​Baş redaktor ifadə verməkdən imtina etdi – REKET JURNALİSTLƏRİN İŞİ

Baxış sayı:
6316

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən Surxay Əliyevə ifadə vermək təklif edilib.
O, qısa ifadəsində özünü təqsirli bilmədiyini, istintaqda üzləşdirildiyi zərərçəkmişlərin onu tanımadığını deyib. Daha sonra ifadə vermək istəmədiyini və sualları cavablandırmaqdan imtina etdiyini söyləyib.
Digər təqsirləndirilən Hikmət Nəcəfli isə özünü qismən təqsirli bilib və məhkəmədən ədalətli qərar gözlədiyini deyib.
İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.
Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.
İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir./Teleqraf.com