. Lakin, çox təəssüf ki, Baş Prokurorluğun məlum qərarı əməkdaşlarımızın dövlətə olan inamına sarsıdıcı bir zərbə oldu.
Bu baxımdan Sizdən xahiş edirik ki, Baş Prokurorluq tərəfindən “Hürriyyət”ə verilən xəbərdarlıqla bağlı ən qısa zamanda obyektiv araşdırma aparılıb, daha ədalətli qərar çıxarılmasına göstəriş verəsiniz. Bu halda “Hürriyyət” olaraq Sizə minnətdar olardıq!”